“Ramiz Mehdiyevin adamı”nın 60 illiyinə – Aydın CAN yazdı

“Ramiz Mehdiyevin adamı”nın 60 illiyinə – Aydın CAN yazdı

Mahal İsmayıloğlu təzə baş redaktor təyin olunmuşdu “Xalq qəzeti”nə. Məmməd Nazimoğlu da onun birinci müavini – onların əvvəlki iş yerlərində subordinasiya əksinə idi: Məmməd müəllim baş redaktor, Mahal İsmayıloğlu müavin.

Niyə bu fakta diqqət ayırıram, deyirəm, siz də bilin:

Qəzetlərin birinin bölgə müxbiri idim, bir gün baş redaktorun müavini çağırdı ki, burda rəhbərlik elə bilir sən mənim evimə Lənkəran nemətlərini daşıyırsan, kürü, balıq, ləvəngi, nə bilim, maşın “pokrışka”sı, bağ alətləri-filan, mən demirəm də e mənə gətir, ancaq… Çıxartdım vəsiqəni, yazdım ərizəni, “Azərbaycan” nəşriyyatını tərk edəndə liftin qarşısında Məmməd müəllimlə rastlaşdım – sifətim hiss-həyəcan ifadə etməkdən məhrum olsa da… çopurluğuma görə (üzümə bir ton buğda töksən, bir giləsi yerə düşməzdi o vaxtları), amma gözlərimdən məni oxuyan Məmməd müəllim səbəbini soruşdu: kim qanını qaraldıb?
Dedim. Dedi gəl, səni “Aydınlıq” qəzetinə bölgə müxbiri təyin edirəm!
Sonra elə oldu ki, onlar dəstə ilə keçdilər “Xalq qəzeti”nə. Təbii ki… mən artıq ayrı yerlərdə və hətta adının çəkilməsini istəməyən bir tələbə yoldaşım demişkən, “Aydın indi Çempionlar Liqasında oynayır” halındaydım. Rayona get-gəldən yorulmuşdum deyə, dedim bir Məmməd müəllimə dəyim, bəlkə məni bölgə müxbiri götürə, nə qədər olmasa da, ilk iş yerimdir.
Bəli, elə Məmməd müəllimin otağının qapısını döymək istəyirdim ki, qapı açıldı və çölə hamımızın tələbə yoldaşı, hamımızın dostu (sonradan biləcəkdik ki, heç birimizin nə dostu, nə də tələbə yoldaşı olmağına qiymət qoymayan biri!) çıxdı. Əlbəttə ki, doğmalar kimi salamlaşdıq-qucaqlaşdıq, niyə gəldiyimi soruşdu, mənim də adım üstümdə, hər zaman, hər şeydə aydın adam Aydınam da, buna qayıtdım ki, bölgə müxbiri Rafiq Həsənov qayıdıb, yeri boşdur, istəyirəm Məmməd müəllimlə məsləhətləşim!
İnanın, adam ANIN İÇİNDƏ elə bir VAHİMƏ formalaşdırdı üzündə, ortamda, dəhşətə gəldim:
– Bu qəzetdə indi hər bir işçini Ramiz Mehdiyev işə götürür! Sən Məmməd müəllimi çıxılmaz vəziyyətdə qoyma, həm də özünü bihörmət eləmə!
Zorla məni qapıdan uzaqlaşdırdı!
Üstündən altı-yeddi il keçəndən sonra Məmməd müəllimlə evində üzbəüz oturanda söhbət açıldı, qayıtdı ki, nə əcəb sən mənə yaxınlaşmadın onda, qeyd-şərtsiz işə götürərdim, heç bu qədər persona non-qratalıq yazılar müəllifi də olmazdın!?
Hadisəni olduğu kimi danışdım. Məmməd müəllim gülən adam deyildi, amma qəribə təbəssüm sərgiləməyi vardı, ancaq o an qəşəng güldü:
– Aydın, yazılarında xalqa, dövlətə, prezidentə yol göstərirsən… bu ağılla? A kişi, Mirbağır Yaqubzadəni Ramiz Mehdiyev hardan tanıyır, ya Ramiz Çıraqlını? Sənin ağlınca, Mirbağır Yaqubzadə Ramiz Mehdiyevin adamıdır? Mənə yaxınlaşdı, Mahala dedim, o da əmrini verdi! Ramiz Çıraqlı da bizim qrup yoldaşımızdır!
Day iş işdən keçmişdi, aradakı pərtliyi götürmək üçün “Məmməd müəllim, yaxşı ki, 1937-ci il deyil və nə yaxşı ki də deyil, yoxsa yazıq Mirbağırı Ramiz Mehdiyevin adamı kimi gülləyə göndərərdi sənin, mənim, hamımızın tələbə və iş yoldaşı!”
Gülüşdük, ötüşdürdük!
Bu yazıda niyə o uzaq – 30 il əvvəlki günə-hadisəyə qayıtdım?
Bu gün – yəni 26 dekabrda həmin o “Ramiz Mehdiyevin adamı” Mirbağır Yaqubzadənin ad günüdür. Həm də 60 yaşı olur!
Və bu faktı həm də ona görə yazıram ki, indi bir azca “1937” havası var – həmin adam hələ də indi “Xalq”a çevrilmiş qəzetdədir və Ramiz Mehdiyevin adamları axtarılır! O adam da elə oğğğğ…uldur ki, bir damcı da utanmaz gedib istintaqa deməyə ki, Mirbağırı “Xalq” qəzetinə Ramiz Mehdiyev işə götürtdürüb!
Mirbağır Yaqubzadə təxminən 30 ildir “Xalq” qəzetində işləyir – yox, sizlər onu fövqəlbəşər, seçkin yazılar müəllifi kimi tanımırsınız: Azərbaycandakı cahanşümul iqtisadi uğurlardan, hərətərəfli sosial rifahdan-zaddan bəhs edən növbətçi yazılar yazıb… “Azərbaycan”, “Respublika”, “Bakraboçi” və s iqtidar qəzetlərinin yüzlərlə “dejurnıy” müxbirləri kimi!
Yəni: yetimin biridir jurnalistikada! Ən böyük adamı Mahal İsmayıloğlu, Məmməd Nazimoğlu olub! Allah onun üzünə baxıb “Azərbaycan” qəzetində korrektor işləyəndə Mahal İsmayıloğlu, Məmməd Nazimoğlu “Azərbaycan” nəşriyyatına qəzeti çap eləməyə gələndə salam verib, o rəhmətliklər də onun salamını alıb, yadda saxlayıb və onlara müxbir kimi işləmək istədiyini deməyə gələndə həmin mənim rastlaşdığım o adamla rastlaşmayıb, ona deməyib, xəlvət gəlib!
Və… elə “həmin o adam” Mirbağır Yaqubzadənin “Xalq qəzeti”ndən əmrlə işdən çıxarılmasına vəsilə olub – hara fırlatsan, ilan ilandır, zəhərini hökmən tökəcək!
Təsəvvür edin, Həsən Həsənov kimi ipək, qabiliyyətli, qanacaqlı, humanist bir adam cəmi iki nəfəri – Şahin Əliyevi, Mirbağır Yaqubovu əmrlə işdən çıxarıb!
Şahin Əliyev qayıtmadı “Xalq” qəzetinə – “Tərəqqi” medalı da aldı, “əməkdar jurnalist” adı da, ev də!
Ancaq Mirbağır Yaqubzadə “Xalq” qəzetində 30 illik fəaliyyətinə görə nə ad alıb, nə ev, nə medal, baxmayaraq ki, ad, ev, mükafat alanların hamısından çox LAZIM OLAN YAZILARI yazıb – redaksiya tapşırığını 150 faiz yerinə yetirib!
Bilirəm, indi deyəcəksiniz ki, bə deyirsən əmrlə işdən çıxarıblar, 30 il necə olur?
Hə-ə, buna görə Mirbağır Yaqubovu hər dəfə görəndə deyirəm: sən mənim üçün Heydər Əliyevin miniatürüsən! Azərbaycanda tək bircə nəfər uzaqlaşdırıldığı, əleyhinə çıxılan məkana təzədən qayıda bilib! Sən təkrarən “Xalq” qəzetinə işə qayıtdığın üçün səni çox istəyirəm!
Çünki Mirbağır Yaqubzadə Şahin Əliyev deyil – dedim axı, yetimdir jurnalistikada! Başqa yerdə o heç kimə və heç nəyə gərək deyil: Tanrı onu jurnalistikaya yalnız və yalnız İlham Əliyevin uğurlu iqtisadi siyasətini, çiçəklənən Azərbaycanın inkişafını təbliğ etmək üçün “növbətçi müxbir” göndərib! Adam Azərbaycanın iqtisadi uğurlarını təbliğ, tərif etməsə, ürəyi dayanar, lap belə ölər! Ki… bu da ən ağır günah qazanmağa bərabər! Sağ olsun Əflatun Amaşovu bu “ağızbəhəm”liyinə görə – Əflatun müəllimi Mirbağırı təzədən doğma kollektivə qaytardığı üçün mən də çox istəyirəm!
Mirbağır Yaqubzadə bu 30 ildə “Xalq” qəzetinin rəhmətliklər Rəfael Nağıyev, Hacı Həsənov, Ziyəddin Sultanov və eləcə də sağolmuş İlqar Həsənov kimi böyük imzalarına, mərd kişilərinə xas olan keyfiyyətlərindən heç olmasa, birini yaxşı mənimsəyib: ona ağız açan bütün yaxınları, dost-tanışları üçün xahişə gedir! Hətta ona ağız açmayan dostu üçün belə!
FAKT: Balaca qızım ADPU-da birinci kursda oxuyurdu, bir neçə dəfə nəqliyyat problemi üzündən dərsə gecikmişdi, müəllim də “qaib”ləri düzmüşdü ard-arda, sonda da dirəşmişdi! Dostlarımla fakültənin dekanı Buludxan müəllimlə bir yerdə çörək yesəm də, bir məclisdə otursam da, ona ağız açmadım. Fakültənin və Universitetin bir çox professor və dekanları ilə salamım olsa da, onlara söz dedirdəcək yaxınlarını tanısam da, yenə heç kəsə demədim. Tək bircə “Böyük qardaş”a və Əli Həziquliyevə problemi dedim: “gedin, qardaşınızın qızının problemini həll edin!”. “Böyük qardaş” Mirbağırın yanında ağzından qaçırtmışdı. Mirbağır Yaqubzadə gedib məsələni həll etmişdi. Qızım ADPU-nun bakalavriatını, BDU-nun magistraturasını da fərqlənmə diplomu ilə bitirib, ana da olub, amma hələ də bilmir ki, Mirbağır Yaqubzadəyə “sağ ol, əmi!” borcu qalıb!
Odur ki, özümün də, qızımın da əvəzinə deyirəm: Mirbağır əmi, sağ ol! Yubileyin mübarək!
26 dekabr 2025-ci il
p.s. elə bilməyin e “Xalq” qəzetində ancaq və ancaq ən yaxşıları işləyir, orada dövri-qədimdən qalan və hələ də işləyən ən təhlükəli imzalar da var – baxmayaraq ki, redaksiya bu yaxınlarda demontaj olunub! Məndən olsa, elə adamlarla hələ də işləyə bildiyinə görə, Mirbağıra “Azərbaycanın mətbuatdakı Milli Qəhrəmanı” adını verərdim 60 illiyi ilə bağlı!
A

Share: