Pedaqoq! – Aydın CAN yazdı

Pedaqoq! – Aydın CAN yazdı

Adətən, ixtisası müəllim olanları PEDAQOQ statusunda görürlər, əslində, PEDAQOQlar hər bir xalqın, dövlətin ƏN BÖYÜK TƏRBİYƏÇİ öyrətmənləridir: elmə, əxlaqa, mentalitetə-adət-ənənəyə, cəmiyyətdə birgəyaşayışa, siyasətdə yetkinliyə öyrədən ziyalılar. Bu gün əziz xatirəsini sayğıyla andığım, haqqındakı fikirlərimi sizinlə bölüşdüyüm Əfruz Məmmədov məhz ixtisası müəllim olan Böyük Pedaqoqlardan biridir!

Bir abidə şəkili ola bilər
ZƏRURİ İZAHAT: Çox erkən gəncliyimdən yaradıcılığına valeh olduğum şairlərdəndir Sabir Rüstəmxanlı. Amma bəlkə də 30 ildir Sabir bəyin bir şeirindəki fikir yaddaşımda sirkulyasiya edir, həmişə də düşünmüşəm ki, yaradıcılığına çox həssas olduğum sanballı bir şairin dillər əzbəri olan fikir-misrası niyə məndə heç bir emoji doğurmur, heç bir halda dövriyyəyə buraxa bilmirəm? Hə-ə, bu misrada təmənna var: “Bakıda milyon işıq yanır, onun heç biri mənim deyil!” – təxminən belə, evim olsun umacağı, yəni!
“Təmənnalı” olsa da, işıqlı fikir olduğundan sirkulyasiya edir, ancaq bir orası da var ki, bu işıqlı fikirdən “nəsə” qoparmasam, özümü bağışlamaram axı!
Hə-ə, Sabir bəyi redaktə bizlik deyil – yaş, baş, texnika, manera, siyasi motiv-filan kimi çoxlu tabular durur qabağımızda! Olsun! Amma və lakin…
Düzdür, Bakıda milyonlarla işıq var, onun heç biri “MƏN”im deyil, ANCAQ o milyon işıqdan heç birinin mənim olmaması FACİƏ deyil, FACİƏ o milyon lampoçka yanan evin içində NEÇƏSİ İşıqlı İnsandır sualına alınan “yoxsul”cavabdır!
Bunu düşünəndə, bu nəticəyə gələndə… rahatlaşdım! – əlbəttə ki, Sabir bəyə təşəkkür edərək və bu dəqiqə Əfruz müəllim haqqında yazdığım bu fikrə də ona görə gəldim!
Masallıda, milyon işıq – lampa-lampoçka yana bilər 200 minlik əhalisi olan rayonun evlərində, amma Masallı üçün o işıqlar yanan evlərdə TƏK VƏ YEGANƏ PEDAQOQ… İŞIQ ADAM… Əfruz müəllim olub!
200 minlik əhalinin yandırdığı İŞIQ yox, LAMPOÇKA-LAMPAdır, milyon lampoçkanın-lampanın içində İŞIQ… Əfruz müəllimdir!
Xıl kəndindən bütün Masallı və eləcə də əhli-Azərbaycan üçün – Lənkərandan Qazaxacan, Lerikdən Xaçmazacan, Gədəbəydən Yardımlıyacan, gərəkəndə Tiflisə, lazım gələndə Moskvayacan!
Hamı üçün, hər kəsə lazım olan qədər İşıq – zülmətdən qurtulmaq qədərincə!
Əfruz müəllimin elə deyimləri, elə çıxışları, elə əməlləri var ki, bəzən dalana dirənəndə onların üstündə labirintdən çıxış yolu tapıblar, bir tindən digər döngəyə keçid ediblər! Həm pedaqoji fəaliyyətində, həm ictimai-sosial statusu olan sima kimi davranışlarında TƏMƏNNASIZLIQ imici sərgiləyən Personadır Əfruz müəllim!
Dekabrın 12-də Ulu Öndər, Dahi Rəhbər, Müasir Azərbaycanın memarı Heydər Əliyevin anım günü idi. İndi türklər demiş, “nə əlakası” sora bilirsiniz, cavabı hazırdır: Heydər Əliyevin yoxluğu nə qədər boşluq yaradırsa, Əfruz müəllimin də cismən iştirakçı ola bilməməsi bu gün baş verənlərdə, o qədər həll olunmamış problem demək olur!
Əfruz müəllim bu ölkədə müdrikliyinə, siyasi səbatına, texnoloqluğuna görə, ancaq və ancaq Heydər Əliyevin keçə bildiyi atişləməz, təkcə onun ortaya qoyduğu ağılkəsməz gedişlərə həmmüəllif olmaq xarizmasında idi!
Bu gün dekabrın 23-üdür! Əfruz Məmmədovun günüdür – bütün mənalarda və sferalarda: həyatda, elmdə, təhsildə, insanlıqda, ailə-əşirət ağalığında!
Mən bu qənirsiz İnsanın yüzlərlə əməlini, yüzlərlə deyimini birnəfəsə təqdim edə, danışa, çatdıra bilərəm (bu yerdə oğlu Bəhruzun ərklə-əmrlə “bəs de də, yaz da, təqdim elə də” təpkisini hiss edirəm!), amma bəzi ştrixlərlə yetinirəm. Çünki, Tanrının qüdrətini onun bütün üstünlükləri ilə təqdim etməyə həmişə ehtiyac olmur, adicə əsən küləyin qarşısını ala bilməkdə bütün dünyanın aciz qaldığı anı xatırlatmaq da bəs edir!
Əfruz müəllim kifayət qədər elm adamının müəllimidir – elmlər doktoru, professor olan şagirdləri var! Hesab edin bir sinif jurnalını dolduracaq qədər!
Əfruz müəllim kifayət qədər vəzifə sahibi, rəhbər işçinin ağsaqqalıdır – nazir müavinindən tutmuş dekan, partiya təşkilat sədri: yığ bir yerə, hazır komanda ilə gəl rayonu idarə elə!
Əfruz müəllim ölkə rəhbərliyində ali səlahiyyət sahiblərinin hamısının, o cümlədən də Prezidentin qəbuluna rahat düşmək şansına malik XALQ MÜƏLLİMİ statusunu haqq və nümayiş etdirmiş gözəl bir pedaqoqdur: heç bir ünvanda onun üzünə bağlı qapı olmayıb!
Təsəvvür edin: Əbülfəz Elçibəylə kürəkəninə Milli Qəhrəman adının verilməsi xahişi ilə görüşüb və… xahişi yerinə yetirilib!
Ulu Öndər Heydər Əliyevlə isə… Bəy babasından qalma torpağı evində dərs dediyi, doğum şəhadətnaməsini belə dəyişdirdiyi, sovxoz direktoru vəzifəsinə təyin edilməsində əlindən gələn köməyi əsirgəmədiyi birisi nankorluq, namərdlik edib vermək istəməyəndə müraciət edib, Cənab Prezident yerindəcə problemi həll edib!
Və mən… bu ölkədə iki Şəxsiyyətə heyrət etmişəm. Birincisi Heydər Əliyevə – bu xalqı tanıya-tanıya, bu xalqın bütün hallarda necə davranacağını bilə-bilə, bu xalqı ayağa qaldırmaqdan, onu bəlalardan qurtarmaqdan imtina etmədi: 55 ildir var, olub, olacaq da!
İkincisi Əfruz müəllimdir: adam 55 il müəllimlik edib! Yorulmadan, küsmədən, heç bir vəzifə də istəmədən.
Hərgah maarif naziri dostu idi, akademiklər Qoşqar Əhmədli və Arif Babayev (hər ikisi riyaziyyatçı olub) ona məktub yazırdılar yaşadığı Xıl kəndinə!
Bir qardaşı nazir müavini, bir qardașı Sumqayıt Şəhər Partiya Komitəsinin bərkgedən üzvü – partkom, bir qardaşı dekan, şagirdlərindən biri DIN-nin Kadrlar Şöbəsinin Rəisi və s. – bunlar brilyant qaşlardır platin üstündə PEDAQOQluq TACInda.
Şəkilin açıqlaması yoxdur.
Mən həmişə bu insandan danışanda xüsusi vurğulamışam bir ştrixi: Vaxtilə rayonların birində böyük tikinti-təmir materiallarının topdan və parakəndə satış mağazasının müdiri işləyən dostu – Qabil müəllimə nübar xiyar payı gətirib və çatdırmaq üçün baş buxqalterə verib. O da götürüb mağazanın baxımsız yerinə atıb…
Qabil müəllim də soruşur ki, nə oldu Əfruz müəllimin göndərdiyi pay, baş buxqalter də neylədiyini deyir. Qabil müəllim nətəhəri üstünə qışqırırsa, qaça-qaça gedir gətirir! Və… tamaşa edir: Əfruz müəllimin dostu həmin o xiyarları elə şövqlə soyur, elə ləzzətlə dahara batırıb yeyir, deyərsən ki, adam Fransada Eyfel qülləsində oturub “ustritsa” yeyir!
Baş buxqalterin mal-mal baxdığını görən Qabil müəllim deyir ki, ay “tupoy”, guya Əfruz müəllim bilmir ki, mən ilboyu isti şitillikdən təzə-tər xiyar, pomidor və s tərəvəz, meyvə məhsulları alıram? Əfruz müəllim bunu göndərə bilib, bu, dost payıdır və ən başlıcası da budur ki, bunu Əfruz müəllim göndərib!!!
Əfruz müəllimin Sözünün, Baxışının, Payının, Addımının geri çevrilməsi mümkün olmayıb – Şəxsiyyəti və Xarizması bunu anladıb!
Elmi hamı öyrədə bilər!
Hamının əlinin altında komanda ola bilər!
Pedaqoq olsa da, olmasa da!
Ancaq Əfruz müəllim kimi Şəxsiyyət nümayişi, üstəlik də Xarizma yenilməzliyi handabir olur, o da yüz ildən yüz ilə!
Hə-ə, əzizlərim, gördünüzmü, mən Əfruz müəllimdən indiki zamanda danışıram, yalnız Azərbaycan dilinin pozulmaz qaydaları zəruri edəndə bəzi ştrixləri keçmiş zaman şəkilçiləri ilə ifadə edirəm.
Həyatda müəllimlər şagirdlərinin yaddaşında qaldığı qədər yaşayır, PEDAQOQlar isə ölkəyə, vətənə, xalqa, elmə-təhsilə verdikləri töhfə ilə əbədi!
Bu dünyada siyasətdə Heydər Əliyev, pedaqogika tarixində Əfruz müəllim əbədi imzalardır!
Sağ ol, Böyük Kişi – Kişiliyi, Pedaqoqluğu bizə sərvət qalan Ali İnsan!
Səni unutmuruq!
YAZIYA SÖZARDI: Mənim yolum düşəndə, mütləq Xıl kəndində qəbristanlığa baş çəkirəm: Hələ kənd yoluna dönməmiş, magistral yoldan sabihinə yaraşan ucaboy-hündür, əzəmətli başdaşı adamın diqqətini cəlb edir! Mən şahidəm ki, 21 ildir bu bənzərsiz başdaşının önündə həmişə təzə-tər güllər var!
Elinin-obasının, qohum-qardaşının hamisi olan Əfruz müəllim bu dünyaya qışda – 23 dekabr 1931-ci ildə göz açmışdır və elə qışda da -06.01.2005-ci ildə ömrün qışında bu dünya ilə sağollaşmışdır!
Bilmirəm, haçan, kimdən oxumuşam bu şeiri, ancaq yadımda Əfruz müəllimə görə saxlamışam. Əfruz müəllimi Kişi kimi ifadə edən bədii deyimdir:
Bütün ölçülərin başında durar,
Haqqı əzəmətlə ölçülən Kişi.
Gözündə od olar, çöhrəsində nur,
Min kişi içindən seçilən Kişi.
Yox bir əməlində naqislik, eyib,
Yaxşıya dost deyib, qardaş söyləyib,
Mənsəb də, dövlət də onu əyməyib,
Kişilik boyuna biçilən Kişi.
Bir dağ aşırsa da, bir ” sağ ol” bəsi,
Tanrının səxavət mücəssəməsi.
Çətində hamının ərki, kimsəsi,
Yolunda canından keçilən Kişi.
Ruhuna sayğıyla,
Möhtərəm və Möhtəşəm Aydın Can.
23.12.2025

 

Share: