Ruhu şad olsun! – Elman Eldaroğlu yazdı

Ruhu şad olsun! – Elman Eldaroğlu yazdı

Onunla bir neçə il əvvəl Şuşada, “Vaqif poeziya günləri”ndə tanış olmuşduq. Eyni oteldə qalırdıq. Arda otelin həyətində görüşəndə olub keçənlərdən, başına gələn məzəli hadisələrdən danışır, mənə özü haqda məlumat ötürürdü.

Ciddi görkəmi, zamanın dərin cığırlar açdığı siması, qalın səsi, danışarkən bədən dili mənə uşaqlığımda gördüyüm köhnə kişiləri xatırladırdı…
“O vaxt Ukraynada olarkən qatarda bir nəfəri soyub döymüşdüm. Xarkov məhkəməsi mənə 2 il 6 ay iş verdi. Doğrudur, heç nəyi sübut edə bilmədilər, amma qərar belə oldu. Mən ən yaxşı şeirlərimin çoxunu Ukrayna türməsində yazmışam. O vaxt mən “Qrono” yaradıcılıq birliyinin üzvü idim. Tez-tez yanıma gəlirdilər. Orda yaşayan azərbaycanlılar da məni yaxşı tanıyırdılar. 1986-cı ilin sentyabrında həbsdən çıxanda Xarkovdakı azərbaycanlılar məni təmtəraqla yola saldılar. Onlardan biri də məşhur futbolçumuz Vəli Qasımov idi. O vaxt Xarkovda, “Metallist”də oynayırdı. Bakıda isə məni Nazim Hikmətdən də yaxşı qarşıladılar. Gələn kimi “Ulduz”, “Azərbaycan” jurnallarında çap olunmağa başladım. Mən SSRİ Yazıçılar İttifaqına kitabsız qəbul olunan iki-üç nəfərdən biriyəm.”- söyləyirdi.
İlk şeirini əsgərlikdə yazıb. Sevdiyi qızın nişanlandığını eşidəndən sonra, bu hadisə ona çox pis təsir edib və ilk şeiri də onda yaranıb. “Xoşqədəmli” adlı şeiri isə ilk dəfə 1979-cu ildə “Azərbaycan gəncləri” qəzetində çap olunub. Bildirirdi ki, şeir yazanda ekstaz vəziyyətində olur. Düşünür ki, poeziya düşüncənin üstünə ürək şəkli çəkməkdir, onu ütüləməkdir…
Deyirdi ki:- “Bir neçə il əvvəl Anar müəllimin yanına getmişdim. Dedim, məni təqaüd alanların siyahısına salın. Dedi, ikinci dəfə təqaüd verə bilmərik. Dedim, axı, mənim ikinci dəfə təqaüd almağımdan heç kim şikayət eləməz. İki il ömrüm qalıb. 1500 manatlıq təqaüdə sala bilmirsiniz, heç olmasa 300 manatlıq təqaüdə salın. Dedi, yox e, yox, sizə yardım edə bilərik, amma təqaüd verə bilmərik. Mənə yardım lazım deyil, təqaüdə ehtiyacım var- söylədim…”
Haqqında söhbət açdığım şair Əlisəmid Kür 8 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub. 1971-ci ildə Salyan şəhər 3 saylı orta məktəbini fərqlənmə attestatı ilə başa vurub. 1981-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Yol” ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə “Yol” ədəbiyyat qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Bir sıra kitabların müəllifidir. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, poeziya almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib. 2025-ci ilin oktyabr ayının 13-də gözlərini əbədi yumaraq haqq dünyasına qovuşub…
…Öz sözü, mövqeyi olan xarizmatik adam idi. Heç bir təzyiq və şiddətlə onu sındırmaq mümkün deyildi. Necə deyərlər, yalaq, miyanə adamlara nifrət edir və ömrünün sonuna qədər azad yaşamaq üçün əlindən gələni əsirgəmirdi. Başqasının həyatına qarışmadığı kimi, öz həyatına da kiminsə qarışmasını sevmirdi. Emosional tərəfi güclü olsa da, fəqət üzərində nəzarəti itirmirdi. Anarxiyanı, xaosu xoşlamır, adət-ənənələrə, qayda-qanunlara bağlı adam idi…
“Həyatda acığım gələn 3 şey var: intihar, aclıq aksiyası, mitinq. Nifrət edirəm üçünə də. Sözün var, söz denən. Həyatın qədir-qiymətini bilmək lazımdır. Gözümüzün qabağında Ukrayna boyda ölkə dağılır. Xocalıdan daha böyük faciənin şahidi oluruq. Mən o ölkəni vaxtı ilə qarış-qarış gəzmişəm. Ağır dərddir.”- söyləyirdi.
Təvazökar və çox çalışqandı. Yalanı sevmir, alnının təri ilə yaşamağa üstünlük verirdi. Kifayət qədər dürüstlüyü və həqiqətpərəsliyi var idi. İnsanları başa düşə və onlarla asanlıqla ünsiyyət qura bilirdi. İctimai həyata böyük əhəmiyyət verirdi. Əylənmək və yüngül həyat tərzi keçirmək onun işi deyildi. Həyatda ciddi və özünə qarşı tələbkardı. Şübhəsiz ki, tənhalığı xoşlamırdı. O, səxavətli, açıqürəklidir və insanlarla səmimi rəftarı ilə seçilirdi. Kiməsə yardım edəndə özünü xoşbəxt hiss edirdi. Analitik təfəkkürü vardı…
Deyirdi ki:- “İndi elə bir dövrdür ki, Qənimət Zahidin vaxtı ilə Mirşahinin vaxtı qarışıb. Millət də qalıb ortada. Biz şeirimizi 15 il qabaq yazmışıq. Biz nəyisə vəsf eləmək üçün yaşamırıq axı. Mənim gözümün qarşısında Xocalı faciəsindən daha böyük Mariupol faciəsi yaşanır. Bu faciəni göstərmək lazımdır. Xarı bülbüldən dünyada yüz yerdədir. Polad Bülbüloğlu bantik də vurub cır səslə mahnı oxuyur. Onu efirə çıxarıb Qarabağ səsini unutdurmaq istəyirlər. O vaxt Şuşada bir uşaq olub, deyiblər, çıxırıq, gəl, tez elə. Deyib ki, mən evimi qoruyuram da, niyə çıxım? Bax o uşağa heykəl qoyulmalıdır. Dünyanın müxtəlif ölkələrində, şəhərlərində belə heykəllər var. Adsız uşaq heykəli…”
…Gərginlik keçirmədən yaşamağı xoşlayırdı. Oturaq həyatı xoşlamırdı. Bir sözlə, zahirən soyuq görünsə də, əslində nəcib, emosional və canlı adamdı. İnsanları sevəndə həqiqətən də ürəkdən sevirdi…
“Dövrü mətbuatı izləyirəm. İldə iki-üç roman yazan yazıçılar peyda olub. Onların heç birini oxumuram. Onların iyini bilirəm çünki. Ümumiyyətlə, mən müsahibə verəndə diqqətlə oxuyurlar, deyirlər, görək, Əlisəmid kimin adını çəkəcək. Keçən dəfə bir neçə nəfərin adını çəkmişdim, sonra hiss elədim ki, adını çəkmədiklərim inciyir bir azca. Həm də kiminsə adını çəkirsən, kimsə yadından çıxır. Sonra özün narahat olursan ki, niyə mən o cür istedadlı adamın adını unutdum, çəkmədim. Yadımdan çıxan uşaqlar bağışlasınlar məni. Mən ad çəkməkdən daha çox kitablara ön söz yazmaqla, özlərinə xoş söz deməklə dəstək oluram gənclərə, şairlərə, yazıçılara…”- söyləyirdi.
…Onunla bir neçə il əvvəl Şuşada, “Vaqif poeziya günləri”ndə tanış olmuşuq. Eyni oteldə qalırdıq. Hərdən otelin həyətində görüşəndə olub keçənlərdən, başına gələn hadisələrdən danışır, mənə özü haqda məlumat ötürürdü. Ciddi görkəmi, zamanın dərin cığırlar açdığı siması, qalın səsi, danışarkən bədən dili mənə uşaqlığımda gördüyüm köhnə kişiləri xatırladırdı…
Yaşasaydı, fevralın 8-də 72 yaşını qeyd edəcəkdi. Ruhu şad olsun!
Elman Eldaroğlu
Share: