SAXLARAM
Haçandı gözlərim yol şumlamaqda,
Yolları gözümün üstə saxlaram.
Gedişin qəlbimi xəstəhal edib,
Gəlincə beləcə xəstə saxlaram.
Adını dilimdə bəslərəm müdam,
Vədəli, vədəsiz səslərəm müdam.
Dərdimi sevginlə süslərəm müdam,
Qoymaram sınıxa – süsdə saxlaram.
Gör neçə aşiqə usandırıb can, –
Dünya özü boyda zindandı, zindan.
Ruhumun, cismimin sızıltısından
Ən həzin, ən kövrək bəstə saxlaram.
Əfsəyim, ələyim bənövşələri, –
O məsum mələyim bənövşələri.
Taleyi taleyim bənövşələri
Yolunun üstündə dəstə saxlaram.
Tale mizanına mən də ayaram,
Beləcə ötüşər həftə, ay aram…
Nə ötən bir günü sənsiz sayaram,
Nə də bir günümü nəhsdə saxlaram.
Yenə qərib ruhum təndə üşüdü,
Qəlbinin səsiylə dön də, üşüdü…
Yol, ərkan gözləmək bəndə işidi,
Sən yüz yol ərk elə, küs də – saxlaram.
03.09.2025
Rafiq Oday
TƏHLİLİ:
Rafiq Odayın “Saxlaram” şeiri poetik duyğuların, dərin məhəbbətin və sədaqətin bədii ifadəsidir. Şair burada aşiq qəlbinin sarsıntılarını, gözləməyin əzab və ümidini, sevgiyə bağlılığın ucalığını çox incə bədii vasitələrlə təqdim edir.
Şeirdə ilk bənddən etibarən aşiqin halı ön plana çıxır: gözlər yol şumlayır, yəni daim sevgilinin yolunu gözləyir, bu gözləntini bir amal kimi qoruyur. Sevgilinin gedişi qəlbinə xəstəlik salıb, lakin bu xəstəliyi belə, bir ümid, bir sevda kimi saxlayır. Bu, həm iztirabın, həm də sədaqətin göstəricisidir.
Şair sözün gücündən məharətlə istifadə edir: dərdini belə sevgi ilə bəzəyir, onu süsə çevirir. Bu da göstərir ki, aşiqlik sadəcə iztirab deyil, həm də mənəvi yüksəlişdir. Dünyanın özünü bir zindana bənzətməsi isə poetik mübaliğədir – eşq yükünü daşıyan qəlbin tənhalığını, dünyadan təcridini ifadə edir.
Sonrakı bəndlərdə “bənövşə” obrazı diqqəti çəkir. Bu bənzətmə həm incəliyin, həm də məsumiyyətin simvolu olaraq seçilib. Sevgilinin taleyi ilə öz taleyini birləşdirən aşiq onu qorumaq, hətta yol üstündə dəstə kimi saxlamaq istəyir. Burada fədakarlıq və müqəddəslik motivi güclüdür.
Şeir boyunca “saxlaram” rədifi həm ritmik ahəng yaradır, həm də poetik məna yükünü daşıyır. Bu rədif aşiqlikdə dönməzliyi, hər bir halı sevgi adına qoruyub saxlamağı göstərir. Şair sevgilinin küsüşünü, ərkini belə qəbul edir, onu belə qoruyub saxlamağa hazırdır.
Beləliklə, “Saxlaram” şeiri insani duyğuların, sədaqətli eşqin və mənəvi paklığın bədii tablolarından biridir. Şair məhəbbəti yalnız həsrət və iztirabla deyil, həm də ümid və gözəlliklə təqdim edir. Bu şeir bir daha sübut edir ki, Rafiq Oday poeziyada ən incə duyğuları sadə, lakin təsirli bədii dildə ifadə etməyi bacaran sənətkardır.
Uğurlar olsun həmişə !🤲🤲🤲
✍ Sevil Azadqızı Azərbaycan dill və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlilçi və tənqidçi. Şair.
04.09.2025
















