Ağlaya bilirsən, mərdlərə ağla, Yurdumu həmişə mərdlər qorudu -Rasif İMANOĞLU

Ağlaya bilirsən, mərdlərə ağla, Yurdumu həmişə mərdlər qorudu -Rasif İMANOĞLU
SEVİNCİNDƏN MUĞAYƏT OL
(Dostum İlham Qulu oğlu Məmmədova)
Nə gözəldir tutduğun yol,
Hər işin fərəh doğurdu.
Sevincindən muğayət ol,
Kədər ən böyük oğrudur.
.
Güllə kimi keçir ömür,
Ləngitməkçün yaxası var?
Dərdə əyri baxmaq olmur,
Hər dərdin öz arxası var.
.
İnsaf adlı tərəzinin
Bir gözünü əyən çoxdu.
Halal yedin ömür boyu,
İndi halal yeyən çoxdu?!
.
Sözü tanıdığım qədər
Tanıyıram səni azı.
Məndən narazı olan da
Səndən milyon dəfə razı.
.
Yaxşılıqçün yarananlar
Yaxşılıqdan alır ilham.
Sən məndən çox, özündən çox
Allahın dostusan, İlham!
03.05.2025
YAĞININ YOLUNU BİRYOLLUQ BAĞLA
Ağlaya bilirsən, mərdlərə ağla,
Yurdumu həmişə mərdlər qorudu.
Yağının yolunu biryolluq bağla,
Tərpənər yoxsa ki, yenə də qurdu.
.
Şumla hər tarlanı, bir də becər, ək,
Göyərsin arzular, bitsin ümidlər.
Hər bəxti-taleyi bəd gətirənə
Bir udum hava tək bir az ümid ver.
.
Bu Səma sənindir, bu Yer sənindir,
Qucaqla, sevincə aç qollarını.
Xan Araz, Dəli Kür, Xəzər sənindir,
Dənizdən dağlara sal yollarını.
YEDDİ QARDAŞIQ…
(Qardaşlarıma)
Qardaşla çox dərd-qəmə
Qoymaq olur başdaşı.
Qardaşla yüngül gəlir:
Lap qaya yar, daş daşı.
.
Günün xoş olsun təki,
Xoş gündə dostun yüzdü.
Çətin gündə görürsən
Tək dostun: qardaş! Düzdü?
.
Hörmət-izzət gətirdi
Atamızın hər işi.
Səhv etməyə qorxmuşam,
Bağışlar İman kişi?
.
Eldar ata əvəzi,
İkram sonbeşiyimiz.
Qardaşlıqda görəsən
Çox olubdu “5”imiz?
.
Yeddi qardaşıq, demək
Dərd-qəmi yıxmalıyıq.
Ən çətin günlərdən də
Üzü ağ çıxmalıyıq.
25.04.2025
BİR SAMAN ÇÖPÜ ATMADIN
Bir saman çöpü atmadın
Biri suda batan vaxtı?
Rahat necə yatırsan sən,
Vicdanın da yatan vaxtı?
.
Nə yeyir, de, yetim indi?
Dərd yeyir yetimi indi.
Bir barmağın yetimindi
Əlin bala batan vaxtı.
.
Yer neçə qat, Göy neçə qat?
Çalış daim üzün ağart.
İnadına bir inad qat
Uğur səni satan vaxtı.
.
Çatır vaxtı dəmirin də,
Şahın, xanın, əmirin də.
Sıx əlini ölümün də,
Ömür sona çatan vaxtı.
21.04.2024
Share: