Səid ORUCOV: Dənizçilərin ilkin və dövri tibbi müayinələrdən keçməsi

Səid ORUCOV: Dənizçilərin ilkin və dövri tibbi müayinələrdən keçməsi

Müstəqil.Az DSD İB-nə istinadla Dövlət Dəniz və Liman Agentliyinin Gəmi heyəti departamentinin direktoru Səid Orucovun özünün sosial şəbəkədəki divarında yayınladığı Dənizçilərin ilkin və dövri tibbi müayinələrdən keçməsi həm DHDNÇ Beynəlxalq Konvensiyasının tələbləri həm də şəxsi sağlamlıq və təhlükəsizlik baxımından çox mühüm bir paylaşım edib. Müstəqil.Az həmin müraciəti təqdim edir:

Hörmətli Dənizçilər!
Dənizçilərin ilkin və dövri tibbi müayinələrdən keçməsi həm DHDNÇ Beynəlxalq Konvensiyasının tələbləri, həm də şəxsi sağlamlıq və təhlükəsizlik baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Dənizdə iş şəraiti xüsusi risklərlə, yüksək fiziki, psixoloji və mental gərginliklə müşayiət olunur. Bu səbəbdən sağlamlığa nəzarət sadəcə formal prosedur deyil, zəruri və həyati bir şərtdir.
Təəssüf ki, həm keçmişdə, həm də bu gün dənizçilər olaraq tibbi müayinələrə çox vaxt lazımi ciddi münasibət göstərmirik. Müşahidələr göstərir ki, müayinələr zamanı bəzi dənizçilər mövcud xəstəliklərini gizlətməyə, bəziləri isə ümumiyyətlə müayinədən yayınmağa çalışırlar. Bu vəziyyətdə bəzi hallarda həkimlərin də müəyyən məsələlərə göz yumması, sadə dildə desək,qeyri peşəkarlığı “heç kəsin çörəyinə bais olmaq istəməməsi” problemi daha da dərinləşdirir. Nəticədə həm dənizçi, həm də həkim üzərinə düşən məsuliyyəti ya dərk etmir, ya da dərk etmək istəmir. Halbuki məsələ son dərəcə sadə və eyni zamanda çox ciddidir:
Gəmidə tələblərə uyğun tibbi müayinədən keçməyən bir dənizçi təkcə özünü və ailəsini deyil, bütün heyəti, gəmi şirkətini və digər heyət üzvlərinin ailələrini də böyük təhlükə qarşısında qoya bilər. Aşağıdakı vacib amma hər kəsin bildiyi bir neçə məlumatları sizinlə bölüşürəm:
1.Beynəlxalq dənizçilik normalarına əsasən, dənizçilər yalnız sağlam olduqları halda gəmilərdə işləmək hüququna malikdirlər. İlkin və dövri tibbi müayinələrin konvensiyalar baxımından əsas əhəmiyyəti aşağıdakılardır:
-Dənizdə təhlükəsizliyin təmin edilməsi – Sağlamlıq problemi olan dənizçi fövqəladə hallarda həm özünü, həm də başqalarını risk altına sala bilər.
-Beynəlxalq tələblərə uyğunluq – Etibarlı tibbi sertifikatı olmayan dənizçi beynəlxalq sularda işləyə bilməz.
-Gəmi heyətinin peşə qabiliyyətinin qorunması – Fiziki və psixoloji cəhətdən uyğun olmayan şəxslərin işə buraxılmasının qarşısı alınır.
Dəniz qəzalarının azalması – Sağlamlıqla bağlı diqqət itkiləri və səhvlər minimuma endirilir.
2. Dənizçilər uzun müddət ailədən uzaqda, məhdud tibbi imkanlar şəraitində və ağır iş rejimində çalışırlar. Bu baxımdan tibbi müayinələrin şəxsi əhəmiyyəti danılmazdır:
-Xəstəliklərin erkən aşkarlanması – Ürək-damar, görmə, eşitmə və psixoloji problemlər vaxtında müəyyən edilir.
-İş qabiliyyətinin qorunması – Sağlam dənizçi daha diqqətli, məsuliyyətli və məhsuldar çalışır.
-Stress və psixoloji yüklənmənin qiymətləndirilməsi – Uzunmüddətli səfərlərin yaratdığı psixoloji təsirlər nəzarətdə saxlanılır.
-Təcili tibbi risklərin qarşısının alınması – Dənizdə baş verə biləcək ağır sağlamlıq problemlərin ehtimalı azalır.
Hörmətli dənizçi həmkarlar,dostlar!
Onsuz da psixoloji, fiziki və mental baxımdan son dərəcə ağır şəraitdə çalışırsınız. Sağlamlığınıza biganə yanaşmaqla özünüzü riskə atmayın. Daha da önəmlisi, ailənizi nigaran qoymayın. Tibbi müayinələrdən dürüst və məsuliyyətlə keçmək zəiflik deyil, əksinə peşəkarlıq və məsuliyyət göstəricisidir.
Unutmayın, sağlam dənizçi — təhlükəsiz gəmi, etibarlı heyət və rahat ailə deməkdir.
Share: