Saday ŞƏKƏRLİ: Ömrü yaşamadım hədər, bir şey bəlli, gələn gedər, nədir yazı, nədir qədər, qismət nədir, mən bilirəm

Saday ŞƏKƏRLİ: Ömrü yaşamadım hədər, bir şey bəlli, gələn gedər, nədir yazı, nədir qədər, qismət nədir, mən bilirəm
MƏN BİLİRƏM…
Danışıq nə, söhbət nədir,
qeybət nədir, mən bilirəm,
fərq nə boyda, rüşvət nədir,
hörmət nədir, mən bilirəm.
Tale qaxan olmasam da,
bəxtə baxan olmasam da,
şah olub, xan olmasam da,
xəlvət nədir, mən bilirəm.
Ömrü yaşamadım hədər,
bir şey bəlli, gələn gedər,
nədir yazı, nədir qədər,
qismət nədir, mən bilirəm.
Can can ilə döyüşdədir,
qanmasa da döyüş nədir,
təhqir nədir, söyüş nədir,
töhmət nədir, mən bilirəm.
Dünya səbir boyda qəbir,
o baş, bu baş xərabədir,
nədir həya, nədir abır,
ismət nədir, mən bilirəm.
Ən saf, ən təmiz əyindir,
hər gün təp-təzə geyindir,
dövlət sənin bildiyindir,
sərvət nədir, mən bilirəm.
İçim nədir, çölüm nədir,
həyat nədir, ölüm nədir,
əzab nədir, zülüm nədir,
zillət nədir, mən bilirəm.
Ömrü uzatmaz ki həkim,
xaliqə salavat çəkim,
yaradılan, yaradan kim,
xilqət nədir, mən bilirəm.
Cəhənnəm, cənnət ayrıdır,
sevgi, məhəbbət ayrıdır,
gizlin ibadət ayrıdır,
şöhrət nədir, mən bilirəm.
Halal çörəklə duz nədir,
vəhşi nədir, quduz nədir,
vicdan, əxlaq, namus nədir,
qeyrət nədir, mən bilirəm.
Bir tərəf köz, bir yanım qor,
əzablardan qurulub tor,
ağrı nədir, tanrıdan sor,
illət nədir, mən bilirəm.
Heç bilirsənmi haqq nədir,
gördüyün qara, ağ nədir?
Qəbilə, icma, xalq nədir,
millət nədir, mən bilirəm.
Ömür tozca, külsə, bilməz,
məscid bilməz, kilsə bilməz,
nə çəkdimsə, kimsə bilməz,
qürbət nədir, mən bilirəm.
2021,Brüssel.

BACARIQ
Atan çıxan ağacı sən budaq-budaq gəzdin,
eh, yaltaq olmasaydın,
heç ucala bilməzdin.
Əyilməyə, sınmağa necə ürəyin gəlir?
İşıq gələn bacadan sənin çörəyin gəlir!
Damarında dövr edər qara və kirli bir qan,
suyla yuyulmaz ikən təmizlənərmi vicdan?
Peşən alçalmaqdırsa, sürünməkdir sənətin,
gör nə qədər suçu var bu yazıq səltənətin?
Hürməyi yal əsiri atandan öyrənmisən,
bu yurdu bir sümüyə satandan öyrənmisən.
Çənəndə izi qalmış qaymağın da, yağın da,
bir başqa şakər imiş quyruq bulamağın da.
Nəsildən nəslə keçir – bunun kökü dərində,
bu irsi mənimsəmiş hətta nəvələrin də…
Bəli, halal tabaqdan qaçıb bərəkətimiz,
bax, sənə bənzərləri “sevir” məmləkətimiz…
Brüssel.
DƏRDİN ŞƏKLİ…
Ah, Gviyenalı dostum qara Mamadu,
ey, dağa bənzəyən sıldırım qaya,
yaman dərddir,
vətən ola, vətən adlı çuxan olmaya,
palaz deyil, kilim deyil vətən torpağı,
neyləyəsən, kirli-kirli ayaqlarla
üstünə çıxan olmaya,
uçub getdik quş kimi,
yuvalar boşdur, boşdur,
yuvaları yırğalayan budaqlar
deyəsən məstdir, sərxoşdur,
kimsəsiz qapıları yağış döydü, qar döydü,
nisgil, həsrət, ayrılıq, bir də intizar döydü,
yuvaları örtməyə yox ki bir quş qanadı,
ya çətirtək açılmış, ya qırılmış qanadı,
necə üşüyür vətən, necə tövşüyür vətən,
Uçub getdik uzaqlara,
güllər ətir saçmaqdan,
arılar sancmaqdan utandı,
süfrələr bəzənmədi, səs salmadı qədəhlər,
vətənin baş ucunda bardaş qurdu əbləhlər,
ömrünü uzatmadıq rəngli kəpənəklərin,
otları biçilmədi kövrək biçənəklərin,
şirəsini içinə çəkdi bal kimi əncir,
heyvalar gözlərimin kökü kimi
saraldı öz budağında,
millətin qollarında parıldamaqda zəncir…
2021, Brüssel.

Share: