MƏNİ SEVIRSƏNSƏ MƏNDƏN UZAQ OL
Dərdimiz bərabər doğulub bizim,
Qəmimiz, qüssəmiz çox olub bizim.
Xəmrimiz həsrətdən yoğrulub bizim,
Çalış öz evində yanan çıraq ol,
Məni sevirsənsə, məndən uzaq ol.
.
Yadıma saldıqca olub-keçəni,
Həsrətdən saçımın çoxalar dəni.
İsti baxışların yandırar məni,
Könlümü üşüdən şaxta, sazaq ol,
Məni sevirsənsə, məndən uzaq ol.
.
Vallah, dözəmməzsən çəkdiyim dərdə,
Bəlaya düşərsən durduğun yerdə…
Çalış gözlərimə görünmə bir də,
Bir az kənar dolan, bir az qıraq ol,
Məni sevirsənsə, məndən uzaq ol.
.
Daha yanaqlarım qurumaz nəmdən,
Zilə yetməz səsim, ötərəm bəmdən.
Sevən qaça bilməz qüssədən, qəmdən,
Kədər zəmi olsa, biçən oraq ol,
Məni sevirsənsə, məndən uzaq ol.
.
Mən olum dərdindən gül kimi solan,
Darılma, onsuz da olacaq olan…
Məndən uzaqda gəz, kənarda dolan,
Demirəm saçımda gəzən daraq ol,
Məni sevirsənsə, məndən uzaq ol.
.
Yola çıxmamışdıq yolu azmağa,
Yuxu da görmədik xeyrə yozmağa.
Uğursuz bir eşqdən dastan yazmağa,
Nə mən qələm olum, nə sən varaq ol,
Məni sevirsənsə, məndən uzaq ol.
Mən sənə həyatı öyrədəcəyəm
Bu zalım dünyanın xoş üzü də var,
Kövrək ürəklərin daş üzü də var…
Qəlbi daş olanın yaş üzü də var-
Mən sənə həyatı öyrədəcəyəm.
.
Hamı bir öpüşlə bil, xumar olmur,
Hər teli oxşamaq eh, tumar olmur,
Yollar gördüyün tək düz, hamar olmur-
Mən sənə həyatı öyrədəcəyəm.
.
Sən hələ qönçəsən, sən hələ tərsən,
Pərişan telini yana hörərsən…
Mələk sandığını şeytan görərsən-
Mən sənə həyatı öyrədəcəyəm.
.
Talehin gözü kor, qulağı karmış,
Dünya kiminə gen, kiminə darmış…
Günah saydığının savabı varmış-
Mən sənə həyatı öyrədəcəyəm.
.
Gecə zülmət olar ulduzsuz, aysız,
Adam var zirvəyə qalxır ayaqsız…
Fitnəsiz, yalansız, rəngsiz, boyasız-
Mən sənə həyatı öyrədəcəyəm,
Mən sənə həyatı öyrədəcəyəm.






















