Darıxmağın rəsmi
Yuxuma dağıtmısan,
Saçının yumşağını.
Sən yoxsan, kim böyütsün
Bu sevda uşağını?
.
Yol tapıb çıxa bilmir,
Bu tinim, bu dalanım.
Mən sevgi qaçqınıyam-
Gəl, səndə daldalanım…
.
Bu çölü göndərmisən,
Sən mənə azmaq üçün?
Ürəyim- bir divarmış
Şəklini asmaq üçün.
.
Ümidim körpə kimi,
Ağlayır qundağında.
Arzularım can verir
Kədərin qucağında.
.
Zərgər yoxsa, nə fayda?-
Lap qiymətli zər olum.
Hara çıxıb getmisən-
Hara bəxtəvər olub?!
.
Hardasan, hardan bilim,
Mən hara üz döndərim:-
Darıxmağın rəsmini
Çəkib sənə göndərim…
.
Özün məndən uzaqsan,
Kölgən keçir yanımdan.
Adına söyuq dəyər-
Düşmə dodaqlarımdan…
Onun əllərinə ithaf
Minib bir gəmiyə çıxıb gedəsən
Səni yola sala onun əlləri…
O qız əllərini arxanca ata
Ata əllərini su əvəzinə.
Götürüb qaçdığın arzularını
Hər axşam sərəsən ay işığına…
…Çatasan dünyanın son limanına
Səni qarşılaya onun əlləri…
Heyrətdən özünü itirəsən ki:-
Sən ki yatmamısan, bu nə yuxudu?
.
Haçan gəlib səni keçdi o əllər –
Yoxsa o əllərin öz ağ gəmisi
Yoxsa ki, o qızın öz dənizi var?!
Qaçıb o əlləri qucaqlayasan
Bağrına basasan son ümid kimi.
.
Sonra ovcundakı o əllər üçün,
Bir üzük yonasan gün işığından.
.
Sonra düşünəsən: – bəs bu əlləri
O qızın canından kim dərib sənə?
.
Kimsə ürəyinə pıçıldaya ki:-
“Təkcə öpmək üçün deyil o əllər
Tanrı uçnaq üçün göndərib sənə…”
Bu dünyanı belə görüb gedirəm…
Aqşin Yeniseyə
Ağla qara görüşdülər- boz oldum,
Məni minə vursalar da, az oldum.
Torpaq idim, ələdilər toz oldum-
Bu dünyanı belə görüb gedirəm.
.
Yanmaq səni söndürürsə, hələ yan,
Öz-özünü vurar bir gün cərəyan.
Bir kədəri yüz kədərə calayan
Bu dünyanı belə görüb gedirəm.
.
Dəfinəymiş hər dəfəsi bu dəfin,
Səfsəfələr səhv tanıdl sədəfi.
Dəfn etdilər içimdəki hədəfi-
Bu dünyanı belə görüb gedirəm.
.
Baxt böldülər- neçə paya düşmədi,
Söz tapmışdım, bu hecaya düşmədi…
Gün işığı hər bacaya düşmədi-
Bu dünyanı belə görüb gedirəm…
.
Düzün tozu, dağın qarı tanrının,
Bu dəryanın hər kənarı tanrının.
Pozulubdu dərkənarı tanrının-
Bu dünyanı belə görüb gedirəm.
.
Qan axıdır- gur axına baxmayır,
Gül əzilib- gül ahına baxmayır.
Baxışımın günahına baxmayın-
Bu dünyanı belə görüb gedirəm…
.
Çıxıb gedim, daha ayıb görməyim,
Qabağı da qabaqlayım, görməyim.
…Gözlərimi ha bağlayın, görməyim-
Bu dünyanı belə görüb gedirəm…
















