(Esse)
Dua, bəzən kövrək bir pıçıltıdır, gözlərdən axan yaşın ahəngində gizlənir. Bəzən isə o, insanın ruhunun ən dərin qatlarından gələn güclü bir fəryaddır. İnsan duasında dərdlərini, arzularını, qəlbində gizlətdiyi hər duyğunu Tanrı ilə paylaşır. Dua bir körpü kimidir – sanki qəlbinlə göylər arasında müqəddəs bir bağ yaradır…
Dua, insana güc verər. Tək olmadığını, hər zaman bir himayədarın olduğunu hiss etdirər. Bəzən insan çarəsiz qalanda, dualar bir nur kimi yolu aydınladır. Çünki dua yalnız dil ilə deyil, ürək ilə də edilir. O, insanı dəyişir, içindəki xeyirxahlığı oyadır, ümid toxumu səpir.
Allah hər şeyi bilir və hər şeyi eşidir
Duanın da sirri budur: sən yalnız dilə gətirirsən, amma Tanrı ürəyi oxuyur…
Çox sevdiyim iki dua var-söyləməyi və eşitməyi çox sevdiyim :Allah köməyin olsun ;Allah səndən razı olsun. Səhərın təravətli çağı vaxtı çatan növbəti həkim müayinəsinə gedirəm. Blokdan çıxan kimi ilk qarşılaşdığım adam binanın həyətinin təmizliyinə baxan qadın olur. Əynində sarı jilet, başına bağladığı yaylığının üstündən bir də yun idman papağı keçirmiş, əlində uzun dəstəkli süpürgə, qıvraq hərəkətlərlə yerə tökülmüş yarpaqları bir yerə toplayıb yaxınlığındakı sintetik kisəyə doldurur.Məni ya görmür, ya da görsə də baxmır, işini görür… Amma mən onu görürəm, onda dua payımın olduğunu sanki bir fövqəlbəşər bir səs pıçıldayır mənə:,, Sabahın xeyir, yorulmayasan, “-deyirəm. . O da əlindəki işini bir anlıq saxlayıb, əli ilə, daha doğrusu, əlcəyi ilə alnının tərini silərək-,, hər vaxtin xeyir, sağ ol, Allah köməyin olsun,” – dedi. Qarşılıqlı təbəssümləşirik… Və hərə öz işinə davam-mən yoluma, o da yarpaq toplamağa…
Məhəllədə kiçik bir meyvə – tərəvəz dükanı var-ətrafdakı marketlərə və bazara inadla rəqabət göstərən. İşlədən bir cavan adamdı, həm məhsulları təmiz, həm qiymət münasib, həm də özü xoşrəftar olduğundan bir az da bu rəqabətə tab gətirməyi yəqin və əlbət. Arada evin açarını da etibar edirik-evdən kimsə unudub götürməyəndə yəni. Səhər-səhər dolu yeşikləri dükanın qabağına, səkisinə düzür. O da ötüb keçənə fikir vermir. Daha vacib qayğıları var təbii ki… Ona da -,, salam, bazar olsun,” – deyirəm. O da cavabında əlini işindən saxlamadan – Allah razi olsun, – deyir.Nə qədər asan imiş deyilmi? 🤲
Yola davam, taksi gözləyir, oturub mənzil başına yol alıram. Böyük, məşhur, adı qorxunc tibb mərkəzinin koridorları adam qaynayır və mən həmişəki kimi bura yüz ildən sonrakı baxışla baxıram :olur da, bir gün çarəsi tapılacaq əlbəttə, bura isə təhsil və ya əyləncə mərkəzi ola bilər, ya da yerli-dibli sökülər, yerində park olar, o parkda oynayan uşaqlar, əl-ələ tutub gəzən sevgililər bu yerin yüz il əvvəlki statusundan xəbərsiz olar inşallah.
Həkim gecikir, növbədə oturanlar öz aralarında danışırlar-mövzu məlum təbii… Yanımda üst-başı nimdaş, arıq, çəlimsiz, yaşlı bir qadın oturub. Təzəcə aldığı qan təhlili əlində, etinasızca baxır. Ona baxdığımı hiss edir:
-Başın çıxır? Sən canın, bunlara bir bax, bu doxtur gəlib çıxınca bağrım çatdar…
Və cavab gözləmədən kağızları mənə uzadır.Ardından əlavə edir:
-Bura hər nəyə gəlibsən, Allah köməyin olsun. Qeyri-ixtiyari alıram, ani bir göz atıb nəticəyə diqqət yetirirəm. Məlum xəstəliyin göstəriciləri normadan artıqdır, bundan üç əvvəlki təhlillərə müqayisədə çox yüksəkdir. Başımı qaldırıb üzünə baxıram, gözləri ağzıma dikilib.
-Kimlə gəlmisiz?
-Tək gəlmişəm, kimim var ki? Bir oğlum var, o da fəhləlik edib mənə baxır, yaşı da keçir, evlənməyə imkan da yox. Sağ olsunlar, burda məndən kimsə pul istəmir, yoxsa necə olardım?
Bunları deyə-deyə köhnə əl çantasından konfet çıxarıb kağızını soyaraq ağzına atır, sonra deyəsən yadına düşür ki, mənə təklif etməyib. Yenidən çantaya baş vurur. Mən yüngülcə əlinə toxunmaqla konfet axtarışına mane oluram:
-Həkim icazə verir şirniyə?
-Əh, – deyib əlini yelləyir-səhər 7-də evdən çıxanam, ac – susuz, bu da gəlib çıxmaz ki… – qarşısında oturduğumuz kabinetin bağlı qapısına işarə edir.
Mən də həkimin bir an öncə gəlməsini istəyirəm, bəlkə bu qadından daha çox… Vaxtı biraz daha uzadım deyə yenə sual verirəm :
-Belə tez çıxmısız evdən, yəqin uzaqdan gəlirsiniz
-Hə, köhnə Günəşlidən…
Vaxtı uzatmaq işimə yaradı, gecikdiyınin fərqində olan həkimimiz az qala qaça-qaça gələrək hamıya üzrxahlıq dolu bir salam verib özünü otağa atmaqla bayaqdan onu gözləyib qarasına deyinənlərdən canını qurtarmış kimi oldu. Elə məni də köhnə Günəşlidən gələn həmsöhbətimə cavab verməkdən…Çünki elə o da həkimin ardınca dabanbasma içəri daxil olur.
Çöldə isə yüngülvari narazılıq başlayır-biri deyir mən birinci gəlmişdim, o biri deyir mənim ağır xəstəm var, bir başqası birinci danışana qayıdır ki, mən gələndə heç kim yox idi burda, sən necə birinci ola bilərsən ki? Qərəz, bildiyin tipik bizim növbə anlayışımız – hər kəs özünü və işini daha vacib bilir, empati, güzəşt, sırasını gözləmək mədəniyyəti – böyük bir sıfır. Aralarında biri ortaboylu, 65-70 yaşlarda, sadə qiyafəli bir qadın hamıdan zirək çıxmaq istəyib həkimin qapısını kəsdirdi.
Bir başqası da onu qabaqlayıb önə keçdi. Yaşlı xanım :
-Mən sabaertənnən duruf burya gəlmişəm, özüm də əpresdiyəm, kağazdarımı doxtura göstərif cıxajam.
-Elə biz də kağız göstəririk, ay xala, orda yatıb qalası deyilik ha!…
Yer-yerdən xalaya qarşı əks hücumun başladığını görüb əlimlə onu çağırdım, yanımdakı boş oturacaqda əyləşdirdim.Amma o tək deyildi, yanında gənc bir xanım da vardı, üz cizgilərindən bir-birinə oxşatmadım deyə yəqin gəlinidir deyə düşündüm. Sabaertənnən kənddən durub Bakıya həkimə gələn xanım sankı ürəyimi oxuyaraq :
-Gəlinimdi, məni o gətirif, – dedi.
-Bildim, bayaq dedim əməliyyat olmusan, təzədi?
-Yox, var bir il yarım, – deyib üzünü gəlininə tərəf çevirdi, – olar da, heylə mi?
Cavan qadın başı ilə təsdiq etdi, sonra isə əlində tutduğu bir topa kağızı o üz-bu üz edib yəqin ki cavabını dəqiqləşdirmək istədi, amma axtardığını tapa bilmədi deyəsən. Qaynana da dartıb əlindən aldı, mənə sarı uzadıb:
-Bax görüm, burda nə yazıflar elə?
Düzü, bayaqkı gördüyümdən bir az pərt olmuşdum deyə kimsənin xəstəlik tarixçəsinə burnumu dürtmək fikrim yox idi. Amma kənddən gələn yaşlı xala bir də israr edincə əlimi uzadıb kağızları aldım
Vərəqləyib ən son təhlillərin olduğu nüsxəni tapdım
Və yenə nəzərlərim o məlum, məşum diaqnozun göstəriciləri olan qrafada dayandı- rəqəmlərin normanı keçmədiyi, hətta aşağı olduğunu görüncə sanki o bayaqkı pərtliyim, peşmanlığım bir anda yox oldu, yerini qəribə bir duyğu doldurdu:
-Sizdə o xəstəlik yoxdu axı?
Qadın üzümə diqqətlə baxıb sonra gəlinə tərəf döndü, onun da mənə baxdığını görüb yenidən mənə qayıtdı :
-Nətəri yoxdu?
-Yoxdu da, analiz deyir ki, sizdə o hüceyrə lazım olandan çox deyil, demək ki qorxulu heç nə yoxdu
-De tova?
-Dedim, tova, – mən güldüm, qadın gülmədi, durub nəm dodaqlarını üzümə yapışdıraraq hər iki yanağımdan bərk – bərk öpdü:
-Səni şad xəbər ol, a bala.Allah sənin də köməyin olsun.
Sonra yenə gəlininə tərəf döndü:
-Bax, deyirdimmi ki, o qonşu çolax İsanın üzü maa düşür? Onun üzünə çıxdıx deyən işimiz rast gətirdi.
Növbədəkilər də bizə baxırdı. Sabaertənnən çolax İsanın üzünə çıxdığı üçün analizləri təmiz çıxan qadın onların da cavabını verdi :
-Hindi kim isteer girsin, hamıya öz sıramı verirəm, – deyə elan etməyi ilə növbədəkilərin gülüşməyi bir oldu. Bu koridor, bu divarlar, bu personal, ümumiyyətlə, bu şöbə ən son nə vaxt belə gülüş səsi eşitmişdi, kimsə deyə bilməz… Heç xəstəxana özü də deyə bilməz məncə…Mənsə başqasının sevincinə sevinə bildiyim üçün rahatam, olan hər nəyə rəğmən, bu, xoş bir duyğudur…
Az sonra mən də burdakı işlərimi bitirib bir vaxtlar yanından ötməyə ehtiyat etdiyim bu məkanı tərk edirəm. Mühafizə otağı ilə darvazanı birləşdirən dar keçiddə bir oğlan dayanıb, dilənir. Laldı, əl qol hərəkətləri və anlaşılması mümkün olmayan səslərlə danışır. Çantamdan xırda pul çıxarıb verirəm, öz dilində nələrsə deyir ardımca. Elə bu vaxt mühafizəçı otağından çıxıb yüngülvari ona təpinir:
-Ayə, deməmişəm mənim ərazimə girmə?
Lal dilənçi mənim böyrümdən sivişib qapıdan çıxır.
Ardımca nə dediyini bilmək istəyirəm:
-Siz başa düşdünüz nə deyirdi o?
-Hə eee, bir yerdə işləyirik demək olar ki, nöş başa düşmürəm? Sənə alqış edirdi, dedi ki, Allah səndən razı olsun…
Bu gün gördüklərimi, eşitdiklərimi həzm edim deyə bir az piyada gəzim deyirəm. Yolüstü bir skamyada nəfəsimi dərmək üçün əyləşirəm.Mənlə eyni vaxtda cavan bir qaraçı qadın da gəlib skamyanın o biri ucunda oturur. Elə bu vaxt hardansa bir qumru quşu yeriyə- yeriyə skamyaya yaxınlaşır. Qan analizi verdikdən sonra yeyim deyə çantama qoyduğum, amma yeməyi unutduğum kişmiş və peçenye düşür yadıma. Tez əl atıb çıxarıram, elə paketdəcə xırdalayıb qumru quşunun qabağına tökürəm. Qumru quşu peçenye ovuntusunu və kişmişi həvəslə, iştaha ilə dənləyir. Yem bitir, quş getmir, hərlənib bir də geri qayıdır.,, Doymadı yəqin,-“düşünürəm, – nə verim indi buna?” Bu arada gözüm skamyanın o biri ucunda oturan cavan qaraçı qadına sataşır, o da qumruya dalıb gedib bayaqdan. Mənim ona baxdığımı hiss edib gülür, gülüş onun qarabuğdayı sifətinə çox yaraşır.Daha məndən ona fayda gəlməyəcəyini başa düşən qumru quruldaya-quruldaya, ağır – ağır , ləngərli addımlarla uzaqlaşır. Mən də ayağa durub getməyə hazırlaşıram. Qaraçı qadın da durur, sürüşməkdə olan yaylığını əli ilə düzəldib ardımca gəlir. Bəlkə bir şey istəyir deyə dönüb üzünə baxıram.Qaraçılara məxsus ləhcə ilə:
-Sən bildin o quş nə dedi?-soruşur.
-Hardan bilim? Sən bilirsən?.
-Hə, mən bilirəm…
-Quş dili bilən Süleyman peyğəmbərin qohumu zadı olarsan? – gülürəm.
-Yox, oralara getmə, nənəm deyərdi, bu quşlar onu yedizdirən üçün dua edir.
-Hmm… Nə deyir, məsələn?
-Bilmirəm, amma yəqin ki Allah köməyin olsun, ya da Allah səndən razı olsun deyir.
Yenə o bayaqkı təbəssüm qonur üzünə, məndən ayrılıb gəldiyi yolla geri qayıdır…
Taksı gəlir, arxa oturacaqda oturub bu gün aldığım duaları hesab – kitab edirəm :süpürgəçi qadın, dükançı oğlan, köhnə Günəşlidən gələn yaşlı qadın, sabaertənnən kənddən durub bakiya yol alan pozitiv xanım, lal dilənçi…və unudub yemədiyim peçenyeyə qonaq etdiyim qumru quşu… Görəsən, hansı çatacaq Allahın dərgahına? Çatsa belə, qəbul olacaqmı?
Düşüncələr içində evə çatdığımı hiss etmədim. Telefona baxdım, gediş haqqı həmişə olduğu kimi kəm-yek yazılmışdı. Pulu verdim, sürücü qalıq qaytarmaq üçün əlini xırda pullar saxladığı yerə uzatdı, qalsın deyib qapını açdım. Arxadan onun yorğun, amma razılıq dolu səsini eşitdim :
Allah razı olsun, xanım, Allah köməyin olsun…
Bakı, 19 noyabr 20 Yanvar-Memar Əcəmi






















