Qonur gözlü – Narıngülün yeni Hekayəsi

Qonur gözlü – Narıngülün yeni Hekayəsi
“Marşrutka” adlanan sınıq –salxaq, balaca avtobus nəhayət ki, şəhərə tərəf yol alır. Bizim qəsəbə ucqarda yerləşdiyindən par-par parıldayan, təzə qlamur avtobuslar hələ bura gəlib çıxmayıb. Doğrudur, tək-tük təzə avtobus da gözə dəyir, amma bizim adamlar bu köhnə “marşrutka” adlanan nuh əyyamından qalmalara üstünlük verir. Necə deyərlər, öyrəşmişik bunlara. Bu köhnə avtobusların rəngini də bilirik, sürücülərini də yaxşı tanıyırıq. Bu səhərki sürücü iri, qara gözlü, sir-sifətindən yorğunluq yağan cavan, qaraşın oğlandı. Xeyli vaxtdır bu yollarda bizə yoldaşlıq edir. O biri sürücülərdən fərqli olaraq bunun danışmaqla arası yoxdur. Əynindəki dəbdən düşmüş, qara dəri gödəkcənin bəzi yerləri sürtülərək ağarıb. Bu gödəkcəni əvvəllər də bunun əynində görmüşəm. Deyəsən, bu oğlan elə həmişə bu gödəkcədə olur axı…Bəlkə lap yayda da bunu geyinir. Hər nədirsə, bu oğlanı başqa paltarda təsəvvür etmirəm.
Bu səhər yenə eyni qaydayla dayanacaqda saxlayıb marşrutun dolmasını gözləyir. “Marşrutka”da da həmişəki kimi 4-5 nəfər sərnişin var. Lap irəlidəki oturacaqda əyləşmiş yaşlı qadın tez-tez dizlərini ovuşdurur. Yəqin dizlərində duz var, ya da nə bilim son vaxtlar çox dəbdə olan “qığırdaq əksikliyi” adlanan xəstəliyə urcah olub. Avtobusdakı sərnişinlər də deyəsən dünənki, srağagünkü adamlardır. Amma yox, bu dəfə sürücünün yanında 5-6 yaşlarında bir oğlan uşağı da var. Uşaq deyəsən tələm-tələs geyindirilib. Bəlkə də elə sürücü özü geyindirib səhər tezdən. Ayaqqabısının birinin ipi açıqdır, köynəyinin ətəyi də şalvarının üstünə sallanıb, əlində təkərləri sökülmüş oyuncaq maşın var. Uşaq sürücüyə çox bənzəyir, iri qara gözləri eynilə atasdır. Avtobusun qarşısındakı tutacaqdan bərk-bərk yapışıb.
Sürücü dayanacaqda bir xeyli ləngiyəndən sonra könülsüz-könülsüz yoluna davam edir. Amma bir gözü yenə ətrafdadır, müştəri axtarır. Sərnişinin az olması qanını qaraldır. Qaşqabaqlı olduğundan üzündəki yorğunluq da açıq -aşkar hiss olunur. Tez-tez uşağa tərəf əyilib nəsə deyir, uşaq başını bulayır.
Bir qədər keçmiş sürücüyə zəng gəlir. Köhnə dəbdən düşmüş kvadrat şəkilli telefonunu açır. Telefonun səsinə diksinən uşaq atasına tərəf əyilir, səntirləyir. Qabaq oturacaqda əyləşmiş yaşlı qadın üzünü uşağa tutur:
-Gəl bura, gəl nənənin yanında əyləş, yıxılarsan. Uşaq başını bulayır. Sürücü də uşağa oturmağı işarə edir. Amma uşaq inadkardır, tutacaqdan ayrılmır.
-Bunu niyə yuxudan durğuzub gətirmisən səhər- səhər. Qoyardın anasının yanında yatardı. Bir əlcə uşaqdır- qadın sürücüyə tərəf boylanır.
-Anası xəstəxanadadır, -sürücü nəvazişlə uşağa baxır- sabah buna iki qardaş da gətirəcək. Sürücünün qayğılı üzündən bir az da lovğalıq oxunur.
SEVGİGÖZ | Hastalık ve Tedaviler | Gözyaşı Kanalı Tıkanıklığı
Arvad: -Neynək, neynək -deyə dillənir. Sanki sürücü uşaqları gətirmək üçün bundan icazə istəyir, bu da razılıq verir.
-Amma yaman ləng gedirsən haaa- hər şeyə baş qoşan arvad bu dəfə sürücüyə şikayətlənir-yarım saatdır burdayıq, hələ bir saat da o tərəfə yolumuz var.
-Neyləyim, xəstəxananın filan qədər xərci var. Hələ gərək 4-5 kruq da fırlanım. Axşama ora pul aparmalıyam. Sürücünün sanki dərdi açılır- Elə bilirsiz asandır. Kirayə pulu, filan. Ayın bu başını ödəməmiş o başı çatır.
Bu sürücünü çoxdan tanısam da ilk dəfə səsini, daha doğrusu, belə çox danışmasını eşidirəm. Görünür, ürəyi doludur.
Ağlımdan keçir ki, indicə qadın: “ nə qaçaqaçdır, hələ bir bunu böyüdün, başa çatdırın, sonra o biri uşaqları gətirin” deyəcək. Amma demir, qadın yenə də:- neynək, neynək- deyərək dizini ovuşdurur.
İkinci sıradakı oturacaqda əyləşmiş nimdaş kostymlu, boynundan dəbdən düşmüş, uzun qalstuk asılmış kişi: -Kasıbın nəyi olmasa da, uşaqdan bol olur-deyərək qımışır. Kişiyə heç kim əhəmiyyət vermir.
İrəlidəki dayanacaqda avtobusa qonur gözlü, gözəl və gənc bir qadın minir. Qadının əynindəki bahalı xəz paltonun yaxalığının yumşaq tükləri zəmi kimi o tərəf- bu tərəfə dalğalanır. İmkanlı olduğu uzaqdan bilinir. Qadın paltonun içərisində model kimi görünür. Əslində, bu marşrutda belə bahalı geyimli qadınlara çox az təsadüf’ olunur. Üstəlik də belə yaraşıqlı ola…Deyəsən sürücü də, sərnişinlər də bir qədər çaşır. Qonur gözlü qadının üzü çox qüssəli görünür. Əlindəki şəffaf polietilen torbanın içi müxtəlif çeşidli dərmanlarla doludur. Qonur gözlü qadın avtobusun girişindəki uşağı görüb duruxur. Bir xeyli ona tamaşa edir, sonra sinəsinə sıxır, üz-gözündən öpür. Sürücü təəccüblə qadına baxır. Yaşlı qadın dizlərini ovuşdura-ovuşdura vaysınaraq yanındakına pıçıldayır: Yazıq deyəsən çox ağır xəstədir, yoxsa bu qədər dava -dərman alıb niyə torbaya yığsın ki?.. Özü də cavandır.
Qonur gözlü qadın nəhayət uşaqdan aralanıb gəlib mənim yanımda əyləşir. Bahalı ətir burnumu qıcıqlanıdırır.
Qadın əyləşən kimi sürücünün yanındakı uşağı göstərib pıçıldayır:
-Nə şirin uşaqdır. Adam lap ürəyinin içinə qoymaq istəyir. Dönüb üzünə baxıram, qüssəli üzünə işıq gəlib, gözləri parıldayır.
Qonur gözlü qadın köksünü ötürür. Əlindəki dərman torbasını dizinin üstünə qoyur. Dərmanlara baxıb mən də yaşlı qadın kimi düşünürəm: “Yəqin xəstədir”. Qadın dərindən ah çəkir. Hiss olunur ki, dərdi var. Nəsə böyük dərdi var. İndi xəstəlik çox yayılıb anidən ürəyimdən keçir. Dükanda bazarda tez-tez eşitdiyim “ölüm daha qocaya, cavana baxmır” sözlərini xatırlayıram. Maraq məni boğur, eynilə qabaq oturacaqda əyləşmiş yaşlı qadın kimi az qala hər şeyə burnumu soxuram.
-Deyəsən xəstəsiniz. Allah köməyiniz olsun – Dərmanlara işarə edirəm.
Qadın üzümə baxır, qonur gözləri yaşla dolur.
– Yox, xəstə deyiləm. Intihar etmək istəyirəm, dərmanları bununçün almışam. Dodaqları səyriyir.
İntihar sözündən diksinirəm. Bir az şübhəli, vahiməli nəzərlərlə üzünə baxıram. Sanki yanımda əcayiıb, vəhşi bir heyvan əyləşib.
Qonur gözlü qadın üzümə baxaraq susur. Hiss edir ki, intizar içindəyəm. Bilirəm ki, bu sözdən sonra qadın nəsə söyləyəcək. Daha söhbətin ardının gətirməməsi mümkünsüzdür.
Sürücü qarşıdan gələn siqnal səsinə diksinir, avtobusun əyləcini basır, dodaqaltı söylənir. Avtobus silkələnir. Tutacaqdan yapışmış uşaq səntirləyir. Qabaq oturacaqdakı yaşlı qadın ərkyana sürücünü danlayır:
-Yavaş ol, ay bala. Yavaş ol, görək…
Qonur gözlü qadının telefonuna zəng gəlir. Titrək səslə kiməsə cavab verir:
– Özün yaxşı bilirsən, daha həkimlik deyil. Bizim uşağımız olmayacaq! Qismətimiz deyilmiş. Özün deyirdin ki, uşaqsız ev susuz dəyirman kimidir. Hər şey hədər imiş… Neyləyək, deyirsən?
O biri tərəfdən kişi səsi gəlir, deyəsən qadını sakitləşdirməyə çalışır. Qadın kükrəyir:
– Əlbəttə, yalandan deyirsən ki, fikir çəkmə, boş şeydir… Axşam yenə o qadının yanında gecələdiyini də bilirəm. Yaxşı bilirəm! Demək darıxırsan mənim yanımda. Evimiz bomboşdur, son vaxtlar qaçmağa çalışırsan. Darıxırsan… Neynirsən, hardan öyrəndiyimi?!
Qonur gözlü qadın pauza verir, o tərəfin cavabını dinləyir, doluxsunur.
-Sevirsən… Hmm. Amma mən uşaq istəyirəm, uşaq! Başa düşürsənmi?! Uşaq!!! Bu da son!
Dəstəyin o tərəfindən yenə də kişi səsi gəlir, qadını dilə tutur. Qadın ipə- sapa yatmır.
-İntihar edəcəyəm! Aptekdən çoxlu dərman almışam, bir azdan hamısını içəcəm. Məni ömürlük xatırlayacaqsan. Daha evdə, mənim yanımda səssizlikdən darıxmayacaqsan. Neynirsən hardayam? Harda olmağımın dəxli yoxdur, onsuz da tapa bilməyəcəksən… Nə sevgi? Sevgi-zad yoxdur… Axmaqlıq etmirəm, heç dəli də deyiləm. Deyəsən, hələ indi ağıllanıram. Ağıllı-başlı ayrılsaq unudacaqsan, amma belə ömürlük xatırlayacaqsan məni. Əlvida! Telefonu söndürürəm ki, izimə düşə bilməyəsən!
Qonur gözlü qadın yanağından aşağı yuvarlanan bir damla yaşı silib, telefonunu söndürərək çantasına atır, barmaqlarını ovuşdurur. Üzündən çarəsizlik yağır. Ona tərəf əyilirəm. Özü də bilir ki, danışığını eşitmişəm. Necə olmasa artıq sirr ortağıyıq.
-Bəlkə, lazım deyil?!
Qadın üzümə əvvəlcə təəccüblə, həm də qəzəblə baxır, sonra mülayimləşir.
-Yox, qoy yanıb tökülsün, heyfimi belə çıxıram. Bir vaxtlar ölürdü məndən ötrü. İndi başqasına meyllənib. Uşağımız yoxdur. Uşaq götürməyi təklif etmişəm, razılaşmayıb. Görünür, artıq başqasını sevir.
-Beləsinə görə ölməyə dəyməz. Vallah dəyməz. Onu dilə tutmağa çalışıram. Az qala yalvarıram.
Bu saat ayağına da düşə bilərəm. Belə gözəl qadının həyatla vidalaşmasına dözə bilmirəm.
Qonur gözlü qadın uşağa tərəf boylanır.
-Kaş belə bir uşağım olaydı, nələri qurban verməzdim. Necə geyindirərdim, əyləndirərdim. Ürəyi nə istəsə alardım.
Sürücünün bir qədər əvvəlki şikayətini xatırlayıram.
-Çox şirin uşaqdır, elə deyilmi? Qadın dillənir. Hiss edirəm ki, bütün fikri uşağın yanındadır. Ürəyinin döyüntüsünü də açıq-aydın hiss edirəm.
Avtobus son dayanacağa çatır. Qonur gözlü bir qədər ləngiyir, gözləyir adamlar boşalsın. Yenə də uşağın başını sığallayır, üz-gözündən öpüb sinəsinə sıxır. Elə bil çoxdan görmədiyi əzizini sığallayır. Sürücü təəccüblə ona baxır, iri gözləri bir qədər də böyüyür. Uşaq qadının qollarının arasından sürüşüb çıxır, atasına qısılır. Qnur gözıü qadın tərəddüdlə sürücüyə baxır: – Deyirəm, bəlkə…Sözünün ardını gətirəmmir, avtobusdan enir.
Dayancaqda dayanıb iş-gücümün ardınca getmək əvəzinə qadını izləyirəm.
Qadın əlindəki torbanı yelləyə-yelləyə yolun o biri üzünə keçir, bir qədər var-gəl edib yenidən geri qayıdır, avtobusun içərisinə boylanır. Uşağa əl edir.
Aşağıda, dispetçerin yanında dayanıb ayaqüstü çay içərək müştəri yığmaq üçün növbə gözləyən yoldaşları sürücüylə məzələnirlər.
-Sən öl, bəxtin açılıb. Özü də imkanlıdır, özüm ölüm. Get, kef elə!
Başqa sürücü yoldaşı əlini-əlinə vurub irişir:
-Yerin varsa, məni də götür.
Sürücülər səs-səsə verib xorla oxuyurlar:
-Dağlar oy, oy, oy… daşlar oy, oy, oy…
Sonra qonur gözlü qadın nə fikirləşirsə əlindəki həblə dolu torbanı qarşıdakı zibil qabına atır. Yolun kənarındakı taksilərdən birinə yaxınlaşır:
-2 saylı uşaq evinə sür! Körpələr evinə!
Həzin- həzin əsən külək qadının səsini yolun o biri üzündən bu tərəfə gətirir və açıq -aydın eşidirəm:
-Körpələr evinə! Körpələr…
Havada sapsarı payız yarpaqları uçuşur.
Share: