Vətən mənim üçün təkcə doğulduğum torpaq deyil. Vətən – uğrunda şəhid verilən, sərhədləri qorunan, bayrağı beynəlxalq tribunalarda dalğalanan dövlət deməkdir.
Mən inanıram ki, ölkənin adı dünyanın ən nüfuzlu platformalarında çəkiləndə bu, hər bir vətəndaş üçün qürur mənbəyi olmalıdır. Dövlət başçısının xaricdə necə qarşılanması, hansı tribunalarda söz deməsi və hansı mövqeni ifadə etməsi artıq təkcə siyasi hadisə deyil – bu, milli ləyaqət məsələsidir.
Bu baxımdan möhtərəm prezidentimiz İlham Əliyevin Münhenə səfəri və (Munich Security Conference) Münhen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı mənim üçün sıradan diplomatik protokol hadisəsi deyil. Münhen Təhlükəsizlik Konfransı qlobal təhlükəsizlik arxitekturasının formalaşdığı əsas platformalardan biridir. Orada iştirak etmək, açıq debatlarda ölkənin mövqeyini birbaşa ifadə etmək Azərbaycanın artıq regional çərçivədən çıxaraq qlobal müzakirə masasının arxasında əyləşdiyini göstərir.
2020-ci ildən sonra Cənubi Qafqazda yeni reallıq yaranıb. Bu reallığın beynəlxalq ictimaiyyətə necə təqdim olunması son dərəcə vacibdir. Münhendə səslənən suverenlik, ərazi bütövlüyü, sülh gündəliyi və regional sabitlik mesajları Azərbaycanın öz dili ilə, birbaşa dünya auditoriyasına çatdırıldı. Mən hesab edirəm ki, bu, diplomatik baxımdan ciddi üstünlükdür. Çünki artıq region haqqında danışan tərəf başqaları deyil, məhz Azərbaycan özüdür.
Enerji təhlükəsizliyi məsələsi də xüsusi önəm daşıyır. Avropanın alternativ və etibarlı tərəfdaş axtardığı bir dövrdə Azərbaycanın bu platformada enerji və regional sabitlik kontekstində təqdim olunması ölkənin geosiyasi çəkisini artırır. Bu, təkcə siyasi jest deyil, strateji dividendlər deməkdir.

Bəzi müxalif qüvvələrin və ayrı-ayrı şəxslərin bu səfəri kiçiltmək cəhdlərini isə mən obyektiv hesab etmirəm. Diplomatiya bir günlük nəticə üzərində qurulmur. Beynəlxalq platformada iştirakın özü siyasi çəkidir. Əgər Münhen kimi konfrans əhəmiyyətsiz olsaydı, dünyanın aparıcı liderləri orada iştirak etməzdi. Mənim fikrimcə, bu cür tədbirlər uzunmüddətli strateji proseslərin formalaşdığı məkandır.
Səfər çərçivəsində özlərini “bloqer” adlandıran bəzi şəxslərin davranışı isə xüsusilə düşündürücüdür. Tənqid hər bir vətəndaşın haqqıdır. Sual vermək də normaldır. Lakin sualın məqsədi informasiya almaq yox, beynəlxalq auditoriya qarşısında nümayişkaranə şəkildə diqqət çəkmək və ölkə rəhbərini çətin vəziyyətə salmaqdırsa, bu artıq vətəndaş məsuliyyəti ilə uzlaşmır.
Mən hesab edirəm ki, dünyanın gözü qarşısında verilən hər sual təkcə konkret şəxsə deyil, bütövlükdə ölkəyə yönəlmiş kimi qəbul olunur. Xarici platformada populist və təxribat xarakterli davranış sərgiləmək söz azadlığının nümunəsi deyil. Daxili siyasi polemikanı beynəlxalq tribunaya daşımaq dövlətin imicinə xidmət etmir.
Heç bir vətənpərvər insan fərdi siyasi baxışından asılı olmayaraq, öz dövlətinin beynəlxalq nüfuzuna xələl gətirəcək davranışı doğru hesab etməz. Tənqid ölkə daxilində, ictimai debat və siyasi institutlar çərçivəsində aparılmalıdır. Xarici tribunalarda isə əsas prioritet milli maraq və dövlətin mövqeyidir.
Bu yazını qələmə almaqda məqsədim kimisə hədəfə almaq deyil. Mənim məqsədim ən azından öz gördüyüm həqiqəti ifadə etməkdir. Çünki hesab edirəm ki, beynəlxalq platformalarda dövlətimizin necə təmsil olunması məsələsi şəxsi simpatiya və ya antipatiya ilə ölçülməməlidir. Burada söhbət milli maraqdan, dövlət nüfuzundan və gələcək strateji mövqeyimizdən gedir.
Biz müxtəlif siyasi baxışlara sahib ola bilərik. Tənqid edə, razılaşmaya, alternativ fikirlər irəli sürə bilərik. Amma dünya qarşısında Azərbaycan adı çəkiləndə məsələ artıq fərdi mübahisə çərçivəsindən çıxır. O zaman söhbət dövlətin mövqeyindən, xalqın nüfuzundan gedir.
Mən düşünürəm ki, əgər dövlət başçısına kömək edə bilmiriksə belə, heç olmasa mane olmayaq. Beynəlxalq tribunalarda nümayişkaranə qarşıdurma yaratmaq, daxili polemikanı xarici auditoriyaya daşımaq heç kimə fayda vermir. Güclü dövlət təkcə siyasi rəhbərliklə yox, həm də məsuliyyətli vətəndaş mövqeyi ilə formalaşır.
Sonda demək istəyirəm ki, milli həmrəylik emosional şüar deyil, strateji zərurətdir. Dövlətin qlobal səviyyədə atdığı addımlar müzakirə oluna bilər, amma bu müzakirə ölkənin nüfuzuna zərər vurmaq hesabına aparılmamalıdır. Ən azından həqiqəti obyektiv qiymətləndirək və unutmayaq: dünya qarşısında necə görünürüksə, gələcəyimizi də elə qururuq.

Şərafəddin İlkin,
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü,
“Beynəlxalq Rəsul Rza” mükafatı laureatı





















