Saday ŞƏKƏRLİ: Qaldı qar altında quş yuvaları, Buz kimi yataqda üşüdür canım,

Saday ŞƏKƏRLİ: Qaldı qar altında quş yuvaları, Buz kimi yataqda üşüdür canım,
MƏNİM
İçimdəki ağrılar,
Nə belə laldır mənim?
Əgər çatırsa gücün,
Dərdimi qaldır mənim.
.
Ha alışım, ha yanım,
Ya min rəngə boyanım,
Bu dünyada həyanım,
Şirin xəyaldır mənim.
.
Öz qəzəbində zalım,
Bir bədheybət misalım,
Arıyam, istehsalım,
Ən şirin baldır mənim.
.
Ömür açılmaz düyün,
Bu dərd, bu bəla, bu ün,
Ürəyimdə günbəgün,
Böyüyən xaldır mənim.
.
Bəxt deyilən tələdə,
Ya bük, ya dur bələ də,
Yetişməyib hələ də,
Dərdlərim kaldır mənim.
.
Yağış ver yananlara,
Su məlhəmdir canlara,
Şeirimi qananlara,
Sözüm halaldır mənim.

Yağılar üstümə qoşunla gəldi

Yağılar üstümə qoşunla gəldi,
Günəştək nur saçdım düşmən üzünə,
İlahi, tək olmaq necə gözəldi,
Bircə şir bəs eylər it sürüsünə.
.
Hürənlər ruhumu çəkərmi dara,
Oylağı bürüyər aslan nərəsi,
Mənim dayandığım ucalıqlara,
Nə batar dişləri, nə çatar səsi.
.
Bu dünyanın sularını lillədən,
Nə haqdan dərs alır, nə keçir ardan,
Qorumuşam kürəyimi güllədən,
Sinəmi medaldan, mükafatlardan.
.
Eh, nədən adlayıb, nələr görmüşəm,
Hər kəs hüzurumda cismən adamdır,
Mən itə yal verib, sümük vermişəm,
Sonra deməsinlər itoynadandır…
ÜMİD İŞIĞI
Qaldı qar altında quş yuvaları,
Buz kimi yataqda üşüdür canım,
Gör necə gizlədib qış, yuvaları,
Gör necə zülmətdir mənim dörd yanım.
.
Yellərə qoşulmuş bir quru ahdım,
İsti nəfəsim də adi buxardır.
Bir sarı yarpağı qaldırıb baxdım,
Gördüm xatirələr bala çıxardır.
.
Budaqlar ayrılıb sarmaşığından,
Örtüb göyüzünü bulud bir əlçim.
Gecə də gizlənib ay işığından,
Ümid işığıdır indi bələdçim.
.
Eh, mən də bu gecə qış kimi sərtdim,
Keçdim qarmağına şirin dillərin.
Mən öz ürəyimdən dibçək düzəltdim,
Ki, uyum ətrindən açan güllərin…
Bir göl və okean şəkili ola bilər
HEYİF
Özümü nehrətək çalxaladım,
Özümü pay verdim başqalarına,
Özümə bir şey saxlamadım.
Payladım gözlərimin işığını,
Ürəyimin odunu, atəşini,
Öldüm və yerdə qaldı,
Qaldırıb basdıran olmadı iylənmiş nəşimi.
Ayaqlarımı xərclədim,
Barmaqlarım ötüb keçdi əlimdəki qələmi,
Xıxdım dəvə kimi dərdin altında,
Aşıran tapılmadı belimdəki şələmi.
Tıncıxmışam, kəsilibdir haqdan gələn nəfəsim,
Daha mənimki deyil çaqqal ulartısına bənzəyən səsim,
Azadlıq istəyirdim, heyif,
Daha heç nəyə qalmayıb həvəsim.
Ağzımda dişlərim qurtardı,
Bu dünyayla işlərim qurtardı.
Daha canım da bardaq kimi dolub,
Dərdi qəbul eləmir.
Özümə bir şey qalmadı, xərclədim,
Heyif, çox heyif dünya belədir.
Gücüm çatmır özümü gizlətməyə…
YARANIŞ
Bəlli deyil əvvəlimiz, sonumuz,
Bəlkə yoluq, ləpir, izdən yarandıq?
Bəlkə bizim vücudumuz duzdu, duz,
Ya palçıqdan, ya dənizdən yarandıq.
.
Eh, nə olsun şəcərəmiz qədimdir,
Bu gün varsan, bu mənim xidmətimdir,
Quru torpaq şorandı, ya xədimdir,
Bəlkə yahu, quru sözdən yarandıq?
.
Heç almasın kimsə məni hədəfə,
Canımdadır yerləşməyən bu səfə,
Baxar gözdən vurulmuşuq min dəfə,
Gecə gündüz görən gözdən yarandıq.
.
Kəfənimiz ləkəsiz ağdan bizim,
Uca – uca boyumuz dağdan bizim,
Xəmirimiz yoğruldu haqdan bizim,
Düz yaşadıq, çünki düzdən yarandıq.

Share: