(ikinci yazı)
Uzun illər boyunca həmkarlar ittifaqlarının təqdim etdiyi sosial imkanlarla bağlı narazılıqlar davam edirdi. Üzvlərin böyük əksəriyyəti müraciət qaydalarını bilmirdi və bu imkanlardan necə yararlanmağın mümkün olduğunu anlamırdı.
Eyni zamanda illərlə formalaşmış qapalı sistem nəticəsində yollanışlar, maddi yardımlar və digər imtiyazlar hər dəfə demək olar ki, eyni şəxslərə verilir, geniş üzv kütləsi isə prosesdən kənarda qalırdı. Mən də bu mövzuda tənqidi yazılar yazmış, sistemin köhnə və qeyri-şəffaf işlədiyini vurğulamışdım. Hər nə qədər son illərdə çox şeyin dəyişdiyi deyilsə də, öz gözüm ilə görmədən inanmaq istəmirdim.
Lakin apardığım araşdırmaların həlledici mərhələsi həmkarlar ittifaqlarının fəaliyyətinin birbaşa müşahidəsi oldu. Burada həmkarlar ittifaqlarının real iş mexanizmini, yeni yanaşmaları və qurulan sistemin necə işlədiyini yaxından gördüm. Əməyin mühafizəsi, təhlükəsiz iş şəraiti, layiqli əmək, mədəni-kütləvi tədbirlər, sosial yönümlü layihələr və gender bərabərliyi sahələrində görülən işlər təqdim olunarkən əvvəlki illərlə müqayisədə ciddi fərq hiss olunurdu.

Xüsusilə yollanışların elektron müraciət sistemi üzvlər üçün tamamilə yeni, ədalətli və bərabər imkan yaratmışdı. İlk mərhələlərdə bəzi çətinliklər yaşanmışdı: gözlənilən 500 müraciət əvəzinə birdən-birə 5 000 müraciət daxil olmuşdu ki, bu da sistemi müvəqqəti olaraq çətin vəziyyətə salmışdı. Bu vəziyyət üzvlər arasında böyük maraq və həyəcan yaratdı, lakin yeni rəhbərlik sistemi tənzimləyərək hər kəs üçün şəffaf və ədalətli mexanizmi qorudu.
Mənim üçün ən təsirli məqamlardan biri 2025–2027-ci tədris ili üçün işəgötürənlərlə və ilk təşkilat sədrləri ilə kollektiv müqavilənin imzalanması prosesində iştirakım oldu. Bu, sadəcə formal prosedur deyildi. Müqavilə üzvlərin hüquqlarını, sosial təminatlarını və əmək münasibətlərini qorumaq üçün aparılan ciddi, məsuliyyətli və peşəkar müzakirələr əsasında hazırlanırdı. Bu mənzərə həmkarlar ittifaqlarının yalnız sosial yardımlar deyil, həm də real əmək münasibətlərinin tənzimlənməsində nə qədər vacib rol oynadığını bir daha təsdiqlədi.
Araşdırmalarım göstərdi ki, yeni rəhbərlik əvvəlki qapalı sistemi kökündən sökərək şəffaf, hamı üçün bərabər imkan yaradan, müraciətləri elektronlaşdıran və hesabatlılığı əsas prinsipə çevirən bir model qurub. Bu, üzvlərin hüquqlarından ilk dəfə real şəkildə xəbərdar olması və minlərlə insanın sistemə müraciət etməsi ilə təsdiqlənir.
Bakı şəhərinin özəl məktəbəqədər müəssisələrindən 600, peşə təhsili mərkəzindən isə 1 300 nəfər üzv AHİK-ə cəlb olunub. Ümumilikdə 1 900-dən çox yeni üzvün qoşulması, elektron müraciət sistemi və şəffaf seçim mexanizmləri təşkilatın ölkə miqyasında nümunəvi fəaliyyətini göstərir. Sanatoriya-yollanış sisteminin tam elektronlaşdırılması, müraciətlərin şəffaf təminatı və sanatoriyalarda xidmət keyfiyyətinin artırılması — “Bilgəh”, “Abşeron” və “Naftalan”da müasir tibbi avadanlıqların quraşdırılması bütün üzvlər üçün rahatlıq və real sosial dəyər yaradıb.
“AHİK Könüllüləri” proqramı, gənclərin fəal iştirakı və beynəlxalq əməkdaşlıq təşkilatın fəaliyyətini həm sosial, həm də peşəkar sahədə möhkəmləndirib. Müraciətlərin kəskin artması insanların təşkilata güvəndiyini və sistemin real şəkildə işlədiyini göstərir.
İl yarım kimi qısa müddətdə bu qədər konkret nəticə əldə etmək təsadüfi deyil. Bu, məqsədyönlü, ardıcıl və üzvlərə yönəlmiş fəaliyyətin bariz göstəricisidir. AHİK indi yalnız paytaxtda deyil, bütün ölkə üzrə həmkarlar ittifaqları üçün inkişaf modeli kimi çıxış edir.
Nəticə etibarilə, yeni rəhbərlik köhnə qapalı mexanizmləri sökərək şəffaf və bərabər imkan yaradan sistem qurub. Bu, təkcə statistika ilə deyil, həm də gündəlik işin real nəticələri ilə ölçülür. Sistem artıq hər bir üzv üçün əlçatandır və insanların hüquqlarından faydalanması üçün real imkanlar yaradılıb. İl yarımda əldə olunan uğurlar yalnız təşkilatın daxili fəaliyyəti ilə məhdudlaşmır. Bu model bütün ölkə üzrə digər həmkarlar ittifaqları üçün də nümunəyə çevrilir.
Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.
















