Müstəqil.Az hazırda qürbətdə yaşayıb yaradan görkəmli şair Saday Şəkərlinin yeni şeirlərini təqdim edir
QONAĞIM OL
Titrək dodağında təbəssüm gətir,
Çıx bulud dalından, gül, qonağım ol.
Sular bulanıqdır yaz aylarında,
Yusun yanağını sel, qonağım ol.
.
Sənə yaraşar bu yaşında sevda,
Kipriyində sevda, qaşında sevda,
Gəl, vurulmuş kimi – başında sevda,
Əlində bir dəstə gül, qonağım ol.
.
Bu eşq atəşində təzədən qızın,
Yağlı çörək kimi gülləsin üzün,
Yandıq, necə yandıq,
od-közümüzün,
Qoy örtsün üstünü kül, qonağım ol.
.
Hələ də bu dünya sirli-soraqlı,
Gözəlin başından çıxmasın ağlı,
Qolların açıqdır, yolların bağlı,
Yıxıl sinəm üstə öl, qonağım ol.
.
Əllərin alnıma qonsun qar kimi,
Qışda dərmanım ol mələs nar kimi,
Üz sular üzündə sonalar kimi,
Hər gözüm səninçün göl, qonağım ol.
.
Vəfasız sevgilin, soyuq ərmişəm,
Bağından meyvələr, güllər dərmişəm,
Qərib divanəyəm,
qoca dərvişəm,
Düşsə burdan yolun, gəl, qonağım ol.
BİLDİNMİ
Bir də yer ömrümə qayıdacaqmı,
Quş kimi göylərdə uçan günlərim?
Yoxsa, ilahidən yanar ocaqmı,
Hər qız yanağında açan güllərim?
.
Səmada yazılır bəxti quşların,
Yuvası uçulmuş öylər kimiyəm.
Qəfil qanadından vurulmuşların,
Əlindən alınmış göylər kimiyəm.
.
Bildinmi bu dünya bir xatiratdır,
Bu dünya başıma dardı, bildinmi?
Dərdim neçə laydır və neçə qatdır,
Var bu nağılların ardı, bildinmi?…
PEŞMANLIQ
Deyirdim bu ağac yarpaqlayacaq,
Deyirdim çeşmələr gur axacaq, gur!
Deyirdim sevgilər cəmi bir qucaq,
Deyirdim insanlar bir ovuc sudur.
.
Mənə inanmadın, sən fikrə daldın,
Bəlkə də qırmızı qanın qaraldı,
Bəlkə də sən özün köhnə xəyaldın,
Bəlkə bu söhbətdən rəngin saraldı.
.
Ömrümüz borc imiş, ötdü vaxtımız,
Dərimiz min dəfə geyilmiş, oğul,
Ďeyirdim açılar bir gün baxtımız,
Bu dünya mən deyən deyilmiş, oğul.
.
Deyirdim gələcək bizimdir, bizim,
Sən demə mən soysuz bir qatırmışam.
Bağışla, bağışla məni əzizim,
Həm də mən özümü aldadırmışam.
HEYİF
Özünə bənzəmir heyif ki heç kim,
Baxırsan, üzündə min üz görünür.
Bir zaman çağlayıb, vuranda eşqin,
Gölməçə gözünə dəniz görünür.
.
Hiylələr soxuldu saf ömrümüzə,
Hamı səcdə qıldı talançılara,
Hamı şübhə qılar mənimtək düzə,
İnanar sənintək yalançılara.
.
Nə qeyrət bilirsən, nə namus, nə ar,
Yox əhdin bir kişi fitrəti kimi,
Elə bixəbərsən, eh, sənə nə var,
Satarsan vətəni it əti kimi.
.
Lənət torpağına, daşına sənin,
Heyif, qanımızı içib doyursan.
Yaylıq yaraşardı başına sənin,
Heyif ki, başına papaq qoyursan.
HARAY
Qoy dara çəkilsin qara buludlar,
Qoy yağıb qurtarsın, tapşırsın canı,
Günəşə qərq olsun obalar, yurdlar,
Gülüşlər bürüsün Azərbaycanı.
.
Qoy geri qayıtsın halal haqqımız,
Hər qarış torpağım güllər bitirsin,
Bir gün gəlməliydi gülən vaxtımız,
Qoy tanrı arzuya, kama yetirsin.
.
Od yağsın gözündən, ərit daşları,
Kəm olmaz sədaqət, ağıl gözəldən,
Bu yurdun bənzərsiz zinət qaşları,
Versən sənin deyil fürsəti əldən.
.
Qalx, vuruş, əyilmə, başını qaldır,
Əzilmiş bu yurda dayaq ol, ayıl,
Bizim nicatımız bir istiqlaldır,
Biz həm Nadir şahıq, həm şah İsmayıl.
.
Küt bir qılınc kimi çəkilmə qına,
Ağlayıb sızlayır anan yurd kimi.
Qovuşmaq İstərsən azadlığına,
Hayqır ildırımtək, ula qurd kimi.
QONAQ
Gəlmisən, xoş baxır üzünə dünya,
Neyləsin, səbirli ev yiyəsidir.
Niyə pis görünür gözünə dünya,
Onu sevindirən körpə səsidir.
.
Gəz, dolan, sənindir bu dərə, bu dağ,
Doyunca köksünə havasından çək.
Ağlın sarvan olsun, gözlərin çıraq,
Sevincin qar olsun, dərdlərin əlcək.
.
Çiçəkli düzləri qədim xalça san,
Dənizlər, ormanlar necə gözəldi.
Bir də görəcəksən qərib yolçusan,
Gəldi dost itirən vaxtımız, gəldi.
.
İstərsən qışı yaz, yazı qış eylə,
Quş olsan, qonmağa budaq saxlamır.
Gəlmisən, dur tərpən, yır-yığış eylə,
Bilirdin, bu dünya qonaq saxlamır.
ÖLÇÜ
Nə tutumda, nə boydayam,
Nələr mənim ölçüm olur?
Dağ görkəmində buludlar,
Şeirdə bir əlçim olur.
.
Düz kimi sırınır yalan,
Dil nə deyirsə, tərgitmir,
Nə söz çəkiləri bilir,
Nə səs ayırır tərkibi.
.
Çəkilməz dərdlər qapanda,
Qəmlər ölçülməz qarışla,
Cin deyir, çəkil özünə,
Bu günahlara qarışma.
.
Kimə gərək bu saf ürək,
Kimə gərək bu boy-buxun?
Yaradana yetməz duan,
Çin çıxmaya bilər yuxun.
.
Düşər yerin alt qatına,
Qalmaz belimdə yüklərim.
Kiçilməz tanrı gözündə,
Şeirdə böyütdüklərim.











.jpg)









