Sən də çatdın 60 yaşa axır ki… -Vasif Süleyman təqdim edir

Sən də çatdın  60 yaşa axır ki… -Vasif Süleyman təqdim edir

XOŞ GƏLMİSƏN BU DÜNYAYA, MÜZADİL AQİL!

6 may Şəmkirdə yaşayıb-yaradan istedadlı yazıçı Müzadil Aqilin doğum günüdür. Özü də 60 illik yubileyi…Şair qardaşımız Elməddin Nicat demiş, Şəmkirdə bir ürək dostumuz var, onun da ürəyi xəstə… Eybi yox, əsas odur ki, Müzadil mənim, Elməddinin və neçə-neçə qələm adamının həm də ürək dostudur.
Müzadil AQİL (Müzadil Vəli oğlu Qasımov) 6 may 1965-ci ildə Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olub. 1989-cu ildə Belqorod Texnologiya İnstitutunda təhsilini maddi çətinlik üzündən yarımçıq qoyub. Hazırda Dəllər qəsəbəsində yaşayıb-yaradır.
Ölkə mətbuatında hekayələri ilə çıxış edir. “Çəpər” adlı ilk kitabı 2008-ci ildə «Vektor» Nəşrlər Evində işıq üzü görüb.
Könüldən təbrik edirəm, qardaş! Müzadilin DƏRD QAPISI hekayəsini sevgili dostlarla paylaşıram.
Bir 5 nəfər və gülümsəyən insanlar şəkili ola bilər
Müzadil AQİL
DƏRD QAPISI
(Hekayə)
Anam Asyanın səsinə, nəfəsinə…
Yaxşı deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Fələyin belə qəribə işləri çoxdu. Bir də görürsən ki, bir anın içində çərxini fırlatdı. Çox əbədi, müqəddəs saydıqların külə döndü yerə getdi. Vallah baş açmaq çox çətindir fələyin işlərindən. Nə qədər fikirləşirsənsə də başsız qayıqlar kimi çəmini tapmaq olmur belə gərdişin. Bir də deyiblər ki, həyat səni güldürəndə gülmüsən, ancaq ağladanda, dərd qapını döyəndə gülməyi bacarmaq lazımdır. Yel qanadlı illər də həyatın sevinc dolu günlərinin tamından dadmamış, bir-biri ilə yarışa girərək, mürgülü bir xatirəyə çevrilib alnımızın qırışını əlimizlə ovuşdura-ovuşdura saçımızın qarasını ağlara qurban veririk. Qayğı yüklü ömür gəmimizi sürüb bir sahilə yan alana kimi görürük. Ömrümüz-günümüz gedib fələyin güdazına. Özü də hər şey elə tez baş verir ki, sən hər şeyi başa düşüb, inanana qədər görürsən ki, bu hadisələr bir xatirə kimi artıq yaddaşlara yazılıb. Elə həmin gün də elə oldu. Bircə anın içindəcə tərsinə döndü fələyin çərxi. Oğul toyunda oynamağa həsrət qaldı ana qolları. Necə də təzadlarla doluymuş insan ömrü. Sevincdənmi, kədərdənmi huşunu itirdi ana. Bax beləcə huşsuz halda uzanıb qalmışdı çarpayıda. Qonum-qonşu da tez-tez ona baş çəkməyə gəlirdi. Evdə ölü bir sükut hökm sürürdü. Gələnlərin hamısının baxışları xəncər kimi sancılıb, evdə olan balaca arakəsmə otağın qapısında qalmışdı. Hələ ki, qapını açıb, nə bir girən var idi, nə də çıxan. Görəsən niyə qapını açıb ümidverici bir xəbər verən yoxuydu. Hərdən adama elə gəlir ki, intizarında olduğun xəbəri eşitmək üçün keçirdiyin üzüntülü hər dəqiqə ilə bərabər olur. Sanki yüz il idi açılmır bu qapı , yüz il idi tilsimlənmişdi. Üstündə dağ ağırlığı var idi bu qapının. Heç kim cürət edib, qapını açıb içəri girmirdi. Getdikcə qapının xofu basırdı onları. İçəridən isə çıxıb bir xəbər gətirən yoxuydu. Hələ qapının bir dəfə açılıb örtülməsi gözləyənlərə sevinc də bəxş edə bilərdi, kədər də.. həmişə nağıllarda qarxıncı otaq maraqlı olub. Qapını açana sevincmi, kədərmi verəcəyi kimi indi də bu arakəsmə otağın qapısının nə vaxt açılacağı hamını üzürdü. Hövsələsi daralanda çıxıb bayırda siqareti bir-birinin közünə yandırırdılar. Qapının açılması üçün bircə kəlmə tilsimli söz demək lazım idi. O tilsimi sındırmaq üçün çarpayıda huşsuz halda uzanıb qalmış xəstənin bircə söz deməsi lazımıydı. O, isə hələ də nə gözünü açır, nə də bircə kəlmə söz deyə bilirdi. Qapı isə açılmaq bilmirdi. Görəsən necə qapıymış bu qapı? Niyə indiyəcən yaxşı fikir verməmişəm bu qapıya? Sən demə bu da çərxi-fələyin işiymiş. Tale hərənin bəxtinə bir qapı yazdı. Mənim qismətimə düşən dərd qapısı oldu. Dərd qapısı.
* * *
– A bala, bir yola bax gör. Qənirə xalangil gəlirmi… Axı, saat on iki oldu… Bəlkə Gülbənizə görə ləngiyə bilər. Yəqin yuxudan qalxandan oturub güzgünün qabağında bəzənir. Sonra da elə bil ki, göy qurşağıdı, sir-sifəti yeddi rəngə çalır, – deyib bir az da zarafat etdi Xəyyamın anası. Birdən qapı açıldı. Qənirə xala gəldi. Amma Gülbəniz yox idi. Hamıya qəribə göründü onun gəlməməsi. Çünki həmişə evimizdə bir xeyir iş olanda şirniyyatı Gülbəniz bişirir, özü də deyir ki, siyahıda nə qədər adam çağırsanız da mənim adımı ora salmayın. Mən onsuz da gedəcəm.
Qənirə xalanın həyat yoldaşı İslam Xəyyamın və qardaşlarının kirvəsi idi. Gülbəniz də İslam dayının ortancıl qızı idi. Hər dəfə belə xeyir işlərdə Gülbənizi Xəyyamgildə görüb, zarafat edə-edə qızılı üfüqləri xatırladan qırmızı toy, nişan xonçası hazırlayan görənlər indi bir az darıxan kimi oldular. Xəyyam da arabir onu cırnadıb deyirdi:
– Daha şadlıqların gözü olmusan. Sənsiz bir işimiz keçmir.
Qənirə ilə Xəyyamın anası Asya şirniyyatı stolun üstə qoyub xonçaları nəzərdən keçirməyə başladılar. Bu xonçanı kim gətirib, – deyə soruşanda nə Xəyyam, nə də yoldaşı dinmədi. Asya oğlunu bir az məzəmmət etdi ki, yenicə ayrılıb ev olmusan neynirdin bu qədər xərc çəkib. Özü də yəqin yarısını nisyə almısan. Arvad sevincdənmi, kədərdənmi doluxsunan kimi oldu. Gözləri payız buludu kimi doldu. Deyirdin indicə gözlərini sıxıb tökəcək. Üzünü Qənirəyə tutub:
– Ürəyim yaman atlanır. Bircə Barizin də nişanını görsəydim, heç dərdim olmazdı, – dedi. Bir də ki, orta məktəbi bitirəndən sonra oğlanlarımın dördü də neçə ildir eyni vaxt evə yığılmırlar. Ancaq indi dördü də yanımdadı, ay Qənirə.
…Oğlan evi mağardan içəri girən kimi oyun havası çalındı. Qızılı üfüqləri xatırladan xonçaları başları üstə qaldırıb, nazlana-nazlana oynayan qızlar, gəlinlər təzə nişanlananları ortaya çəkdilər. Xəyyam da anasının yanında durub qardaşı ilə nişanlısına baxırdı. Birdən anasının halının dəyişdiyini görən Xəyyam qardaşını çağırdı. Hərəsi bir qoluna girib onu mağardan çıxardılar.
* * *
Razim həkim xəstəni müayinə edəndən sonra Xəyyamı çağırıb, gəl, belə danışaq, – dedi. Xəstəni qaranlıq, sakit bir otaqda saxlayın. Açığı vəziyyəti çox qorxuludur. Yüksək təzyiq nəticəsində beyninə qan sızıb. Fəzayıl həkimlə ikimizin fikrimiz eynidir. Lap mənim öz anam da olsa idi bundan artıq heç bir müalicə yaza bilməzdim. Qansızmanın qarşısını ala bilsək yəqin ki, bir köməyimiz dəyər.
… Birdən ağır-ağır açılan qapının cırıltısına hamı çönüb arakəsmə otağa tərəf baxdı. Sanki qapı da xəcalətindən açılmaq istəmirdi. İstəyirdi ki, gözləyənlər bu xəbəri canına hopdursun. İstəmirdi ki, altı gündən bəri ümidlə gözləyənlər bəd xəbər eşitsin. Hamı içəridən çıxan Banı xalanın nə deyəcəyini gözləyirdi. Qəhər onu boğurdu. Danışa bilmirdi. Neçə-neçə belə hadisənin şahidi olmuş o mənalı gözləri nə demək istəyirdi görəsən. Sanki gözlərində şimşək çaxdı, leysan axmağa başladı. Xəyyam elə bildi bu sevincdəndi. Ancaq birdən hamı bir ağızdan dedi:
– Allah rəhmət eləsin!
Yeddi gündən sonra Xəyyam oğlu Aqili də götürüb ata ocağına üz tutdu. Evin səliqə-səhmanı, əşyaları öz yerindəydi. Atası, qardaşları da evdəydi. Bircə anasından savayı. Özü də bilmirdi onu çəkib bura gətirən hansı hisslərdi. Yoxsa, tale anasının qollarını oğul toyunda həsrət qoyan kimi, o, da anasının xoş danlağına, qınağına həsrət qalmışdı. Özü də bilmirdi. Bircə onu bilirdi ki, onu bura çəkib gətirən hansısa görünməz bir qüvvədir. Baxanda gördü ki, dərdli xəbərlə açılan qapı yenə də bağlıdı. Bu qapı ona çox dəhşətli göründü. Ağlına gəldi ki, qapını yerindən çıxarıb aparıb atsın uzaqlara. Olub keçənləri xatırladıqca başı dumanlanırdı. Qapıya yaxınlaşdıqca onu tər basırdı. Əlini atıb qapını yerindən çıxardığını özü də hiss etmədi. Neçə illərin qurumuş taxtası olan qapı quş kimiydi. İki əlli tutub qapını çiyninə qaldırdı. Amma birdən beli bükülməyə başladı. Çünki qapı dərdi öz canına hopdurmuşdu və dərd qapısı olmuşdu bu qapı. Eləcə bu vəziyyətdə də küçəyə çıxdı. Adəti üzrə oğlu da onun dalınca yüyürdü. Qapı da çiynində küçəylə üzü yuxarı getməyə başladı. Yanında körpə Aqili, çiynində isə dərd qapısı…
Share: