Qarabağ Benfikanı məğlub etməklə sübut etdi ki, kiçik görünənlər də böyük tarix yarada bilər
Qarabağın “Benfika” üzərində qazandığı qələbə sadəcə nəticə deyil, həm də böyük bir dərs idi. Bu oyunda hamının diqqəti bir daha baş məşqçi Qurban Qurbanovun üstünə yönəldi. Çünki meydanda təkcə futbolçular mübarizə aparmırdı, kənardan hər dəqiqəni, hər epizodu, hər dəyişikliyi incə hesablayan bir taktika ustası vardı.
Qurban Qurbanov illərdir “Qarabağ”ın simasını formalaşdırıb. Onun komandası heç vaxt bahalı transferlərə güvənməyib, nəhəng büdcələrdən bəhrələnməyib. Amma bu gün Avropanın ən zəngin, ən köklü klublarından biri olan “Benfika” məhz həmin sadəliyin, həmin sistemin qarşısında diz çökdü. Oyunun ritmini saxlamaq, hücumda qəfil sürətlənmək, müdafiədə intizamı pozmamaq, bütün bunlar Qurban Qurbanovun illərlə qurduğu futbol fəlsəfəsinin nəticəsi idi.

Azərbaycan futbolunda illərdir milyonlarla vəsait xərclənir, amma milli komanda ard-arda uğursuzluqlarla yadda qalır. Xaricdən gətirilən məşqçilərin heç biri real nəticə verməyib. Əksinə, hamının gözü qarşısında, heç bir iddialı transfer etmədən, sırf inam, intizam və mübarizə ruhu ilə Qurban Qurbanov bir klubla Azərbaycan futbolunun ümidini yaşadır. Bu fakt özü göstərir ki, işin əsası pulla deyil, düzgün strategiya və rəhbərliklə bağlıdır.
“Qarabağ”ın bu qələbəsi həm də simvolikdir. Necə ki, Azərbaycan ordusu Qarabağ torpaqlarında zəfər qazandı, bu gün də Qurban Qurbanov futbol meydanında Qarabağ adını Avropaya qızıl hərflərlə yazdırır. Onun komandası təkcə oyunda qalib gəlmir, həm də milli qürur hissini dirildir. “Benfika” üzərində 3:2 hesablı qələbə məhz buna görə idman tarixindən də böyük mənaya sahibdir. Bu zəhmətin, inamın və milli ruhun qələbəsidir.
Bu gün Azərbaycan futbolunun ən parlaq ümid yeri Qurban Qurbanovun “Qarabağ”ıdır. Avropada böyük adların yanında sadə görünən bu komanda göstərir ki, əgər meydanda düşünən bir baş məşqçi və sona qədər döyüşən bir kollektiv varsa, bahalı ulduzlara qalib gəlmək mümkündür. Və bəlkə də ən önəmlisi: Azərbaycan futbolu hələ də yaşamaqdadır, çünki onun nəfəsi: Qurban Qurbanovun komandası var.
Samir Əsədli
















