VƏTƏN TORPAĞI…
Bağ becərdi qürbət məndə, gül əkdi,
kotan salıb şumladı xam torpağı,
yağdırmadı yağışları,
döydü yel,
suyu gözlərində adam torpağı.
.
Şeh düzüldü qələminin ucunda,
nə umsunlar öz dərdinə güləndən,
qərib-qərib dolaşdıqca elləri,
qaçdı hamı həsrət ətri gələndən.
.
Muncuq boyda göz yaşıdı meynələr,
qəm yetişdi, yeyən oldu, olmadı,
yarpaq-yarpaq saralmışa, solmuşa,
anan ölsün deyən oldu, olmadı?
.
Ocaqdır…
Közərir, yaxına gəlmə,
başında tüstüsü, köksündə dağı,
çat vermiş ürəkdir, yaralı, susuz,
qürbətdə bir ovuc “vətən torpağı”…
QƏDƏR
Dərd boğazdan yuxarı,
Bataqlıq dizə qədər,
Ömrün pilləkənləri,
Qırılır yüzə qədər.
.
Cəmdə təkdi ağaclar,
Nə kövrəkdi ağaclar,
Nələr çəkdi ağaclar,
Budaqdan közə qədər.
.
Gah at, gah da qatırdıq,
Gah durub, gah yatırdıq,
Yüz arşını batırdıq,
Beş arşın bezə qədər.
.
Yollar nədən dar imiş,
Keçən ələmdar imiş,
Adamlıq da var imiş,
Adamdan bizə qədər.
.
Əsrin köksünü dəldik,
Kor göz kimi bərəldik,
Uzun-uzun yol gəldik,
Nəfəsdən sözə qədər…
ƏLİNDƏN
Fil qulağı qaçqınların məskəni,
Yer qalmayıb yatanların əlindən.
Qoca dəniz uzaqlara çəkilir,
Dayaz yerdə batanların əlindən.
.
Hara qaçaq?
Bu kəslərin dərdi nə?
Cəmiyyəti, covğası nə, fərdi nə,
Bu ölkənin, bu millətin dərdinə,
Öz dərdini qatanların əlindən?
.
Sel demişik dəli suya, kür suya,
Söz söyləməz bir yuxusuz kar suya,
Can atıban vəzifəyə, kürsüyə,
Arzusuna çatanların əlindən.
.
Düz danışan dillərimiz bulandı,
Əyriləndi, əllərimiz bulandı,
Çaylarımız, göllərimiz bulandı,
Bu qaşqaldaq, qutanların əlindən.
.
Üzümüzdə üzlər varmış, ölmədik,
Çörək böldük, dərdi, qəmi bölmədik,
Gün çıxanda başa çıxa bilmədik,
Kölgədə baş tutanların əlindən.
.
Bir əfsanə sümüyümüz, ətimiz,
Yox arada bir qədər hörmətimiz,
Dost-doğmaya qılıncdı nifrətimiz,
Ona, buna atanların əlindən.
.
Bu bir bazar…
Kim yandırır, kim yaxır?
Ucdantutma nə var bazara axır,
Namusun, qeyrətin qiyməti qalxır,
Bu ölkəni satanların əlindən.
TAMAH
KGB kökəltmə məntəqəsiydi,
şair bəsləyirdi öküz yerinə,
susub sülənməyi onun bəsiydi,
gül-çiçək səpirdi qədəmlərinə.
.
Hər görüş, hər məclis hüzurundaydı,
xalq onu əl çalıb başa çəkirdi,
qəssab düşünürdü: nə gözəl paydı,
gizlincə bıçağı daşa çəkirdi.
.
Özündən qabağa keçib qarın da,
gəlir yalvarışlar boğuq səsindən,
daha yüngül gəlir el bazarında,
sözünün çəkisi öz çəkisindən.
.
Ağılsız başa da qan vurur ürək,
azdırır şan-çöhrət, nəfs insanı,
xalqa nə söz gərək, nə şeir gərək,
keyf edər verilsə sözün ehsanı.
.
KGB qəsd edib, qurdu tuzaqlar,
şairlər sulandı azan səsinə,
hələ də can atır ac yalquzaqlar,
ehramın kökəltmə məntəqəsinə…
2023, Brüssel.
















