RƏNA NƏCƏFQIZI:Mən hər zaman öz abrıma büküldüm, Ədəb- ərkan cığırından çıxmadım

RƏNA NƏCƏFQIZI:Mən hər zaman öz abrıma büküldüm, Ədəb- ərkan cığırından çıxmadım

Qürurumu yıxmadım 

Mən hər zaman öz abrıma büküldüm,
Ədəb- ərkan cığırından çıxmadım,
Yalanlara yanıb – yanıb töküldüm,
Doğransam da, azdan çoxu çıxmadım.

Bir yazığın haqqı tapdalananda,
Başın tutub xəyallara dalanda,
Gecələri dərdi satın alanda,
Arxa durdum, əlimi də, sıxmadım.

Yaltaqlanıb vəzifə də alaram,
Gözə girib gündımdə də qalaram,
Mən də gülüb , arsızlığa salaram,
Düzü qoyub , əyriliyə axmadım,
Tərzim deyil, qürurumu yıxmadım.

Yarızarafat, yarıgerçək
🌹 101 gül🌹

Min acını yemişəm,
Bir şirinin xətrinə,
Bu da keçər demişəm,
Sevgimizin xətrinə.

Həm şirin, həm acımsan,
Sən başımda tacımsan,
Verilməmiş “bac”ımsan
Düzdüm kiprik çətrinə.

Od alovsuz közəm mən,
Deyilməmiş sözəm mən,
Polad kimi ” döz”əm mən,
Döydüm şeirin sətrinə.

Nə badələr aşmışıq,
Küsüb hey barışmışıq,
Qaynayıb qarışmışıq,
“Yüz bir gül”ün ətrinə.

Share: