Rasif İMANOĞLU:Yaxşıya, peşəkara “Başa bəla”, – dedilər. Hamısının başını Gülə-gülə yedilər

Rasif İMANOĞLU:Yaxşıya, peşəkara “Başa bəla”, – dedilər. Hamısının başını Gülə-gülə yedilər
YARA OXŞAYIR
Yağan sulu qardı, yağış?
Daha çox qara oxşayır.
İslanacaq, kəsəydi kaş,
O gələn yara oxşayır.
Sevən çox, bəxtəvər hanı?
Azdı qurban etmək canı?
Məhəbbət var, imtahanı
Çarmıxa, dara oxşayır.
Kim abidə qoydu eşqə,
Kimini eşq sıxdı küncə.
İlk öpüşün dadı başqa,
Daha çox bala oxşayır.
02.03.2026
YALTAĞIN YAXŞISI YOX
Nakişilər hər yerdə –
Dərədə, düzdə də var.
Narahatlıq tək məndə?
Hər mərd, hər düzdə də var.
.
Danışanda hamı – düz,
İnansan, özündən küs.
Hərif gəzən dələduz
Yəqin ki, sizdə də var.
.
Çox artıb son vaxtlar, çox,
Nədənsə, hamısı tox.
Yaltağın yaxşısı yox,
Betəri bizdə də var.
25.02.2026
TAMAH BAŞA BƏLADI
Yaxşıya, peşəkara
“Başa bəla”, – dedilər.
Hamısının başını
Gülə-gülə yedilər.
.
Kim nəyi nəyə qatdı?
Əlləri nəyə çatdı,
Dişləri nəyə batdı,
Bala-bala yedilər.
.
Kim olursan – düz yaşa!
Çətin olsa – döz, yaşa.
Tütək verən, yüz yaşa,
Çala-çala getdilər.
23.02.2026
YADDAŞI İTİB DÜNYANIN
Yaddaşı itib dünyanın?
Olar da… Qoca dünyadı.
Yaxşıya yaxşı deməyən,
Pisə əl çalan dünyadı.
.
Gedib həyası üzündən,
Düz sözü qalıb? Düzün de.
Tox ilə toxdu özü də,
Aca əl açan dünyadı.
.
Haqqa yalan yapışdırır,
Bala zəhər qarışdırır.
Nə sərf etsə, yaraşdırır,
Var üçün çaşan dünyadı.
.
Çoxdan yolu azanladı,
Qanunları pozanladı,
Düzə qəbir qazanladı,
Hər həddi aşan dünyadı.
20.02.2026
Share: