Sərhədlərin açılmasının açarı Bakıdadır – ŞƏRH

Sərhədlərin açılmasının açarı Bakıdadır – ŞƏRH

Ankara son sözü Azərbaycana buraxıb

“Paşinyan yeni reallığı qəbul etdi, Azərbaycan-Türkiyə tandeminin gücü Ermənistanı dəyişməyə məcbur edir”

“Hazırda Cənubi Qafqaz dünyaya daha çox açılma mərhələsindədir. Ona görə də Ermənistan-Türkiyə münasibətlərinin normallaşması bu prosesin mühüm tərkib hissəsidir”. Bunu erməni türkoloq Ruben Safrastyan deyib. Ekspert bildirib ki, Türkiyə rəhbərliyi Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin müsbət nəticələnməsinin tərəfdarıdır, çünki bu, Ankaranın da xeyrinə olacaq: “Xüsusən də qonşu ölkə hökumətinin mühüm, strateji məqsədi Türkiyəni Qərblə Şərq arasında kommunikasiya qovşağına çevirməkdir. Bu yolla Ankara həm də Mərkəzi Asiya ilə maneəsiz əlaqə qurmaq imkanı da əldə edəcək. Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi onların bu marağı prizmasından da qiymətləndirilir”. Safrastyanın sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün də zəmin yaranıb, bu da yuxarıda qeyd olunan məsələ ilə birbaşa bağlıdır: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və dövlət sərhədinin açılması prosesi yalnız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra başlayacaq. Türkiyə bu mövqedən çıxış edəcək və yanaşmasını dəyişməyəcək. Buna baxmayaraq, Türkiyə Cənubi Qafqazdakı mövqelərinin son illərdə güclənməsində maraqlıdır və son illərdə Rusiyanın Ankaraya təsirinin yeni situasiyada güclənməsini dərk edir. Rusiyanın regiondakı rolu zəifləyib, Türkiyəninki isə güclənib, ona görə də Ermənistan və Azərbaycan arasında planlaşdırılan sülh müqaviləsinin tezliklə imzalanması Türkiyə tərəfinin marağındadır”. Türkoloqa görə, Türkiyə sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, diplomatik əlaqələrin qurulması, sərhədlərin açılması istiqamətində real addımlar atmağa başlasa da, bunu mərhələli şəkildə həyata keçirəcək: “Ermənistanla münasibətlərin normallaşması prosesinin həm də yeni dəmir yolunun tikintisi ilə bağlı olacağı istisna edilmir, çünki Türkiyə tərəfi 220 kilometr uzunluğunda olan Qars-Naxçıvan dəmir yolunun tikintisini artıq öz üzərinə götürüb”. Erməni ekspert əlavə edib ki, hazırda Türkiyənin siyasəti və qlobal strategiyası daha böyük regionları əhatə edir: “Əgər bir neçə il əvvəl Cənubi Qafqaz Türkiyə üçün birinci dərəcəli əhəmiyyət kəsb edirdisə, indi görürük ki, bu ölkə daha əhatəli və ekspansionist siyasət yürüdür, eləcə də Yaxın Şərq, xüsusən də Suriyada rolunu artırmağa, daha da gücləndirməyə çalışır. Başqa sözlə, Qafqaz öz əhəmiyyətini saxlasa da, hazırda Türkiyə üçün Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycana ciddi təzyiq göstərməsi birinci dərəcəli əhəmiyyət kəsb etmir”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Sherg.az deyib ki, bu məsələdə yekun söz sahibi yenə də Bakı olacaq. Ekspert vurğulayıb ki, Türkiyə-Ermənistan münasibətləri istər siyasi, istərsə də digər müstəvilərdə, eləcə də sadə vətəndaşlar səviyyəsində Azərbaycanın Ermənistana qarşı tutduğu mövqe ilə tam uzlaşır: “Türkiyə bu məsələdə hər zaman açıq şəkildə Azərbaycanın yanında olub və bu mövqeyindən geri çəkilməyib. Qarabağın azad edilməsindən sonra Ermənistanın mövcud reallıqları qəbul etməsi artıq qaçılmaz xarakter alıb. Bu reallıqların fonunda Ermənistanın Baş naziri Nikol Paşinyan təkcə Azərbaycanın deyil, eyni zamanda Türkiyənin bölgədəki siyasi, hərbi və diplomatik gücünü də açıq şəkildə dərk etməyə başlayıb. Təsadüfi deyil ki, Ermənistan hökuməti rəsmi sənədlərində, o cümlədən pasportlara vurulan möhürlərdə Ağrı dağının təsvirini ləğv edib. Bu addım simvolik xarakter daşımaqla yanaşı, uzun illər davam edən saxta iddialardan tədricən imtina edilməsinin göstəricisi kimi qiymətləndirilir. Bu cür dəyişikliklər onu göstərir ki, İrəvan regionda yaranmış yeni siyasi konfiqurasiyaya uyğunlaşmağa məcbur qalır. Rəsmi Ankara daha əvvəl də bəyan edib ki, Zəngəzur dəhlizinin açılması və Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanmasından asılı olaraq quru sərhədlərlə bağlı qərar qəbul edilə bilər. Bu məsələ Türkiyə üçün təkcə Ermənistanla ikitərəfli münasibətlər kontekstində deyil, bütövlükdə regionda uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından qiymətləndirilir. Hazırda ortada kifayət qədər mürəkkəb, lakin davamlı xarakter daşıyan bir sülh prosesi mövcuddur. İrəvan Bakı və Ankaraya doğru addımlar atmağa məcbur qalır və bu prosesdən kənarda qalmaq mümkün deyil”.

Analitik qeyd edib ki, bununla yanaşı, Türkiyə tərəfi rəsmi şəkildə bəyan edib ki, sərhədlərin açılması ilə bağlı konkret tarix səsləndirmək hazırkı mərhələdə doğru olmaz: “Çünki Ankara Ermənistanla normallaşma prosesini birbaşa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə əlaqələndirir. Azərbaycan və Türkiyə arasında bu istiqamətdə koordinasiyalı, uzlaşdırılmış və strateji fəaliyyət həyata keçirilir. Bu koordinasiya iki ölkə arasında mövcud olan müttəfiqlik münasibətlərinin təbii nəticəsidir və regional siyasətdə mühüm rol oynayır. Ermənistan və Türkiyə arasında sərhədlərin açılması ilk növbədə Azərbaycanın razılığı ilə baş verməlidir. Əsas və fundamental tələb Ermənistan Konstitusiyasında Azərbaycana qarşı mövcud olan ərazi iddialarının tam şəkildə ləğv edilməsidir. Bunun üçün Ermənistanda referendum keçirilməsi zəruridir. Bu addım atılmadan regionda real və davamlı sülhdən danışmaq mümkün deyil. Əgər Ermənistan hakimiyyəti bu prosesi sürətlə və siyasi iradə nümayiş etdirərək həyata keçirərsə, Türkiyə ilə sərhədlərin açılması perspektivi real müstəviyə keçə bilər. Sərhədlərin seçkilərə qədər açılması isə yalnız nəzəri ehtimal kimi dəyərləndirilə bilər və bu da yalnız o halda mümkün olar ki, Ermənistandakı daxili siyasi vəziyyət və regional proseslər Azərbaycanın maraqları nəzərə alınmaqla uyğun hesab edilsin. Bu məsələdə yekun söz sahibi yenə də Bakı olacaq. Türkiyə tərəfindən atılacaq bütün addımlar hökmən Azərbaycanla razılaşdırılmış, əlaqələndirilmiş və strateji müttəfiqlik ruhuna uyğun şəkildə həyata keçiriləcək”.

 

Share: