Azərbaycan Həmkarlar İttifaqının yeni qurultayından sonra bu mötəbər tədbirin yaratdığı təəssüratlar uzun müddət yadda qaldı. Məhz qurultaydan sonra formalaşan düşüncələr və eşidilən fikirlər bu yazının ərsəyə gəlməsinə səbəb oldu.
Qurultayda bir sıra xarici ölkələrin həmkarlar ittifaqları nümayəndələri iştirak etmişdi. Xüsusilə qardaş Özbəkistan Respublikasından gələn nümayəndə heyətinin say baxımından çoxluq təşkil etməsi diqqət çəkən əsas məqamlardan biri idi.
Qurultaydan sonra Azərbaycan Həmkarlar İttifaqının iki məsul əməkdaşı — Məhəmməd müəllim və Emil müəllimlə görüşüb söhbət etmək imkanım oldu. Söhbət əsnasında onlar xüsusi olaraq vurğuladılar ki, qurultayda iştirak edən xarici nümayəndələr arasında ən çox nümayəndə heyəti məhz Özbəkistandan olmuşdur. Məhz bu məqam, həmçinin qardaş ölkənin Azərbaycana göstərdiyi səmimi münasibət bu məqaləni qələmə almağıma əsas səbəb oldu.
Tədbir zamanı və sonrasında Azərbaycanın sosial-iqtisadi inkişafına göstərilən sevinc bir daha sübut etdi ki, ölkəmizin uğurları ən çox bizə doğma olan qardaş xalqlar tərəfindən ürəkdən qarşılanır.
Qurultayın əsas nəticələrindən biri Sahib Məmmədovun yekdilliklə Azərbaycan Həmkarlar İttifaqının sədri seçilməsi oldu. Bu seçim cənab Prezident İlham Əliyevin cavan, enerjili və müasir düşüncəli kadrlara yer verməsi siyasətinin real təsdiqidir. Dövlət başçısının gənc kadrlara göstərdiyi etimad bu gün onların fəaliyyəti ilə layiqincə doğruldulur.
Sahib Məmmədovun sədrliyinin cəmi bir ili ərzində Həmkarlar İttifaqının fəaliyyətində ciddi irəliləyişlər müşahidə olunur. Xüsusilə sanatoriyalarda aparılan əsaslı yenidənqurma və təmir işləri bu inkişafın ən bariz nümunəsidir. Bilgəh və Abşeron Günəşli sanatoriyalarında həyata keçirilən işlər sanatoriyalara müasir dövrün tələblərinə uyğun yeni görkəm qazandırıb və xidmət səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldib.
Mən, Özbəkistan Yazarlar Birliyinin üzvü olaraq, Özbəkistan xalqının Azərbaycan xalqına nə qədər böyük önəm və sevgi bəslədiyinin dəfələrlə şahidi olmuşam. Qurultaydan sonra da bu münasibətlərin səmimiliyi bir daha açıq şəkildə hiss olundu.
Bütün bu məqamlar onu göstərir ki, Azərbaycan Həmkarlar İttifaqının yeni dövr fəaliyyəti möhkəm təməl üzərində qurulub. Qurultaydan sonra eşidilən fikirlər və görülən işlər isə qarşıdakı dövrdə daha böyük uğurların əldə olunacağına inam yaradır.
Şair-publisist Damət Salmanoğlu,
Azərbaycan və Özbəkistan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü,
Beynəlxalq Rəsul Rza və Səməd Behrəngi mükafatları laureatı.






















