Qubanın sabahına doğan işıq… – Şərafəddin İlkin yazır

Qubanın sabahına doğan işıq… – Şərafəddin İlkin yazır

Azərbaycanın şimalında bir diyar var – Quba. Dağların qoynunda, buludların kölgəsində, əsrarəngiz təbiəti ilə insanı heyran edən bir diyar.

Bahar gələndə çiçəkləri, payızda al-əlvan alma bağları, qışda isə qartək ağ örtüyü ilə sanki bir nağıl diyarını xatırladır. Bu torpaq yalnız gözəlliyi ilə yox, həm də zəhmətkeş insanları, qürurlu övladları ilə seçilir.
Quba həmişə dövlətimizin diqqət mərkəzində olub. Son illərdə isə bu diyarın həyatına yeni bir nəfəs gəlib. İlqar Mahmudovun icra başçısı kimi fəaliyyəti Qubanın simasına, insanlarının yaşamına işıq salıb. Çünki o, bu yurda gələndə sadəcə vəzifə sahibi kimi yox, sanki bu torpağın bir övladı kimi gəldi.
İlqar müəllimin keçdiyi yol sadəcə karyera yolu deyil – dövlətə sədaqətin, xalq sevgisinin yoludur. O, illərlə təhsil sahəsində topladığı təcrübəni indi Qubanın inkişafına yönəldib. İstər infrastruktur layihələrinin icrasında, istər kəndlərdə insanların sosial qayğılarının həllində, istərsə də gənclərin təhsilinə və mədəni həyatına göstərdiyi diqqətdə bunu görmək mümkündür.
Qubanın alma bağları hər payızda bərəkət saçırsa, İlqar müəllimin də zəhməti bu torpağa bərəkət gətirib. Çünki onun işində bağban təmkinliyi var – torpaqla söhbət edən zəhmətkeş kimi hər detalı diqqətlə düşünən bir qayğı var.
Bu gün Qubanın səhərləri başqa cür açılır. Sisli dağların qoynunda günəş daha ümidli doğur, kəndlərin üstündə qalxan tüstü telləri daha rahat nəfəs aldırır. Çünki insanlar bilirlər: onların yanında qayğıkeş bir rəhbər var. Qubanın səsi artıq təkcə bulaq şırıltısında və zəhmətkeş əlinin torpağa toxunuşunda deyil, həm də quruculuğun, nizam-intizamın, yeniliyin səsində eşidilir.
Qubanın çinarları əsrlərlə küləklərə sinə gərib, amma kökündən qopmayıb. İlqar müəllim də qarşısına çıxan hər çətinliyi əqidəsi ilə aşaraq bu torpağın dayağına çevrilib. Onun atdığı hər addım Qubanın sabahına yeni ümidlər bəxş edir.
Bəli, bu gün Qubanın sabahına doğan işıq var. O işıq dövlətin etimadından, xalqın inamından və İlqar Mahmudovun əməli işlərindən doğan işıqdır. Bu işıqla Qubanın yolları daha işıqlı, insanlarının üzü daha gülər, sabahı isə daha ümidli olacaq.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Rəsul Rza mükafatı” laureatı.

Share: