və yaxud
“Nəfəs”, “Damla”, “Əjdaha”, “Qızılsəs”: bu kimi adlar nəyi əvəz edir?
Tarixən sənət dünyasında ad heç vaxt sadəcə çağırış vasitəsi olmayıb. O, sənətkarın cəmiyyətdə qazandığı yerin, yaradıcılıq səviyyəsinin və mənəvi çəkisinin ifadəsi olub. Xan Şuşinski (öz adı İsfəndiyar) “xan” adını özü seçməmişdi. Bu ad ona xalq tərəfindən verilmişdi. Çünki o, muğam sənətində həqiqətən hökmran idi. Bülbül (öz adı Murtaza) də eləcə, səsinin incəliyi, sənətinin ucalığı onu xalqın yaddaşında simvola çevirmişdi. Bu adlar pafos yox, nəticə idi. Əvvəl sənət vardı, sonra ad gəlirdi.
Həqiqi sənətkar öz adını böyütməyə çalışmırdı, əksinə, sənəti onu böyüdürdü. Bunun ən aydın nümunələrindən biri də rəhmətlik Baloğlan Əşrəfov idi. Uzun müddət onun tədbirlərinin aparıcısı olmuşam. Heç vaxt təmtəraqlı, şişirdilmiş təqdimatlara icazə verməzdi. “Elə Baloğlan Əşrəfov de, kifayətdir” — deyirdi. Bu bir cümlə təkcə təvazökarlıq yox, həm də sənətə olan böyük inam idi. Çünki o bilirdiki, adını bəzəməyə ehtiyac yoxdur, sənəti kifayətdir.
Müasir dövrdə isə tam əks mənzərə ilə üz-üzəyik. Bu gün bir çoxları sənət yaratmadan əvvəl ad “yaradır”. Atasının verdiyi adı kənara qoyub, özünə qəribə, bəzən absurd səhnə adları seçirlər. Damla, Dəniz, Nəfəs, Pişik, Qızılsəs, Əjdaha, İmperator, Məktəb… Bütün bunlar nə deməkdir? Açıq desək, heç nə.
Bu adlar sənəti izah etmir, sadəcə böyük görünmək cəhdi yaradır. “Qızılsəs” deyirsənsə, ortada qızıl səs olmalıdır. “İmperator” adını seçmisənsə, sənətdə hökmranlığın hiss olunmalıdır. “Əjdaha” deyirsənsə, gücün və təsirin olmalıdır. “Məktəb” deyirsənsə, ardınca gedənlər, davamçılar, formalaşmış üslubun olmalıdır. Amma bunların heç biri yoxdur. Çünki bunlar xalqın verdiyi adlar deyil, insanın özünə yapışdırdığı titullardır.
Sual olunur, bu adlar onlara nə verir?
Yalnız müvəqqəti diqqət və saxta fərqlilik hissi. Sənəti olmayan insan adla yadda qalmağa çalışır. Keçmişdə ad sənətin güzgüsü idi, bu gün isə ad sənətsizliyi gizlətmək üçün istifadə olunur. Forma var, məzmun yoxdur.
Bəs niyə cəmiyyət bunu alqışlayır?
Çünki müasir tamaşaçı da dəyişdirilib. Dərin sənət yox, tez istehlak olunan şou ön plana çıxarılıb. Qulaq yox, göz əsas meyara çevrilib. Estetik zövq yox, səs-küy tələb olunur. Belə mühitdə absurd səhnə adı artıq gülməli deyil, “trend” sayılır.
Ən təhlükəli məqam isə budur ki, səhnə adı artıq məsuliyyət daşımır. Halbuki ad sənətkarın ictimai simvoludur. O, sənətə hörmət, tamaşaçıya ehtiram tələb edir. Öz doğma adından imtina edib mənasız bir səhnə adı seçmək, əslində, kimlikdən və kökdən imtina etmək deməkdir. Çünki o adın altını dolduracaq sənət yoxdur.
Baloğlan Əşrəfovun “elə adımı de, kifayətdir” deməsi ilə bu günkü pafoslu səhnə adları arasındakı fərq məhz buradadır. Biri sənətinə güvənirdi, o biri isə saxta adın arxasında gizlənir.
Nəticə isə çox sadə və ağrılıdır:
Əgər ad dəyərsizləşirsə, sənət də dəyərsizləşir.
Əgər ad sənəti təmsil etmirsə, tamaşaçı ilə qurulan əlaqə saxta qalır.
Sənət adla başlamır. Sənət varsa, ad özü gəlir.
Şərafəddin İlkin






















