Şəhla Rəvan tanınmışların təqdimatında… – Əfrahim Abbas yazır

Şəhla Rəvan tanınmışların təqdimatında… – Əfrahim Abbas yazır

(Xüsusi olaraq “Mustaqil.az” portalı üçün)

Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndəsi, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, ədəbiyyatçı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvanın təqdimatı rublikasında tanınmış ziyalılar, ədiblər, yazıçılar və şairlərin onun haqqında olan baxışlari ilə tanış oluruq:

“Düşüncələrinin zirvəsində dayanan insan: Şəhla xanımın həyat fəaliyyətinə üç istiqamətdə münasibət bildirmək olar: 1-ci istiqamət onun pedaqoji fəaliyyəti, 2-ci istiqamət onun poeziya aləmindəki yeri, 3-cü istiqamət isə ədəbi təhlildəki müvəffəqiyyətlərindən ibarətdir.
1-ci yanaşmada o milli təhsilimizin dünya təhsil sisteminə inteqrasiya olunmasında, kurikulumun təlim zamanı tətbiqində, müasir təlim metodlarının tədris zamanı istifadəsinə üstünlük verməsində özünü göstərmiş və fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, o böyük bir kollektivə rəhbər təyin edilmişdir və bu gün də təqdirəlayiq olan pedaqoji fəaliyyətini müvəffəqiyyətlə davam etdirir.
2-ci yanaşma onun poeziya aləmində özünəməxsusluğu ilə seçilir. Beş kitabın müəllifi olan şairə xanım Şəhla Rəvanın Azərbaycan poeziyasına mükəmməl şəkildə qələmə aldığı poetik inciləri ilə böyük töhfələr bəxş etmişdir. Milli ruhda yazılmış şeirləri, dövlətçiliyimizi tərənnüm edən müxtəlif səpgili yazıları və şeirləri daha çox diqqəti çəkir. “Həyat sevgisi” adlı kitabında Ulu Öndər Heydər Əliyevə ithaf etdiyi şeirində Azərbaycanımızın azad, müstəqil və heç bir dövlətdən asılı olmadığını böyük ustalıqla qələmə alan şairə xanım yazır:

“Neçə-neçə borandan, fırtınalardan keçib,
Vətəninə, xalqına doğru olan yol seçib,
Müqəddəs bayrağına diz çökərək and içib,
Azadıq, müstəqilik, biz asılı deyilik!”

Vətənpərvərlik ruhunda, bu səpgidə yazılmış şeirləri demək olar ki, əksər kitablarının qayəsini təşkil edir. Mən məhdud zaman kəsiyindən istifadə edərək bu barədə geniş yazmaq fikrində deyiləm. Poeziya aləmində zəngin yaradıcılığa malik olan gözəl yazarımıza – Şəhla Rəvan xanıma mükəmməl yaradıcılıq uğurları arzulayıram.
3-cü yanaşma isə onun rəngarəng poeziya dünyasında ədəbi təhlilləri ilə bağlıdır. İstər öz şeirlərinin, istərsə də diğər yaradıcı insanların şeirlərinin təhlilini vermək fərəhgətirici hal olsa da, həm də böyük məsuliyyət tələb edir. Məhz bu baxımdan Şəhla xanım bu ağır və məsuliyyətli işin altına girmiş və çox böyük ustalıqla da bu işin öhdəsindən gələ bilmişdir.
Qarşımda fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” və “Zəfər” Media mükafatları laureatı, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi, dəyərli alim İlqar İsmayılzadənin redaktorluğu ilə işıq üzü görmüş “Ədəbi təhlillər” kitabı mövcuddur. Kitabda görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin poeziya nümunələrindən təhlillər verilmişdir. Çox böyük məsuliyyət tələb edən bu işin öhdəsindən Şəhla xanım layiqincə gələ bilmişdir.
Ümid edirəm ki, istər dəyərli pedaqoji fəaliyyətində, istərsə də böyük Azərbaycan poeziya aləminə müxtəlif səpgili rəngarəng yeniliklər-töhfələr verməklə geniş oxucu kütləsinin dərin rəğbətini qazanmış olacaq. Bir daha Şəhla xanıma uğurlar arzulayıram!”

Əfrahim Abbas
Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

veteran pedaqoq, yazıçı-şair

Share: