Qabil ABBASOĞLU yazdı
Təqvimdə elə tarixlər var ki, baxanda insanın üzü gülür, eləsi var, “bəxtsiz”dir, baxmaq belə istəmirsən. Azərbaycanda da belə tarixlər var. Yanvar “qara”dır, mart “qırmızı”, mayın üç rəngi var…
Sentyabrın “rəngi” 2020-ci ildən sonra daha çox Xarıbülbül rəngi ilə assosiasiya olunur. Qarabağın və işğal olunmuş digər bölgələrimizin azad olunması ilə nəticələnən 44 günlük Vətən Müharibəsi 27 sentyabr 2020-ci ildə başlayıb.
2023-cü il sentyabrın 19-20-də isə Qarabağda qanunsuz silahlı dəstələrə qarşı antiterror əməliyyatı keçirilib.
Torpaqlarımızda elan olunmuş qondarma, separatçı qurumun da fəaliyyətinə məhz bu ayda son verilib. O qurumun ki, 1991-ci ildə elan olunmuşdu – sentyabrın 2-də…
***
Bu il də sentyabr “dinc dayanmayıb”. Ayın 14-də Xankəndinin erməni sakini Karen Avanesyan meşəlikdə saxlanc yerində gizlətdiyi silah-sursatını götürüb, şəhərdə dövlət tədbiri keçirilən yerə yaxınlaşmaq istəyib. Polis onu saxlayanda müqavimət göstərib: 3 əl qumbarası atıb və avtomatdan atəş açıb. Nəticədə bir polis və Avanesyanın özü yaralanıb. Onun planının nədən ibarət olduğunu hüquq-mühafizə orqanları aydınlaşdıracaqlar. Bu, öz yerində.
Sual olunur: 58 yaşlı Karen Avanesyanın həmin planı məhz Azərbaycan dövlət rəhbərliyinin orada olduğu vaxt icra etməyə çalışması təsadüfdürmü? İlkin məlumatlara görə, o, sərbəst hərəkət edə bilməyəcək qədər yaşlı, xəstə, imkansız və tənha deyil. Bu halda, onun antiterror əməliyyatından sonra bölgəni tərk edən soydaşlarından ayrılaraq, Xankəndidə qalmasının əsl səbəbi nədir? Yurda bağlılıq? Yox, belə olsaydı, cinayətə hazırlaşmaz, onu törətməyə cəhd göstərməzdi. Milli zəmində qisas hissi? Bilmərrə yox. Belə olsaydı, addımını antiterror əməliyyatından sonra, ən yüksək emosional mərhələdə atardı. Həmin vaxt silah-sursat daha bol, yurdunu tərk etməyə qərar vermiş insanların mənəvi-psixoloji vəziyyəti indikindən qat-qat ağır idi.
Xülasə, aydındır ki, Karen Avanesyan iki ildir Xankəndidə konkret tapşırıqla qalıb, “yatmış agent” statusunda mərkəzdən sifariş gözləyib. Bu mərkəzin İrəvanda olması inandırıcı deyil. Rəsmi İrəvanın hazırda Qarabağla bağlı heç bir qayğısı yoxdur. İndi Ermənistan hökumətinin bütün planları tezliklə sülh əldə etməyə hesablanıb. Belə bir prosesi uğursuz, kiçikmiqyaslı terror cəhdi ilə sıfırlamaq onun marağında olmamalıdır.
Bu, rəsmi Bakını təhdid edən, sülh prosesindən o qədər də məmnun qalmayan, regionla bağlı geopolitik proseslərdən kənarda qalmasından dərin narahatlıq keçirən şimal qonşumuzun marağına daha çox uyğun görünür. Əlbəttə, eyni sual Moskva üçün də aktualdır: belə bir ciddi əmələ cəhd niyə bu qədər qeyri-peşəkar, yarımçıq hazırlanıb? Əvvəla, Moskva “keçmiş imperiyanın ucqarlarındakı”, ayrıca da Qarabağ kimi xüsusi rejimi olan ərazilərdəki agentlərini daha hər şeylə yerli-yerində və intensiv təmin edə bilmir. Amma indiki halda terror aktına cəhdin verdiyi xəbərdarlıq mesajı, onun Azərbaycan-Ermənistan münasibətlərinə mümkün təsiri daha vacibdir.
***
Bir gün sonra – sentyabrın 15-də isə çox maraqlı rəsmi məlumat yayıldı. Məlumatda deyilirdi ki, Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin GİZLİ SAXLANC YERLƏRİNİN (seçdirmə bizimdir – müəllif) axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülüb. 44 günlük Vətən Müharibəsindən keçən 5 il ərzində Şuşa və ətrafı, antiterror əməliyyatından sonrakı iki il ərzində isə Xankəndi və digər tərk edilmiş bölgələr didim-didim aranıb, axtarılıb, tapılan silah-sursat barədə məlumat verilib. Bu qədər müddətdən sonra əlavə “gizli saxlanc yerləri” haqda məlumat haradan gəlib? Əcəba, avanesyanların ifadələrindən ortaya çıxmış olmasın? Yaxud, bəlkə başqa bir mənbə vaxtilə bölgədə “sülh yaratmağa çalışan” şimal qonşumuzun ordusunun qoyub getdiyi saxlancları xəbərləyib?
***
Azərbaycanla Ermənistan arasında sülhün imzalanması, bölgədə yeni reallıqların yaranması yaxın gələcəyin hadisələridir. Moskva qarşıdakı mərhələni sakit izləməyəcək, burası aydındır. Qarabağda avanesyanların ümidinə qalıb, çünki “yerli resurs” yoxdur. Bu “resurs”un bölgəni tərk edib getməsinə qəzəbli reaksiyalarını dəfələrlə dövlət səviyyəsində, rəsmi KİV-də bildiriblər. Alət yoxdur, əllər boşda qalıb. İndi “alət” haradadır, ora can atacaqlar və atırlar. Son günlər Azərbaycanda cəmiyyəti çalxalayan, insanları qarşı-qarşıya qoyan, hətta Qarabağ zəfəri kimi mühüm hadisəni belə gözdən salacaq qədər təhlükəli ssenarilər oynanılır. Bölgəçilik söhbətləri, etnik və regional xarakterli qızışdırıcı çıxışların artması ya bu ssenarilərə daxildir, ya da onların uğurla oynanmasına bilməyərəkdən xidmət edir! Bu qədər böyük məsələlərdə təsadüf olmur. Ölkənin və regionun gələcəyi ilə bağlı həlledici proseslərdən biri yekunlaşır. Narazı qalan qonşularımız da hazır. Həm cəmiyyətimiz, həm də cavabdeh dövlət qurumları bu mərhələdə daha sayıq və ehtiyatlı davranmalıdırlar. Əlbəttə, həm də media… Bu cür təhlükəli meylləri tiraj xatirinə istismar etmək, mövzunu yat-küt eləmək əvəzinə daha da körükləmək, heç kim inciməsin, öz evini yandırıb əllərini qızdırmaq qədər ağılsız və qorxulu işdir…
***
Sentyabr Qarabağ üçün “əlamətdar aya çevrilir” deyəndə, təkcə bölgəmizi nəzərdə tutmamışdıq. Sentyabr həm də “Qarabağ” üçün uğur ayı oldu. Atlılar goca Avropanı təəccübləndirən bir qələbəyə imza atdılar. Qələbə üçün niyyət, zəhmət, təminat… hamısı şərtdir. Amma ən başlıca şərt – sevgi və dəstəkdir.
“Qarabağ” Qarabağın, Qarabağ Azərbaycanın, Azərbaycan isə mənim, sənin, onundur… Bölməyək, bütövünə yiyə çıxaq…
















