Görünmür
Görünmür içim mənim,
Heç bir yanda görünmür.
Çıxan ruh da görünmür,
Çıxan can da görünmür…
Bilmirəm nə olacaq,
Olanı yaşayıram.
İkimizdən geriyə
Qalanı yaşayıram.
.
Görünmür içim mənim, –
Bu gördüyün yara heç?..
Sonraya saxlama ki,
Sonra gecdi, sonra gec.
Tək səninlə
Gözümdən itən kimi
Xəyalın canlandısa,
Yarım qalan hər şeyim
Tək səninlə tamdısa.
.
Gülü solan güldanın
Təkliyidi mənimki.
Dərd yığılıb üst-üstə,
Bu nə birdi, nə iki.
.
Bu payız bir başqadı,
Bu yağış kəsən deyil…
Məni ki sevənlərin
Hamısı bir sən deyil.
.
O əvvəlki, o məsum
Yaşımdan ayrılmadım.
Məni nəylə qınadın?
Xoşumdan ayrılmadım.
Canı çıxır gecənin
Səhərə nə qalıb ki,
Canı çıxır gecənin.
Yolu adından keçir,
Dilimdəki hecanın.
.
Gör bir neylədin mənə,
Başına gələr, gəlməz?
Mən də səni tək qoyum,
Xoşuna gələr, gəlməz?
.
Üzü sənə açılan
Əllərimi qurutdun…
Yaxşı, mən “unut” dedim,
Bəs sən niye unutdun?
















