Hekayə gerçək hadisə əsasında yazılmışdır
I Hissə: Sükutun Altında
Sahildə hava ağır və yapışqan idi. Uzaqda ildırım şaxırdayır, fırtına gələcəyini xəbər verirdi. Nigeriyanın Atlantik sahillərində gecənin sükutu yalnız dalğaların qayalara çırpılması ilə pozulurdu.
Yedək gəmisində aşpaz işləyən Harrison Okene mətbəxdə axşam yeməyindən sonra qabları yuyur, pəncərədən qara səmaya baxırdı.
— Bu hava mənə heç xoş gəlmir, — deyə öz-özünə mızıldandı.
Birdən interkomdan kapitanın səsi eşidildi:
— Harrison, kapitan körpüsünə gəl, radar qəribə şeylər göstərir.
Harrison susaraq əlindəki dəsmalı asdı və pilləkənlərlə yuxarı qalxdı. Körpüdə kapitan Benga və sükançı Folarin təlaş içindəydilər.
— Qərbdən böyük dalğa gəlir. Gəmini saxlamaq mümkün olmayacaq, — dedi Folarin.
Qəfil güclü dalğa gəmini bir tərəfə çevirdi. Hər kəs haraya qaçacağını bilmədən qışqıraraq qaçırdı. Harrison dəhlizdə sürüşdü və qaranlıqda tualet qapısından içəri yıxıldı.
Qapı arxasından çırpıldı və hər şey zülmətə büründü.
II Hissə: Hava və Qorxu
Harrison gözlərini qapadı. Su belinə qədər qalxmışdı. Amma başının üstündə kiçik bir hava cibciyi vardı.
— İlahi… mən ölənlərdən deyiləm? — deyə fısıltı ilə soruşdu.
Fənərinin zəif işığında ətrafı yoxladı. Tualet kabinəsi, suyun üstündə üzən sabun qabı, rütubət qoxusu… Hər şey ona yad və qorxunc görünürdü.
— Sakit ol, Harrison… — deyə öz-özünə danışmağa başladı. — Burdan çıxacaqsan… çıxmalısan…
Cibindəki telefonu çıxardı. Siqnal yox idi. Fənər də zəifləməyə başlamışdı. Ürəyinin döyüntüsü sanki gəminin gövdəsini titrədirdi.
— Əgər sağ çıxmasam… anam… — Göz yaşları suya qarışdı.
Bir sutka keçdi. Səssizlik ölüm kimiydi. Harrison yuxu ilə ayıqlıq arasında, dua ilə qorxu arasında ilişmişdi.
III Hissə: Dənizin Altında Qışqırıq
Suyun dərinliyində boğuq səslər eşidildi. Harrison nəfəsini saxladı. Bu dəfə qulaq asdıqda daha aydın duyuldu: biri gəminin gövdəsinə vururdu.
— Kimsə var! — deyə ağzını suya yaxınlaşdırıb qışqırdı. — Burdayam! Mən sağam!
Sualtı dalğıc Piter Ramo və gənc Eliya gəminin içində hərəkət edirdi. Piterin fənəri bir dəmir qapıya tuşlandı. Əli ilə qapını açmaq istəyəndə içəridən əli tərpəndi.
— Eliya! Geri çəkil! O DİRİDİR!
Harrisonun gözləri fənərin işığında parladı. Nəfəsi kəsilirdi. O, ağzını suya yaxınlaşdırdı.
— Zəhmət olmasa… məni burdan çıxarın… — dedi zəif səslə.
Piter onun çiyninə toxundu:
— Sən artıq tək deyilsən. Səni xilas edəcəyik.
IV Hissə: Səthin Yolu
Dalğıclar Harrisonu qaldırmaq üçün hazırlıq görürdülər. Sualtı sükut içində bir dram oynanırdı. Gəminin içindəki təzyiq fərqi və insan bədəni üçün təhlükəli dərinlik səbəbilə, onu birbaşa səthə çıxarmaq olmazdı.
Piter Ramo Harrisonun gözlərinə baxdı. O gözlərdə qorxu, təşəkkür və çaşqınlıq bir arada idi. Fənərin zəif işığı ilə işıqlandırılan otaqda hər şey boğucu görünürdü.
— Harrison, — Piter dedi, — səni xüsusi kapsula yerləşdirəcəyik. Bu kapsul səni yuxarıya çıxaracaq, amma asta-asta.
— Mən… nəfəs ala bilirəm… — dedi Harrison, maskanın altında.
Eliya onu dəstəkləyərək dedi:
— Sən çox güclüsən. Bu, az adamın bacaracağı bir şeydi.
Okeneni xüsusi metal kapsula yerləşdirdilər. Dəniz suyu kapsulun ətrafında burulub qalxırdı, sanki okean özü onu geri istəmirdi.
Dalğaların arxasında sakit bir dua eşidildi: Harrisonun anasının səsi sanki suların altından ona çatırdı…
V Hissə: Yuxuların İçində
Dekompresiya kamerasında Harrisonun gözləri açıldıqda tavanda zəif sarı işıq gördü. Bədənində tər, ağrılar və soyuq bir titrəyiş vardı.
— Hardayam?.. Mən sağam? — dedi, öz səsinə özü təəccüblənərək.
Yanında duran tibbi personal gülümsədi:
— Bəli, Harrison. Sən artıq torpaqdasan. Amma yuxuların hələ dənizdədir…
O gecə Harrison kabus gördü. Tualetin içində idi. Su yavaşca qalxırdı. Nəfəsi boğulurdu. Və birdən qapı açıldı — içəri onun keçmiş kapitanı Benga girdi.
— Harrison, qayıt! — dedi kapitan. — Sən bu qaranlığa aid deyilsən…
Harrison çığıraraq oyandı. Həkimlər tez yanına qaçdılar.
— Bu normaldır, — dedi bir psixoloq. — Qaranlıqda qalanların yuxusu da gec işıqlanır.
VI Hissə: Gəmi Ailəsi
Kapitan Benganın həyat yoldaşı Linda, Harrisonu xəstəxanada ziyarət edərkən yanında bir kiçik dəftər gətirmişdi. Dəftərdə kapitanın son günlərdə yazdığı qeydlər vardı.
— Harrison, sən onun son nəfəsini eşidən son adamsan. Mənə danış… nə dedi?
Harrison uzun müddət susdu. Sonra pəncərədən bayıra baxaraq dedi:
— O, bizə qaçın dedi… Suyu görəndə səsləndi… Ən son səslərdən biri onun idi. Qışqırmırdı. Sanki dua edirdi.
Linda göz yaşlarını gizlətməyə çalışaraq başını yellədi.
— Onunla fəxr edirəm. Sən də yaşadın… İndi yaşamaq məsuliyyətindir.
VII Hissə: Həqiqət və İnam
Xəstəxanadan çıxan gün Harrison mətbuat konfransında iştirak etməyə razı oldu. Jurnalistlər otağı doldurmuşdu. Kameralar, mikrofonlar və gözlər bir vaxtlar dənizin dibində unudulmuş bir adama dikilmişdi.
Bir jurnalist soruşdu:
— Harrison, sizcə necə sağ qala bildiniz?
Okenenin səsi titrədi, amma möhkəm idi:
— Mən yalnız nəfəs almağa çalışırdım. Hər dəfə ümidsizlik gəldikdə, içimdə bir səs deyirdi ki, “Hələ bitməyib.”
— Bəs sonra nə olacaq? Dənizə qayıdacaqsınızmı?
O düşündü. Gözləri uzaqlara dikildi. Sonra dedi:
— Dəniz məni udmadı. Amma mən artıq başqa bir dənizə — insan ruhunun dərinliyinə endim. Ordan qalxmaq daha çətindir.
Zalda sükut hökm sürürdü. Bu sükut, o tualetdəki qaranlıq qədər ağır idi.
VIII Hissə: Son Söz
Aylar keçdi. Harrison həyatı yenidən qurmağa başladı. O, artıq sadəcə bir gəmi aşpazı deyildi — o, yaşayan bir sübut idi: insanın iradəsi, inamı və duaları hətta okeanın dibində belə əriyib yox olmur.
Hər gecə yatmazdan əvvəl kiçik bir şam yandırırdı. O şam onun üçün fənərin əvəzi idi — qaranlığın içində bir işıq, bir ümid.
O tualet kabinəsi indi onun zehnində bir məbədə çevrilmişdi — qorxunun və möcüzənin birləşdiyi məkan.
Bəzən dəniz səsini eşidəndə gözlərini yumur və pıçıldayırdı:
— Mən burdayam… Sən məni uda bilmədin.
Və cavab olaraq dəniz susurdu. Çünki dəniz də bilirdi — Harrison Okene sağ qalmışdı.
Sakit Malikov
Uzaq səfərlər kapitanı
















