Qarabağ şahini… – Leyla Məcidova yazır

Qarabağ şahini… – Leyla Məcidova yazır

Birinci Qarabağ müharibəsi dövründə yenicə dövlət müstəqilliyini bərpa edən Azərbaycan öz tarixinin ən ağır illərini yaşayırdı. Bir tərəfdən Respublikada gedən daxili çəkişmələr, digər tərəfdən bədnam qonşularımız erməni təcavüzkarlarının ərazi iddiaları ilə əlaqədar müdaxiləsi mövcud vəziyyəti daha da gərginləşdirirdi.

 

Tarix boyu Azərbaycan torpaqlarını ermənilərə peşkəş edən və bu torpaqlar erməni dövlətini yaradan rus havadarlarının hədəfində bu dəfə Dağlıq Qarabağla birlikdə ətrafındakı rayonlar idi. O vaxt Azərbaycan Silahlı Qüvvələri yaradılmamışdı. Sovet məkanında hətta Azərbaycanda ov tüfəngləri də yığılmış və əhali tamam tərksilah edilmişdi. Əliyalın dinc əhali ilə təpədən dırnağa qədər silahlandırılmış erməni millətçiləri və tərkibi tamamilə ermənilərdən, ruslardan ibarət 366-cı Sovet polku vuruşurdu. Təbii ki, ayrı-ayrı könüllü dəstələr müasir hərbi texnikanın, nizami ordunun qarşısında dura bilməzdi. Müstəqil Azərbaycan dövləti öz ərazisinin 20 faizini itirdi. Əsrin ən böyük faciəsi olan Xocalı soyqırımı baş verdi. Bir milyondan çox Azərbaycan Vətandaşları doğma dədə-baba yurdlarından didərgin salındı. Təəssüf ki, ağızdolusu demokratiyadan, insan haqlarından danışan dünya birliyi, beynəlxalq hüquq bu tarixi ədalətsizliyə, görünməmiş haqsızlığa qarşı susmaqla kifayətləndi. Hətta Amerika Birləşmiş Ştatları konqresi təcavüzkarı dəstəkləyərək Azərbaycan əleyhinə qətnamə qəbul etdi. Hələ bu azmış kimi həmsədrləri Amerika, Rusiya və Fransadan olan ATƏT-in Minsk qrupu yaradıldı. Həmin qrup da ermənipərəst mövqeyini dəyişə bilmədi, əksinə işğalın ömrünü uzatmaqla təcavüzkarın daha bir dayağına çevrildi. Elə buna ğörə torpaqlarımız 30 il işğalda qaldı. Nəhayət 30 ildən sonra müasir hərbi texnikaya malik, mükəmməl hərbi təlim görmüş Azərbaycan ordusu doğma Vətənin öz ərazi bütövlüyünü bərpa etdi, və xalqımızın Qarabağ həsrətinə əbədi son qoydu.
O vaxtdan illər keçir. Birinci Qarabağ Müharibəsi məğlubiyyətlə nəticələnsə də düşmənin ağır hərbi texnikası, müasir silahları qarşısında mərdliklə dayanan yalnız öz qeyrəti, fədakarlığı ilə vuruşan könüllülərin, habelə Ulu Öndər Heydər Əliyevin çağırışına səs verib döyüşlərə yollanan gənclərin qəhrəmanlıqları kövrək xatirələrə çevrilərək yaşayır. Xalqın bu Vətənpərvər oğulları işğal olunmuş torpaqlarını ala bilməsələrdə, öz canları bahasına düşmənin hücumunu dayandira bildilər.
Birinci Qarabağ müharibəsi haqqında söz düşəndə ilk olaraq çətin gündə, bərk ayaqda Vətənin harayına yetişən məhz belə qəhraman döyüşçülərin obrazı gözlərimizin önündə canlanır. Onlardan biridə o vaxt Qarabağ səmasının ilk şahini olan Bayram Cankişi oğlu Muxtarovdur. O 1990-1995-ci illərdə müharibə zamanı Mİ-8 və Mİ-24 helikopterlərlə 400-ə yaxın xüsusi təyinatlı uçuş həyata keçirib. Əsgərlərin nəşlərini, yaralıları döyüş zonasından çıxarıb.
1991-ci il Goranboy rayonunun Todan kəndi ətrafında ağır döyüşlər gedir. Düşmən həm mövqə, həmdə hərbi sursat baxımından üstünlüyə malik olsa da könüllülərimiz də döyüşür, müqavimət göstərməkdə davam edirlər. Vəziyyət elə gətirir ki, döyüş zamanı əsgərlərimiz mühasirəyə düşürlər. “Təslim” olun, deyə düşmənin dəfələrlə etdiyi çağırışlar rədd olunur. Hər dəfə bu çağırışa əsgərlərimizin cavabı bu olur: Ölərik, amma təslim olmarıq.! Belə də olur. Sona qədər ciddi müqavimət göstərmələrinə baxmayaraq mühasirədən çıxa bilmirlər. Döyüşü davam etdirmək üçün artıq güllələri də qurtarır. Beləriklə, 18 əsgərimiz özlərinə saxladıqları son güllə ilə Şəhadətə qovuşurlar.
Qarabağ şahini Bayram Muxtarov şəhidlərin nəşlərini döyüş zonasından çıxarmaq üçün növbəti uçuşu həyata keçirir. Nəşlərin hammısı helikopterə daşınır. Lakin təyyarəçi düşmən snayperinin gülləsinə tuş gəlir. Başından yara almasına baxmayaraq peşakarlığından, təcrübəsindən istifadə edərək 18 şəhid nəşini döyüş zonasından çıxardır.
Bayram Muxtarovun bu qəhramanlığını Azərbaycan dövləti tərəfindən “jiquli” markalı avtomobil və qol saatı ilə mükafatlandırılıb.
Birinci Qarabağ Müharibəsinin şahini Bayram Muxtarov hələ orta məktəb illərindən təyyarəçi olmaq arzusu ilə yaşayıb. 18 mart 1962 –cı ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Binə qəsəbəsində 136 saylı orta məktəbi bitirdikdən sonra Sovet İttifaqı Qəhramanı Taran adına Sasova Mülki Aviasiya Uçuş məktəbinə daxil olub. 1983-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirən Bayram Muxtarov əmək fəaliyətinə elə bu ildə Zabrat Aeroportunda başlayıb. AN-2 təyyarəsini idarə edib. O, istehsalatdan ayrılmadan Aviasiya Akademiyasında təhsilini davam etdirmək istəyirdi. Nəhayət bu arzusuda çin oldu. B. Muxtarov 1989-1995-ci illərdə Sank-Peterburq şəhərindəki Mülki Aviasiya Akademiyasında qiyabi yolla ali təhsil alaraq vətənə qayıtdı. Bu illər birinci Qarabağ müharibəsinə təsadüf edirdi. Təbii ki, bir vətən övladı kimi o da döyüşlərdən kənarda qala bilməzdi. İdarə etdiyi Mİ-8 və Mİ-24 helikopterlərlə yuxarıda qeyd etdiyimiz kimi yaralıları, şəhidlərin nəşlərini döyüş zonasından çıxarmaqa başladı. Keçirdiyi 400-ə yaxın uçuş nəticəsində dinc sakinlərin, yaralıların həyatını xilas etdi.
Qarşıda 20 iyul tarixi gəlir bu tarix çox şey ifadə edir, Bayram Muxtarova bu tarixdə ikinci dəfə tanrı yaralanıb, komaya düşəndən sonra həyat verdi.Qarabağ Şahini artıq 63 yaşını arxada qoyub. Lakin Vətən sevgisi, doğma xalqına xidmət etmək arzusu onu tərk etməyib. Hazırda Milli Aviasiya Akademiyasının , Hava gəmilərinin uçuş istismari kafedrasında müəllim işləyir və gələcəyin gənc aviatorlarını yetişdirir.
Ötən illər Bayram Muxtarovun yaddaşında həm də xidmətlərinin dəyərləndirilməsi illəri kimi iz qoyub. O, Qarabağ müharibəsində iştirakına görə 2018-ci ildə Azərbaycan Vətən Müharibəsi İçtimaiBirliyin “ Milli ordu -100, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İstimai Birliyin, Fədai”. 2019-cu ildə isə ” Azərbaycan Vətən Müharibəsi Veteranları, Birliliyin, Müharibə veteranı” medalları ilə təltif olunub. Eyni zamanda Azərbaycan Dövlət tərəfindən döyüş zamanı göstərdiyi yüksək vətənpərvərlik nümunəsinə görə minik avtomobili və qol saatı ilə mükafatlandırılıb.
İllər elə sürətlə ötüb keçir ki, -deyə milli təyyarəçimiz Bayram Muxtarov fikirlərini bizimlə bölüşmək üçün söhbətinə belə başladı: —Bir də ayılıb gördüm ki, 30 illik işğal artıq bitib. Cənab Prezidentin təbirincə desək, xalqımız daha qalib xalqdır. Qarabağ öz əzəli torpağına qovuşub. 30-il Qarabağsız yaşayan xalqımızın böyük zəfər sevincini yaşamağa haqqı var. Çünki, bu tarixi qələbə müzəffər Ali Baş Komandan möhtərəm Prezident İlham Əliyevin sərkərdəlik bacarığı Azərbaycan əsgərinin qəhramanlığı və xalqın ordu ilə sıx həmrəyliyi sayəsində qazanıldı. Qarabağı geri qaytarsaq da bu torpaq uğrunda Vətən övladlarının qanı axıb. İstər birinci, istərsədə ikinci Qarabağ müharibəsində xalqımız çoxlu şəhid verib. Şair demişkən, “Torpaq-uğrunda ölən varsa, Vətəndir”. Qismətimdə Şəhidlik olmasa da , qürur duyuram ki, bu torpaqda mənim də qanım axıb, az da olsa, vətənimə öz övladliq borcumu ödəmişəm
– Yuxarıda qeyd etdik ki, Bayram Muxtarov yenə iş başındadır. Milli Aviasiya Akademiyasında çalışır. Çalışır ki, öz biliyini, təcrübəsini gənclərə versin. Çalışır ki, özü kimi gələcəyin milli şahinlərini, gənc davamçılarını yetişdirsin. Əslində qazanılan Qarabağ zəfərində onun da payı var. Çünki təcrübəli pilotun yetirmələridə Vətən uğrunda vuruşublar…

Qarabağ Şahini

Sən nələr yaşadın, sən nələr gördün.
Qarabağ üstündən sən uçan zaman
Ağrı-acısını daşıyıb yurdun
Bir övladı oldun igid, qəhraman

Gördün nəşlərini şəhidlərin də,
Dəlmə deşik olub süngüləriylə.
Körpə uşaqların bədənlərində ,
Yaralar açıblar güllələriylə.

Parça-parça olan əzalarını,
Qoymadın ki, qala yad tapdağında.
Gizlədib öz ürək ağrılarını,
Dözdün hər şəhidin həsrət dağına.

Qorxub çəkinmədin odlu güllədən,
Neçə-neçə şəhid yetdi mənzilə.
Vətənə borcunu ödəyəndə sən,
Süzüldü göz yaşın hey gilə-gilə

Ziyarətgah olsun şəhid məzarı,
İstədin hər şəhid Vətəndə ola.
Nigaran qalmasın qoy anaları,
Ya da yara üstdən yara vurula.

Uçdun Qarabağın səması üstdən,
Güllə yağışına düşsən də belə.
Aldın qisasını azğın düşməndən,
Daim qanad açdın yurd sevgisiylə.

Bu gün ad günündür, igid qəhraman,
Hər vaxt sevinməyə haqqın var sənin.
Gənclərə örnəksən bil ki, hər zaman
Sənə oğlum deyən xalqın var sənin.

Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru dosent
Məcidova Leyla Qadir qızı

Share: