Bu gün Azərbaycan media tarixində xüsusi əhəmiyyət daşıyan bir qurumun – Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasının 70 illiyi tamam olur.
Yeddi onillik ərzində bu mötəbər media orqanı ölkənin ictimai-siyasi, mədəni və mənəvi həyatının güzgüsünə çevrilərək, milli yayım ənənələrinin formalaşmasında və inkişafında müstəsna rol oynayıb.
Bu illər ərzində Azərbaycan Televiziyası və Radiosu milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında, ana dilimizin saflığının təminində, ədəbiyyatımızın, musiqimizin, teatr və kino sənətimizin təbliğində əvəzsiz xidmətlər göstərib. Xüsusilə müstəqillik dövründə dövlətçilik ideyalarının, vətənpərvərlik ruhunun və milli həmrəyliyin möhkəmləndirilməsində qurumun fəaliyyəti böyük əhəmiyyət kəsb edib.Bu nüfuzlu media ocağı həm də yüzlərlə tanınmış jurnalistin, diktorun, rejissorun, yazıçı və publisistin formalaşdığı bir məktəb olub. Peşəkarlıq, məsuliyyət və yaradıcılıq mühiti burada fəaliyyət göstərən hər bir əməkdaşın yaradıcılıq taleyinə mühüm təsir edib. Məhz belə sənətkarlar sırasında “Əməkdar incəsənət xadimi”, yazıçı-publisist Şəfəq Sultan Əlixanlı da xüsusi yer tutur. O, ilk əmək fəaliyyətinə məhz bu mötəbər qurumda başlayaraq, media və ədəbiyyat sahəsində özünəməxsus yol keçib.

Şəfəq Sultan Əlixanlının Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də fəaliyyətə başlaması onun gələcək yaradıcılıq istiqamətinin müəyyənləşməsində mühüm rol oynayıb. Televiziya mühitində qazandığı təcrübə, canlı sözlə işləmək bacarığı, publisistik düşüncə tərzi onun sonrakı ədəbi və ictimai fəaliyyətində də aydın şəkildə özünü göstərib. Media sahəsində qazandığı bilik və bacarıqlar yazıçının publisistik yazılarında, ədəbi əsərlərində dərinlik və aktuallıq yaradıb. Onun qələmə aldığı məqalələrdə və bədii nümunələrdə dövrün ictimai problemlərinə həssas münasibət, milli-mənəvi dəyərlərə bağlılıq və vətənpərvərlik mövzuları əsas xətti təşkil edir.

Xatırladaq ki, Şəfəq Sultan Əlixanova 22 sentyabr 1955 – ci ildə Bakıda, ziyalı ailəsində anadan olub. 1972-ci ildə H.Cavid adına 132 nömrəli orta məktəbi bitirib. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olub. Tələbəlik illərində o vaxtkı Dövlət Teleradio Verilişləri Komitəsi ilə sıx əməkdaşlıq edib. 1974 cü ildən ədəbiyyata, mətbuata gəlir.
1980- ci ildən Əmək kitabçasına yazılan Az.TVR-da 45 ildən artıq sənət yolu keçib, “Sabahınız xeyir”, “Molla Nəsrəddin”, “Xatun”, “Bizdən sonra” və s. populyar, uzunömrlü verilişlərin müəllifi və aparıcısı olub.
Dünya ədəbiyyatından tərcümə və səhnələşdirmələri, eləcə də müəllifi oldugu 40-dan çox Radio-tamaşa Radiomuzun “Qızıl fond”unda saxlanılır.

Azərbaycan müstəqilliyini qazanandan sonra Respublika Qadınlarıının l və ll qurultayının nümayəndəsi seçilib. Hazırda Ş.Əlixanlı yüksək peşəkarlıqla yaradıcılıgının parlaq dövrünü yaşayır. O, eyni zamanda ixtisası üzrə respublikanın müxtəlif universitetlərində dərs deyir, sevdiyi peşəsinin sirlərini gənclərə də öyrədir.
Şəfəq xanımın bu dəyərli ömür və sənət tarixçəsinin bir dəyərli məqamı da onun 45 illik ailə taleyinin Azərbaycan Radiosu ilə bağlı olması, həyat yoldaşı yazıçı- jurnalist Vaqif Əlixanlı ilə talelərinin məhz bu sənət ocağında birləşməsidir. Övladları Aynur, Aytac, Ayna və Zərif də elmə, sözə, sənətə valideynləri qədər bağlıdırlar!


Şəfəq xanım Respublika Mətbuat Fondunun “Dan ulduzu”, “Zərdabi” və başqa mükafatlarla da təltif olunub. Müxtəlif illərdə “İlin jurnalisti” adını qazanıb.
1996-cı ildə isə Ulu Öndər Heydər Əliyevin 4 noyabr fərmanı ilə Azərbaycan Mədəniyyətinin, İncəsənətinin və dövlətçiliyinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının “Əməkdar İncəsənət Xadimi” adına layiq görülüb. Az.TV- nin populyar “Ovqat” verilişinin müəllifi və aparıcısı olduğu müddətdə reytinq cədvəlinin ən ön sıralarında olmasıyla telejurnalistikamıza başıucalıq gətirib.
Bu gün 70 illik yubileyini qeyd edən Azərbaycan Televiziya və Radio Verilişləri QSC zəngin ənənələrini müasir texnologiyalarla birləşdirərək fəaliyyətini davam etdirir. Rəqəmsallaşma, yeni yayım platformaları və multimedia imkanları qurumun auditoriyasını daha da genişləndirir. Yeddi onillik ərzində formalaşmış peşəkarlıq məktəbi, milli ruh və yaradıcılıq ənənələri bu gün də yaşayır və inkişaf edir. Şəfəq Sultan Əlixanlı kimi söz və sənət adamlarının bu məkanda fəaliyyətə başlaması isə təsdiq edir ki, Azərbaycan Televiziyası və Radiosu təkcə informasiya vasitəsi deyil, həm də yaradıcılıq talelərinin formalaşdığı müqəddəs bir sənət ocağıdır.
70 illik yubiley münasibətilə bu mötəbər qurumun bütün əməkdaşlarını və media ictimaiyyətini təbrik edir, Azərbaycan mediasının inkişafı naminə göstərilən xidmətlərin davamlı olmasını arzulayırıq.

Müstaqil.Az



















.jpg)

