…Sən niyə o şeiri atdın bir küncə? O şeir bir qızın əlləri idi… O şeir bir qızın telləri idi… O şeir bir qızın çəkdiyi ahdı..

…Sən niyə o şeiri atdın bir küncə?  O şeir bir qızın əlləri idi…  O şeir bir qızın telləri idi…  O şeir bir qızın çəkdiyi ahdı..

Tanınmış şair Esmira MƏHİQIZI gənc şairə Aydan Yelda Nağılın (Aydan Abdullayeva) şeirlərini Müstəqil.Az da yayınlanması üçün təqdim edib.  Gənc şairənin şeirlərini sevə-sevə yayınlayırıq.

 

Aydan YELDA NAĞIL

Sən niyə o şeiri atdın bir küncə?

Yem oldu dumana – çənə o şeir.

Dünyada heç kimi yox idi, təkcə

Gəlib sığınmışdı sənə o şeir…

 

Sən niyə o şeiri atdın bir küncə?

Gözləri kor idi, dili lal idi…

O şeir bir qızın sənə verdiyi

Taleyim sənsənmi?… sualı idi…

 

Sən elə bilmə ki, gözü kordusa

Sənin ürəyini o tapmayacaq…

İndi nə olsun ki itib göy üzü?

Elə bilirsən ki, Tanrı nə vaxtsa

şeirdən bir günəş yaratmayacaq?..

 

Sən niyə o şeiri atdın bir küncə?

Gözündə saralır sənin üzün, bax…

Onun ürəyini didir bu sevgi…

Sənsə o şeiri qovursan ancaq…

 

Qovursan qapından bir axşam vaxtı…

Düşür özgələrin əlinə o da…

Oduna yananlar çox olacaq, çox…

Diz çöküb ağlayar külünə o da…

 

Sən niyə o şeiri atdın bir küncə?

Ağlayır, göz yaşı göyləri dəlir

Sən elə bilmə ki, bitdi bu sevgi…

Onun gözlərinin yaşı yollarda

Yenə kölgə kimi arxanca gəlir…

 

…Sən niyə o şeiri atdın bir küncə?

O şeir bir qızın əlləri idi…

O şeir bir qızın telləri idi…

O şeir bir qızın çəkdiyi ahdı…

 

O şeir… üzünə açılan sabah…

Nə olar bircə yol pəncərəni aç…

Nə olar, boylanıb o sabaha bax…

Günəş də- o qızın dodaqlarıdı…

Səndən bir söz umur, demirsən küsür…

 

Sən niyə o şeiri atdın bir küncə?

Axı hər sətrində, hər misrasında

Hələ də bir qızın ürəyi əsir…

Hələ də bir qızın ürəyi gəzir…

 

Hər küncdə, bucaqda səni axtarır…

Sənin pəncərəndən bir axşam baxır…

O axşam tutduğum arzu da puçdu…

Sən niyə o şeiri atdın bir küncə

 

***

Salam qoca baş daşı

Nə tez gecə düşdü hə?

Bu nə köhnə salamdı?

Nə köhnə görüşdü hə?

 

Bu kimin göz yaşının

Ayağının izidi?

Deyəsən bu qəbiri

Addım-addım gəzirdi

 

Gəzib nə deyib görən?

Bu qəbir laldı axı

Kiminsə gözlərində

Yatan sualdı axı

 

Eşidər, cavab verməz

Göz yaşının səsinə

Bu qəbir çox oxşayır

Atamın kölgəsinə

 

***

Mən elə yaşayırdım

Elə bil kəpənəkdim

Bilsən necə gözəldim

Bilsən necə göyçəkdim

 

Əynimdə yaşıl dondu

Göy üzündən almışdım

Döş cibində məktubtək

Yuxulayıb qalmışdım

 

Elə hey dindirirdim

Quşları, ağacları

Əsən külək nə deyir? –

Eşidirdi saçlarım

Eşidib, ağarırdı…

Mən elə hey həmişə

Özümü çağırırdım…

 

Deyirdim ehhhh… nolar

Yarpaqlar saralmasın…

Yarpaqlar saralanda

Əllərim saralırdı

Gözlərim saralırdı

 

Deyirdim ehhh… nolar

Dən düşməsin evlərin

Tellərinə vədəsiz…

Qapımızı döyürdüm

Gah ağaclar açırdı

Gah çiçəklər açırdı

Vaqif Bayatlı kimi

“Ağaclar qardaşımdı,

Çiçəklər də bacımdı”

 

 

Share: