SƏN MƏNİM EVİMSƏN…
Guya ki, mən sənin evin deyiləm,
bu yuva, bu ocaq bizimki deyil?!
Gözündən asılan alovlu baxış,
ruhuna qovuşan ruh mənim deyil?!…
Ovcun əllərimin isti yuvası,
əllərin ovcumda ən əziz sakin.
Sən məndə var olan ilahi adam,
mən səndə yaşayan bəxtəvər qadın.
Bizim yaşamağa evimiz yoxdu…
sən mənim EVİMSƏN,
mən sənin EVİN…
MƏNİM ÜRƏYİM
Mənim ürəyim sənin ürəyin kimi
çoxotaqlı varlı mənzilinə bənzəməz.
Biradamlıq çarpayıda nəfəsini bölüşən
iki aşiqin eşq hərarəti var mənim ürəyimdə.
Yaşanmayan ev kimi ölü, nəfəs toxunmayan
pəncərə kimi cansız deyil mənim ürəyim.
Mənim ürəyimin divarları sevgidən hörülüb
içində olanlar sevgiylə qorunur.
Kasıb komalarının köhnəlmiş damından
yağış daman kimi
göz yaşı damar, ağrı damar mənim
ürəyimdən hərdən.
Mənim ürəyim üç-beş dost sığacaq qədər
geniş,
əzablarını içində boğacaq qədər dardı.
Ucsuz-bucaqsız çöllərə layla çalan qatarlar
kimi
Mənim də ürəyimin öz laylası var,
sevgidən başlanır, sevgidə bitir bütün notlar.
Birnəfərlik kupe kimidi mənim ürəyim,
bileti əlində qalar, keçməyə həddi olmaz
hansısa sərnişinin…
Sən o balaca otağa necə sığmısan bilmirəm,
rahatca gəzib dolaşırsan künc-bucağında.
“Zəbt etdiyin” bütünümün evi, yaşamağa
davam yeri olmusan.
Mənim ürəyimin mətbəxi, dincəlmək,
yemək hücrəsi
divarlarına hörülən sən adlı sevda çırağıyla
işıqlanır,
Acanda xatirələrdən süfrə qurur,
hər xatirənin yanına bir şeir düzür çörək əvəzi.
Hər gecə yuxuları aldadıb ürəyimə köçürəm,
səliqəyə salıram dağınıq eşq süfrəsini,
gündüz tökdüklərimi yığıram öz yerinə.
Sonra öpüb gözündən enirəm yatağıma,
Gecə də layla çalır dizlərində uyuyan
o bəxtəvər qadına…
****
İndi boşluq adlı ağrı
hakim kəsilib ruhuma,
içim də uçurum kimidi,
hər gün bir əsrlik
boşluğa yuvarlanıram.
Bilirsən, qaçmaq şansım yoxdu,
ayaqlarım beynimin əmrini dinləmir,
qollarım da asi çıxdı,
əllərimi utandırdı göylərdən…
Gözlərimdəki selin
dayanacaq yeridi qucağım.
Dualarım nəm, dilim titrək…
çatmır göyə dilədiklərim.
Bəlkə də ölmüşəm,
sinəmdəki göynərti cəhənnəm odudu…
İndi tam uçurumun kənarındayam,
əlsiz, ayaqsız ümidimi asmışam andan,
ya uzat əlini,
qurtar məni qorxularımdan
ya ölümə tərk elə…
















