Atası hamının “yoldaş Dadaşov” deyə müraciət etdiyi, rayonda hörmətli kişilərdən biri olub. El-oba arasında əqidəli, ədalətli və ən başlıcası əxlaqlı milis zabiti kimi tanınırdı.
Düzü-düz, əyrini-əyri dəyərləndirdiyinə, sözübütöv, haqqın tərəfdarı olduğuna görə ondan heç kim çəkinməzdi. Milis işçilərini qəddar, kobud adamlar kimi tanıyanların da milis kapitanı İsmayıl Dadaşovu tanıyandan sonra milis haqqında təsəvvürləri dəyişirdi…
Dayısı Nərçə Ağayev öz yerini bilən, mərd, xeyirxah, zabitəli, ləyaqətli, bir sözlə, böyük kişilərdən biri idi. Onu yardımlılar hələ də el ağsaqalı kimi tanıyır və xatirəsini əziz tuturlar…
Asif İsmayıl oğlu Dadaşovu çoxdan tanıyıram. Sumqayıta hay düşmüşdü ki, bəs Təcili Tibbi Yardım Xəstəxanasına USM üzrə savadlı bir həkim gəlib. Hamı ondan razılıq edir, savadından, insanlığından, qoyduğu diaqnozların düzgünlüyündən danışırdı. Nə isə, o vaxt Sumqayıtda yaşamış və yaşayan yardımlılar haqqında “Bir elin övladları” adlı kitabın üzərində işləyirdim. Vaxt təyin edib Asif həkimlə görüşdük. Söhbət əsnasında Tibb universitetini yüksək qiymətlərlə bitirmiş bu gəncin necə ədəb ərkanlı, enerjili, insanpərvər olduğunun şahidi oldum. Deyirdi ki:- “Düzgün müalicə doğru diaqnozdan başlayır.” Və bu məsulliyyət hissi onu insanların gözündə ucaldırdı, ona inam, etibar yaradırdı. İnanın ki, onun qəbuluna düşmək çətin məsələ idi, saatlarla növbə gözləməli olurdun…
Artıq o vaxtdan iyirmi beş ilə yaxın zaman keçir. Budur, aprelin 9-da Asif həkimin 51 yaşı tamam olur. Bəlkə də, yadıma düşməzdi. Bayaq xətrini dünyalar qədər istədiyim, seyyid-peyğəmbər övladı, dostum Mir Rəsul Tağızadə ilə görüşəndə söhbət əsnasında dedi: “Sabah Asif həkimin ad günüdür. Bəlkə xalam oğlu haqqında ürək sözlərini yazıb, bizim adımızdan da təbrik edəsən?” Məmnuniyyətlə razılaşdım…
…Kimdir Asif Dadaşov? Həssas, etibarlı, intuitiv olaraq həyat tələlərini hiss edə bilən, buna görə də hər hansı bir tələdən məharətlə yan keçməyi bacaran bir insan. Həkim peşəsini seçsə də, sanki diplomat doğulub. Öz nöqteyi-nəzərini olduqca yumşaq şəkildə çatdıra, başqalarını inandıra və düzgün motivasiya qura bilir və həmişə nəzakətli olmağa çalışır. Hərəkətləri nadir hallarda kobud və ya aqressiv ola bilər. O, öz nəcibliyi sayəsində ətrafındakı insanlara təsir etməyi bacarır. Amma kobud və həyasızların qarşısında gücsüzdür. Onun fitri zəkası və incəliyi bu cür adamlara onlara bənzər hərəkətlər etməyə imkan vermir. Bir sözlə, Asif bir insan kimi həkim olduğu qədər dəyərli, bir həkim kimi, insan olduğu qədər də gözəldir…
Asif Dadaşovu ad günü münasibətilə təbrik edirik! Yeni yaşı düşərli olsun!
Hörmətlə, Elman Eldaroğlu












.jpg)








