“Ana kimi yar olmaz, Vətən kimi diyar.”
Atalar sözü
Dünyada elə fövqəlinsanlar var ki, onların haqqında yazmaq və ya danışmaq həm şərəflidir, həm də məsuliyyətli. Fövqəlinsanlar deyəndə kimlər nəzərdə tutulur?
Alman filosofu Fridrix Nitsşenin təbirincə desək, “fövqəlinsanlar” həyatın onlara nə verməsindən asılı olmayaraq çətinlikləri dəf edən güclü və yaradıcı şəxslərdir. Məgər canımıza can, ruhumuza ruh verən QADIN – ANA öz təbiəti etibarı ilə YARADICI deyilmi? Bəli, Ana həm yaradandı, həm də yaşadan. Əgər bütün səmavi və dünyəvi yollar oz başlanğıcını Tanrıdan -Yaradandan götürürsə, bizim də bu işiqlı dunyaya, keşməkeşli hayata gələn yollarımız ANAdan başlanır. Əbəs yerə xalqımızın mənəvi aləminin tərcümanı olan ulu dədələrimiz, ozanlarımız “Ana haqqı Tanrı haqqıdır!” deməyiblər ki… Qədim türklərdə Ana az qala Tanrı qədər müqəddəslik qazanıb. İslam peyğəmbəri Həzrəti Məhəmməd (s) “Cənnət anaların ayaqları altındadır” kəlamını deyəndə məhz elə ana adının ucalığını, ecazkarlığını, müqəddəsliyini və ananın candan da əziz olduğunu bəyan etmişdir.
Keçmişdən üzü bəri elə bir yaradıcı adam – ozan-aşıq, şair, yazıçı, bəstəkar, rəssam, heykəltəraş, memar… yoxdur ki, öz yaradıcılığında Qadın – Ana obrazına xüsusi yer verməsin. Çünki bu və ya digər sənətkarın yaradıcılığının ilkin toxumlarını sevgi ilə suvaran, ruhən barındıran qadındır… İstər Şərq ədəbiyyatı olsun, istər Qərb – əli qələm tutan hər kəsin öz həyat tərzləri ilə yanaşı böyük yaradıcılıq ideyalarının, dərin duyğu və düşüncələrinin arxasında dünyaya nur saçan, gözəllik bəxş edən qadın – anaların ilhamverici təsir gücü, böyük fədakarlığı, aşkar və ya gizli sevdası dayanıb. XX əsr Azərbaycan poeziyasının ən parlaq simalarından biri, xalq şairi Səməd Vurğundan nümünə gətirdiyimiz şeirdə deyildiyi kimi:
Hər bağın, hər bağçanın bir bülbüli şeydası var,
Hər duyan qəlbin, əzizim, gizli bir sevdası var.
Ruhu oxşar, qəlbi oxşar incə bir canan səsi,
Gah gülər, gah ağlayar, hər dəmdə bir mənası var…
Enişli-yoxuşlu ömür yollarında Anaların da qismətinə düşən TALE payı var. Ana adlı qadın istəkli həyat yoldaşıdır, mehriban bacıdır və zamanı gələndə özünün nənəlik missiyalarını yerinə yetirən müdrik xanım-xatındır.
Bəzi qaynaqlarda Azərbaycanda doğulduğu ehtimal edilən Zərdüşt peyğəmbər “Avesta”da qadın barədə belə demişdir: “Qadın odun-ocağın qoruyucusudur… Qadınsız həyatda sevinc və səadət yoxdur!”
Azərbaycan anasının hünər, cəsarət mücəssəməsi olması təkcə müasir çağımızın mövzusu deyil. Hələ xalqımızın əzəli dastanı və yazılı abidəmiz olan “Kitabi-Dədə Qorqud”da anaya çox yüksək diqqət, dərin hörmət və ehtiram vardır. Boyu uzun, beli incə Burla xatunun timsalında həm güclü qadın, həm sədaqətli həyat yoldaşı, həm də gözəl ana obrazı yaradılıb. Uruz əsir düşdükdə xanlar xanı Bayandır xanın qızı, bəylər bəyi Salur Qazanın həyat yoldaşı, Oğuz dövlətinin birinci xanımı Burla xatun qara qılıncını qurşayıb qırx incəbelli qızla ərinin və oğlunun köməyinə gedir, oğlunu əsirlikdən qurtarmaq üçün igidlərlə birlikdə döyüşür. Bu yolda min bir əziyyətlə qarşılaşsa da, məqsədindən dönmür. Qazan xan döyüşdən əvvəl düşməndən əsir düşmüş anasını istəyir: “Anamı vergil mana. Savaşmadan, uruşmadan qayıdayım”, – deyir. Uruz da anasını qorumaq naminə və atasının namusu ləkələnməsin deyə öz ətinin qara qovurma edilməsinə razı olur. Bu, övladın ana, ananın da övladı üçün əhəmiyyətini vurğulayan önəmli bir məqamdır.
…Dastanda Banuçiçək Beyrəklə at çapır, ox atır, güləşir, on altı illik həsrətə qatlaşır. Dəli Domrulun xatunu onun əvəzinə ölümə razı olur, Səgrəyin xatunu ondan sonra ərə getməyəcəyinə and içir… Qaragözlü, burma saçlı, əlləri biləyindən xınalı, sərvi boylu, qara saçlı, çatma qaşlı gözəllər at minir, qılınc çalır, sağa-sola qoşa yay çəkir, ov ovlayır, quş quşlayır, qurşaq tutur, düşmənlə savaşırlar. Vətən naminə, sevgililəri, ərləri, ailələri uğrunda canlarından keçməyə hər an hazır olan Dədə Qorqud boylarındakı qadın qəhrəmanlar ailə birliyinin, sədaqətin və dözümlülüyün rəmzi kimi böyük ustalıqla təsvir olunur…
Azərbaycan xalqının ruhundan süzülüb gələn folklorumuzda da Ana obrazları Vətən obrazı kimi öz əksini tapmışdır. Yüzilliklər adlayıb gələn dörd misralıq bənddən ibarət bitkin şeir janrı olan və zərif duyğuları yaşadan bayatılarımızın xeyli hissəsi elə anaların payına düşür. Doğma vətənə bağlılıq, anaya sevgi hissləri sadə və aydın bir dillə ifadə olunur:
Burda yolum oldu tən,
Varmı bu yoldan ötən?
Bu dünyada əziz şey,
Bir anadır, bir Vətən.
***
Bəzən düşünürəm ki, yəqin ki, çaylar yuxusunda balıqları görür… Göylər yuxusunda günəşi, ayı, ulduzları, dağlar yuxusunda qartalları, şahinləri,
dənizlər yuxusunda yosunları, qağayıları, ANALARSA yuxusunda yaxında – uzaqda yaşayan oğul və qız övladlarını görürlər… Yuxu yozmalarında deyilir ki, övladların yuxuda anasını görməsi son dərəcə xeyirli bir yuxudur. Bu, övladların həyatında ruzi bolluğuna işarə edər. Yuxuda anasını görən adamın vəziyyəti yaxşı deyilsə, düzələr. Yuxu təbirlərinə görə, yuxusunda anasını görən adamın tez-tez onu ziyarət etməsi və xeyir – duasını alması vacibdir…
***
Azərbaycan bəstəkarlarının yaradıcılığında ana haqqında yazılmış yüzlərlə mahnı var. Elə bu sətirləri yaza-yaza Ana haqqında yazılmış ən uğurlu mahnılardan birini – görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun nəğməkar şair İslam Səfərlinin sözlərinə bəstələdiyi “Əziz ana” mahnısını səsi sərhəd tanımayan ölməz sənətkarımız Rəşid Behbudovun ifasında dinləyirəm. Ana sevgisini ifadə edən bu gözəl, ürəkləri isidən mahnını dinləyə-dinləyə analı günlərim yadıma düşür. Düşünürəm, bu “Gəlimli-gedimli, son ucu ölümlü dünya”da bizim üçün ana laylasından həzin bir musiqi yoxdur. Həyatımızın hər anını mənalı edən bütün analar kimi mənim anam da oğul-qız nəvələrinin beşiyini yırğalaya laylay çalardı:
Laylay dedim yatasan,
Qızıl gülə batasan.
Gül yastığın içində,
Şirin yuxu tapasan.
…İllər arxasından gələn bu lətafətli, məlahətli səs- sədanın sehrinə düşürəm. Anam evdar qadın olsa da, təkcə ev -eşiyimizi, həyət – bacamızı deyil, şəfqətli əlləri, mehriban baxışıarı ilə ömrmüzü də gözəllişdirərdi. Anamızın nəfəsi, ətri dəyən, əli toxunan hər şey gözlərimdə gözəl idi… Uşaq vaxtı soyuq qış günündə mənim corablarımı anam geyindirərdi. Elə bil onun əllərinin hərarəti corablarıma hopardı. Ayaqlarım qarlı-şaxtalı havalarda belə üşüməzdi. O soyuq qış günləri doğulub böyüdüyüm ocağın istisini təkcə anamın əllərində deyil, nəfəsində də duyardım… Gözlərimin önündə mən hərbi xidmətdən qısa müddətli məzuniyyətə, sonra da tərxis olunub gələndə anamın əllərinin boynuma necə sarıldığı günlər canlanır.
“Bu dünyadakı ən gözəl qadını öz atalarımız alıb.” O vaxtlar şairanə deyilmiş bu gözəl fikirdən heç xəbərim də yox idi. Amma elə bilirdim ki, mənim anam kəndimizin gözəllər gözəli olub, atam da onu özünə ömür yoldaşı seçib. Təbii ki, hər kəsin anası onun üçün əzizdir… ANA olduğu gündən kirpiyi ilə od götürüb dörd qız, dörd oğul övladı böyüdən cəfakeş anam 65 yaşında soyuq bir qış gecəsi gözlərimin önündə Haqqın dərgahına qovuşdu. Bu dünyadan mənə son dəfə “Qorxmaz” deyib köç etdi anam… Bu acı həqiqətin şahidi olsam da, o gecə gözlərimə inana bilmirdim. O, atamıza istəkli ömür yoladaşı, bizə isə dodaqlarından xeyir – duası əskik olmayan əziz ANA həsrəti yadigar qoyub getdi…
XX əsr fransız ədəbiyyatının klassiki Andre Morua yazırdı ki, insanın həyatdakı məqsədi özünə əbədi şöhrət qazanmaqda deyil, ömrün hər gününü kiçik bir əbədiyyətə çevirməkdədir… Anam Aminə Qəhrəman qızı da gecə-gündüz, yay-qış demədən, bizim üçün sevgi dolu ömrünü şam kimi əridib əbədiyyətə çevirdi… İndi kənd qəbiristanlığında bizdən nigaran anamla yanaşı, atamızın da baş daşı yollara boylanır…
Öz anasını sevməyən, özgə anasını sevməz
Bəli, bu, çox haqlı deyimdir: “Öz anasını sevməyən, özgə anasını sevə bilməz!” Təəssüf ki, cəmiyyətimizdə anasına laqeyd olan övladlara da rast gəlmək olur. “Bir ananın taleyi”ndən bəhs edən kitab üzərində işləyərkən, sosial şəbəkədə paylaşılan kiçik yazı oxudum: İllər sonra ailə qurub övlad sahibi olan yeganə oğluna anası gecənin bir aləmi rayondan zəng edir. Oğlu ona sərt cavab verib deyir ki, nə var ay ana, nə istəyirsən? Gecənin bu vaxtı məni niyə narahat edirsən? Səhər zəng vursan, olmazdı ki? Ana kövrəlib, ağlamsınır. Handan – hana özünə gəlir, deyir ki, oğlum, bundan düz 25 il qabaq gecənin bu vaxtı sən məni narahat etmişdin . Zəng elədim ki, deyəm: Ad günun mübarək olsun, oğlum!
***
…Yazıçı-publisist, təqaüddə olan polis polkovniki Elburus Şahmar bir dəfə mənə şahidi olduğu belə bir əhvalatı belə nəql elədi: – Gənc yaşlarımda Bakı kəndlərinin birində sahə müfəttişi işləyirdim. Bir gün qəbuluma bir ana gəldi. Oğlundan gileylənib dedi ki, həyətdə saxladığı iti də məndən çox istəyir. İt üçün yaxşı dam tikib, şərait yaradıb, amma məni ev-eşiyinə yaxın belə qoymur…
Hövüllənib durdum ayağa, portfelimi də götürdüm, dedim ki, narahat olma,indi gedib onu gətirib salaram qoduğluğa, ağılı başına gələr! Ana mənə yalvar-yaxar elədi, dedi ki, ay oğul, sən onu qoduğluğa salsan, bəs mənim tabutumi ciynində kim məzara aparar?!
Bax, budur, əsl Azərbaycan ANAsı… Övladı xətrinə dəysə də, onun sevgisi ilə döyünən qəlbinin səsini eşidən ANA…
Analarınızı, nənələrinizi sevin, sağlığında onların hər zaman qayğısını çəkin! Analarına, nənələrinə nəvaziş göstərən, onların xeyir – dualarını alan övladlara Allah həm bu dünyada, həm də axirətdə müjdə verər, onları xoşbəxt bəndələri cərgəsində öz rəhmət və mərhəməti ilə qəbul edər. Söz insanı insan edən, onu digər canlılardan fərqləndirən ilahi pay, Allahın bəşər övladına bəxş etdiyi ən ülvi nemətidir.
Sözün hikməti barədə Həzrəti Əli buyurub: “Sözün yeri könüldür, ismarlandığı yer düşüncədir, CANI isə MƏNA.” Mən də Rəbbimizin neməti sayılan, Ruhumuzu cilalayan SÖZƏ itaət və istinad edib bir ananın obrazını oxucuların gözü önündə canlandırmağa çalışdım.
“Yunis bir söz söyləmiş heç bir sözə bənzəməz,
Münafıqlər əlindən örtü MƏNA üzünü.”
Münafıqlər bütün dövrlərdə və cəmiyyətlərdə olmuşdur. Sözlə pərdələndikləri üçün onları tanımaq və şərindən xilas olmaq çətindir. Dildə Allahdan, imandan danışan münafiq öz fəaliyyətini gizli həyata keçirir və bəzən də istəyinə nail olur. Tənqidə hər zaman açıq olan ədəbiyyat təbii ki, cəmiyyətin hisslərini, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir. Ədəbiyyatşünas alim, professor Rafiq Yusifoğlunun təbirincə desək, ədəbiyyat həyatdan qidalanır, ancaq eyni zamanda həyatın bədii dərkinə yardımçı olur, insanların dünyagörüşünün, həyat təcrübəsinin, estetik zövqünün formalaşmasında son dərəcə mühüm rol oynayır…
Sonda bir daha qeyd etmək istəyirəm ki, mən iki ay ərzində 6 bölümü kino-povest, 4 bölümü publisistik və essevari düşüncələrdən ibarət olan “Bir ananın taleyi”ni yazarkən öz qəhrəmanımın timsalında anaya, nənəyə olan sevginin, xətir-hörmətin ən bariz nümunəsini gördüm. Fəqət, həmin Anaya 100 illik yubileyində kitabımın əlyazmasını hədiyyə etmək mənə nəsib olmadı. Allah heç bir anadan övlad sevgisini, heç bir qələm əhlindən də oxucu məhəbbətini əsirgəməsin! Amin.
Tanrı sizi, Ana Vətənimiz Azərbaycanı qorusun!
8-15 yanvar 2026-cı il.
Şabran, Pirəbədil kəndi
AYB-in yaradıcılıq və istirəhət evi.






















