Məhsətini “qə…bə” çıxardan Firudin Qurbansoyu ancaq akademik Rafael Hüseynov yerində oturda bilər…
Uzun illərdir, Filologiya elmləri doktoru, akademik Rafael Hüseynov şairəmiz Məhsəti Gəncəvinin irsinin tədqiqatçısı olaraq mövzu ilə bağlı bir neçə kitab çap edib. 2010-cu ildə “Ay xanım – Məhsəti Gəncəvi” adlı kitabı R.Hüseynovun uzun illər apardığı araşdırmaların məhsuludur.
Məhsəti, bəzilərinin hesab etdiyi kimi, uydurma ədəbi obraz olmadığını da ilk dəfə onun əsərlərində təsdiqini tapıb. Bəli, akademik də təsdiq etmişdir ki, o, real tarixi şəxsiyyətdir. Yaradıcı həyatı Gəncədə keçsə də, Məhsəti Şərqin qədim şəhərlərinə də çoxlu səyahətlər edib.
Akademik daha sonra bir neçə kitabı da Məhsəti xanımın yaradıcılığına həsr edib. Bu böyük həcmli tədqiqat işində Azərbaycan, rus, tacik, özbək, fars, türk, Avropa dillərində müxtəlif mənbələrə istinad edən Rafael müəllimin bu kitabları Məhsəti Gəncəvinin yaradıcılıq irsinin və zəngin Azərbaycan ədəbiyyatının öyrənilməsinə sanballı töhfədir.
“Məhsəti Gəncəvi necə varsa” kitabında isə şairənin həyatı, səyahətləri, əqidəsi , yaradıcılıgı haqqında kifayət qədər məlumatlar yer alıb.


Rəfael Hüseynov Firudin Qurbansoy
Əsl Azərbaycan xalqına layiq bir siması olan Məhsəti Gəncəvini 900 ildən sonra “niprav” çıxartmağa çalışanlara demək lazımdır ki, savadın varsa, Rafael müəllimin kitablarını aç oxu, yox əgər savadın yoxdursa, o zaman əxlaqın olsun! Azərbaycan qadınına şər atmağa çalışma!
M. Gəncəvinin üstünə hücuma “baltalı” gələnlərdən biri də filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoydur. Hə, həmin bürcə baxan baxıcı..
Qarayevlərin həvəsləndirmə sifarişini nəzərə alan Qurbansoy mediaya – “Yenisabah”-a deyib ki, Məhsəti azərbaycanlı olmayıb, Nizami ona nifrət edib:”“Gerçək şairə Məshəti azərbaycanlı olmayıb. Onun atası Orta Asiyadan Azərbaycana Səlcuqilər dövründə gəlib. Həm də milliyyətcə tacik və hərbçi olub. Gəncədə məskunlaşdıqdan sonra müharibələrin birində şəhid olub.
Atası öləndə Məshəti balaca uşaq olub. Yetim uşağın olduğu ailə Gəncədə necə yaşasın?! İndinin özündə Gəncədə yaşamaq çətindirsə, görün 12-ci yüzillikdə vəziyyət necə olub”.
Bəli, bu bir filosofun – baxıcı görücü alimin fikrləridir. Deməli, görün bu adam keçmişimizi nə qədər “murdar” hesab edir?! Axı, o vaxt urf-adət vardı, yetimə təmənnasız yardım etmək , ona qəyyumluq etmək vardı. Bunu Qurbansoy həcmi oxumayıb ədəbiyyatdan?
Görün sonra nə deyir Qurbansoy:”Onu deyə bilmərəm ki, nəyə görə bu adamın şeirlərində biədəb sözlər var. Onların heç biri adam içində deyiləsi deyil. Onun şeirlərini farsca oxuyan hər kəs başa düşür ki, onları çap etmək mümkün deyil. Lakin Məhsətinin bəzi rübailəri çap olunub. Sözümün canı budur ki, o, azərbaycanlı deyil, şeirləri də əxlaqsız ifadələrlə doludur. Yəni Məshəti aydan arı, sudan duru biri olmayıb”.
Filoloq-alim bildirib ki, Məshətinin şeirlərini söyləmək üçün gərək başdan sona qədər üç nöqtədən istifadə olunsun:“Bəzi mənbələr qeyd edir ki, Nizami Gəncəvi Məshətini sevib. Belə şey olmayıb. Nizaminin ondan zəhləsi gedib. Hətta deyib ki, onun yazdıqlarını mən bir gecəyə yazaram. Bunu Məmməd Səid Ordubadi “Qılınc və Qələm” əsərində qeyd edib. Məshəti onun az qala nənəsi yaşda olub. Amma hərə bir şey deyir. Ayıbdır e! Yəqin filmin yaradıcıları da Məshəti haqqında oxuyub və ssenarini ona uyğun qurublar”.
Qarayevlərin sifarişini ciddi cəhdlə yerinə yetirən Qurbansoy görən anlamır ki, “Qılınc və Qələm” sırf bədii əsərdir? Tədqiqat əsəri deyil, arxeoloji qazıntı məhsulu deyil, kitabə- mənbə deyil? Bİlmir ki bədii əsərlərdə hadisələrin böyük əksəriyyəti təxəyyül məhsuludur?Vaxtı ilə Əzizə Cəfərzadə də öz təxəyyül məhsulları ilə Şah İsmayıl Xətaini “Bakı 1501 ” əsərində hədəf almışdı. Sifariş almaq bu demək!
Qurbansoy:”Şeirlərini də əzbər bilirəm. Deyə də bilərəm, amma heç deyiləsi deyil. Başdan ayağa ədəbsiz sözlər! Məshəti Gəncəvinin dərsliklərdə bir dənə rübaisi var, o da əslində, Ömər Xəyyamındır. Məshətidən bir şeiri Nigar Rəfibəyli, birini də Mirmehdi Seyidzadə tərcümə edib”.
Qurbansoyun niyə Məhsətini “qə…bə” çıxartması sonrakı fikirlərində özünü biruzə verir:”Mənə pis təsir edən budur ki, filmi tənqid edirlər, öz işləridir, lakin Suada Qarayevanın atasını (keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev – red.) işə qatmaq, baxmadan film haqqında necə gəldi danışmaq əxlaqsızlıqdır!”
Baxın, bizim ziyalı dediklərimizin əksəriyyəti məhz Firudin Qurbansoy kimi düşündüyü, güclü tərəfin yanında olduğu üçün hazırda ədəbiyyatımızda, incəsənətimizdə, mədəniyyətimiz də başqalarının ya mənimsəməsində, ya hədəfində, yada darmadağın şəkildə yerlərdədir.
Ayıb olsun -deməkdən başqa bir söz deyə bilmirəm.
900 ildir sevilən , Azərbaycan xalqının siması olan bir Şairəni, şahmatçını, bəstəkar xanımı “qə..bə” çıxartmaqla əslində xalqımıza sifarişlə böhtan atırsınız….
Zənnimcə, Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoyu ancaq, ədəbiyyatşünas, ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov yerində oturda bilər.

Əntiqə Rəşid
















