Siruz Abbasbəyli- 80
Gəlin əvvəlcə sizə numerologiya sistemində 80 rəqəminin mistik mənası barədə məlumat verim, sonra bu söhbətimin qəhrəmanı haqqında danışmağa başlaram. 80 rəqəmi güclü liderlik bacarıqlarını, maddi bolluğu, təşkilatçılığı və biznes sahəsində böyük nailiyyətlər əldə etmək potensialını simvolizə edir və həyatda balans və nizam yaratmağın rəmzidir…
Bir vaxtlar onun adına mətbuatda tez-tez rast gəlmək olardı. “Sehirli güzgüdə” müxtəlif müğənnilərin ifasında, onun bəstələdiyi mahnıları dinləməkdən zövq alardıq. O, həm istedadlı və həm də bacarıqlı bir adam kimi tanınırdı. Zarafat deyil, bu adam sadə montyorluqdan nazir postuna qədər yüksələ bilib. Əlbəttə ki, bunun arxasında böyük zəhmət, tükənməz enerji və əzmkarlıq dururdu. Bəli, bu gün sizə ötən əsrin 90-cı illərində rabitə naziri vəzifəsində çalışan Siruz Abbasbəylidən söhbət açmaq istəyirəm. Axı, yanvarın 30-u onun 80 yaşı tamam olur…
Müsahibələrinin birində deyir ki: “Uşaqlığım Tehran ve Təbriz şəhərlərində keçib. Yadımda çox şey qalmayıb. Atam Hüseyn səfirlikdə işlədiyi üçün bizim ailə qapalı həyat tərzi keçirib. O illər Böyük Vətən Müharibəsindən sonrakı dövr olduğu üçün səfirliyin işçilərinə şəhərə çıxmağa o qədər də icazə verilmirdi. 6 yaşım olanda mədrəsəyə getmişəm. Az bir müddətdə müəllimlərin sevimlisi olmuşam. Yadımdadır, mədrəsədə dərsini pis öyrənən şagirdlərin əllərini masanın üstünə qoyub xətkeşlə bərk-bərk vururdular. Belə cəza çox incidirdi. Bir dəfə də məni belə cəzalandırdılar. Ondan sonra dərslərimə çox diqqətli oldum. Təbrizdə anamın atası, yəni babam, nənəm, üc dayım və xalam yaşayırdı. Babam Ağa Dadaş və nənəm Əfruz bizə az-az gələrdi. İran xəfiyyələri bizim səfirliyi hər zaman nəzarətdə saxlayırdılar. 1953-cu ildə Gəncə şəhərinə köçdük. 1954-cu ildə orta məktəbə getdim. 1962-ci ildə səkkizinci sinfi bitirib, sənədlərimi texnikuma verdim. Orta məktəbi yaxşı qiymətlərlə oxuyurdum. Uşaqların içində birinci olaraq məni musiqi müəllimimiz Zülfüqar müəllim Gəncə Filarmoniyasına dəvət etdi, onda 12-13 yaşım olardı. İndi də anlaya bilmirəm ki, bütün bunlara necə vaxt tapırdım. Pionerlər evinə, Mədəniyyət sarayına, Dəmir yol klubuna, DOSAAF, Texnika evi və başqa ictimai yerlərdə mənim adıma rast gəlmək olardı…”
O, əslən Ordubaddan olsa da, 1946-cı ilin yanvar ayının 30-da Təbriz şəhərində dünyaya gəlib. Həmin vaxtlar atası İrandakı sovet idarələrindən birində, sonra da konsulluqda çalışırmış. 1953-cü ildə geriyə- doğma vətənə dönüb Gəncədə yaşayıblar. 1962-ci ildə səkkizinci sinifi bitirərək Bakıya üz tutub. Burada Rabitə Texnikumunun Avtomatik telefon rabitəsi fakültəsinə qəbul olunub.1965-ci ildə oranı başa vuraraq ATS-də əmək fəaliyyətinə başlayıb. Bir müddət sonra Odessa Dəniz Mühəndisləri institutunda təhsilini davam etdirib. 1978-ci ildə isə indiki Azərbaycan Texniki Universitetini bitirib. İlk dəfə onu “Azqosproyekt” institutunun ATS-nə montyor göndəriblər. Bir ildən sonra “Qiproazneft” institutunun ATS-nə texnik təyin olunub. 1968-ci ildən müxtəlif ATS-lərdə mühəndis kimi fəaliyyətini davam etdirib. Sonra 1990-cı ilə qədər mərkəzi komitədə çalışıb. 1992-1997-ci illərdə isə ölkəmizin rabitə naziri olub. Texnika üzrə fəlsəfə doktorudur. 50-dən çox səmərəşdirici təklif və ixtiranın müəllifidir. Bütün bunlardan əlavə, o, “İlk məhəbbət”, “Xoşbəxtəm”, “Ulduzum”, “İçərişəhər”, “Tanıdım səni” mahnılarının və bir neçə lirik musiqinin bəstəçisidir. Onların arasında Nisə Qasımovanın ifa etdiyi “Son zəng” mahnısı xüsusilə populyarlıq qazanıb…
“Həyat problemlərlə doludur. Heç kəsin problemsiz həyatı yoxdur. Nəsə bir qanqaraçılıq olanda, problemli məsələ ortaya çıxanda, xoşagəlməz hadisələr baş verəndə çıxış yolunu tapmağa cəhd edirsən, çalışırsan ki, nəsə edəsən. Çıxıb şəhəri gəzirsən, dənizkənarı bulvara gedirsən, dostları axtarıb tapırsan, telefonla zəngləşirsən, gedib bir çay içib, dərdləşib söhbət edirsən, nəvələrlə oturub-durursan, danışırsan, söhbət edirsən və s.. Ən nəhayət, hansısa narahatlıq olanda, özümə yer tapmayanda musiqi ilə məşğul oluram. Boş vaxtlarımı musiqiyə sərf edirəm. Bilirsiniz, əlimə harada hansı musiqi aləti keçdisə, onda ifa edirəm. Tar, kaman, nağara, qarmon, piano, sintezator, nə olsa, nəfəs alətlərindən başqa, bütün alətlərdə həvəskar kimi ifa edirəm. Onu da deyim ki, lirikanı çox sevirəm. Flora xanımın, Alim Qasımovun ifasını sevə-sevə dinləyirəm. Eyni zamanda, özüm də mahnı bəstələməyi xoşlayıram. Bu həvəs məndə lap uşaqlıqdan var.”- söyləyir.
…Sarsılmaz iradəsi var. İnadkarlığı və sadiqliyi ilə seçilir. Bir mövzuya diqqət etdisə və ya qarşısına bir məqsəd qoydusa, heç vaxt onu yarımçıq buraxmır. Bütün münasibətlərdə dürüstlük və etibarlılıq onun üçün çox vacibdir. Bəzən bu xüsusiyyətləri ətrafdakıları narahat etsə də, səhvləri düzəltmək və düzgün yolu göstərmək onun həyat fəlsəfəsidir. Bundan əlavə o, çox fədakardır. Haqsızlıqla qarşılaşanlara tərəddüd etmədən kömək etməyə səy göstərir. Dostları üçün isə ən sədaqətli insandır. O həm də yaxşı sirr saxlamağı və dostlarına sevinc bəxş etməyi bacarır və bundan müsbət enerji alır…
Deyir ki:- “Nazir təyin olunandan sonra qısa müddət ərzində beynəlxalq təşkilatlarla əlaqələr yaratdım. Bizim rabitə sistemlərinin nə qədər geri qaldığını görüb, nəyin bahasına olursa-olsun bu geriliyi aradan qaldırmağı və rabitəmizin çox yaxın zamanda yeniləşdirməyi özümə söz verdim. Çox keçmədi ki, İtalyanın “Telespasio” şirkəti ilə yeni peyk rabitəsi quraşdırdıq. Bu alternativ rabitə sistemi rabitəmizin təkcə Türkiyə üzərindən yox, həm də İtaliya üzərindən dünya dəvlətləri ilə əlaqə yaratmağa imkan verdi. Bir müddət sonra daha bir beynəlxalq peyk rabitəsi yaratdıq. Bu dəfə İngiltərə üzərindən BT (British Telekom) şirkətinin Peykindən istifadə etdik. Daha sonra Amerikanın Ay-Di-Bi şirkəti ilə müqavilə bağlayaraq daha bir alternativ peyk rabitəsi yaratdıq. Beləliklə, ölkədə demək olar ki, bütün müəssisələr iflic vəziyyətdə olduğu bir vaxtda rabitə sahəsi dayanmadan inkişaf edir, yeni-yeni uğurlar qazanırdıq. Mənim planlarım çox böyük idi. Beynəlxalq ATS-in tikintisini, Fiber optik kabellerin çəkilişi, Elektron ATS-in tikilməsi, Cib telefonları sistemlərinin Azərbaycana gətirilməsini, İnternet şəbəkəsinin yaradılmasını, on ildən çox tikintisi dayandırılmış televiziya qülləsinin tikintisini başa çatdırmağı və bir çox başqa layihələri həyata keçirməyi planlaşdırır, məqsədyönlü şəkildə onları həyata keçirirdim…”
…Yardımsevər, istiqanlı və müdrik insandır. Xeyirxahlığına söz ola bilməz. Özünə edilən xeyirxahlığı da heç vaxt unutmur. Ciddi və düşüncəli olduğu üçün, öz üzərinə məsuliyyət götürməkdən çəkinmir. Doğrudur, bəzən hisslərə qapılır və dünyanı yaşamaq üçün ideal yer hesab etmir. Amma belə hallarda çıxış yolunu tək qalmaqda görür…
Bəli, bu gündən etibarən 80 rəqəmi düz bir il Siruz Abbasbəylinin həyatına sirayət edəcək və ömrünün 80-ci təntənəsini yaşayacaq. Axı, 80 yaşa yetişmək hər adamın hünəri deyil. Bu münasibətlə Siruz müəllimi təbrik edir, ağrı-acısız günlər arzulayıram…
Hörmətlə, Elman Eldaroğlu




















