Qrant müsabiqələrində QHT-lərlə bağlı Qanuna dəyişiklik edilir

Qrant müsabiqələrində QHT-lərlə bağlı Qanuna dəyişiklik edilir

Qrant müsabiqələrində QHT-lərlə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edəcək – Qanuna dəyişiklik edilir

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydası müəyyənləşir.

Müstəqil.Az “Report”-a istinadən  xəbər verir ki, bununla bağlı “Mədəniyyət haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib.

Parlamentin Mədəniyyət komitəsinin dünənki iclasında müzakirəyə çıxarılan dəyişiklik barədə məlumat verilib ki, “Qrant haqqında” qanuna əsasən hüquqi və fiziki şəxslərə qrantların verilməsi ilə bağlı hər hansı məhdudiyyət müəyyən edilməsə də, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası” mədəniyyət sahəsində yalnız QHT-lər üçün tədbirlərin maliyyələşdirilməsi prosedurunu müəyyənləşdirir.

Mədəniyyət sahəsində keçirilən tədbirlərin qrant maliyyələşdirilməsi üzrə QHT-lərlə yanaşı, hüquqi şəxslərin digər növləri, eləcə də fiziki şəxslər ilə bağlı tənzimləmənin həyata keçirilməsi üçün xüsusi qaydanın təsdiq edilməsi zəruridir. Bunlar nəzərə alınaraq, mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasının müəyyən edilməsi məqsədilə “Mədəniyyət haqqında” qanuna dəyişiklik təklif edilib.

Eyni zamanda sözügedən qanunda yaradıcı sənaye ilə bağlı tənzimlənmə mövcud olsa da, bu ifadəyə anlayış verilməyib. “Mədəni və yaradıcı sənaye” ifadəsindən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında, “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası”nda və digər sənədlərdə istifadə edilib. Bu xüsusda, layihədə “mədəni və yaradıcı sənaye” anlayışının da təsbit edilməsi nəzərdə tutulur.

Müsabiqələrin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Müstəqil.Az

Share: