Qanla yazılan insanlıq faciəsi – Samir ƏSƏDLİ yazır

Qanla yazılan insanlıq faciəsi – Samir ƏSƏDLİ yazır

Benyamin Netanyaho hökumətinin amansız hücumları Qəzzanı qan gölünə çevirib. 2023-cü il oktyabrın 7-dən bu yana 65 062 insanın həyatına son qoyulub, 165 697 insan ağır yaralanıb. Bu rəqəmlər sadəcə statistika deyil, hər biri ata, ana, övlad, bir ailənin məhv edilən gələcəyidir.

Faciənin ən dəhşətli tərəfi uşaq qətlləridir, facələşən körpə gələcəyidir. Körpələr beşikdəcə yetim qalır, doğulmamış bir nəsil daha dünyaya göz açmadan qətlə yetirilir. Qanla yazılan bu faciə təkcə Fələstinin yox, bütün insanlığın alnına vurulan damğadır.
Netanyahunun “təhlükəsizlik” bəhanəsi altında həyata keçirdiyi bu məhv siyasəti nə beynəlxalq hüquqa, nə insanlıq dəyərlərinə, nə də vicdana sığır. Bu, hərbi əməliyyat deyil, bəşəriyyətin gözü önündə icra olunan açıq soyqırımıdır.
Qəzzanın xarabazara çevrilmiş küçələrində həyat yoxdur, burda yalnız uşaq xatirələrinin ruhu dolaşır. Körpələrin cansız bədənləri, dağılmış evlər, yandırılmış talelər tarixin yaddaşına qara ləkə kimi həkk olunur. Bu qətliam yalnız fələstinlilərin yox, ümumi insan vicdanının imtahanıdır… Və bütün bu faciə fonunda hər gün sönən ulduzlar, amma sönməyən ümid işığı. Qətlə yetirilənlərin gözlərindəki o işıq dünyaya qanla yazılmış hökm kimi xatırladılır.
Dağıdılmış beşiklər, qana bulaşmış dəftərlər, uçmuş evlərin divarlarında donub qalmış xatirələr dayanır.

Share: