İKİ YOXLUQ ARASINDA
(Doğum günümə yazdığım şeir)
Yenə dolum başladı, yenə yaş üstünə yaş,
Ömrüm qum saatında əriyir yavaş-yavaş.
Ruhum inad eyləyən bir uşaq sayağıdır,
Ürək ki var, dünənin sınıq oyuncağıdır…
.
Nə keçmişə əl çatar, nə gələcək bir liman,
Bircə anlıq işığam, zülməti yırtan zaman.
Öz içimə qonağam canımın süfrəsində,
İçim içimi yeyir, bir köç ərəfəsində…
.
Nə gələn var, nə gedən, yol mənəm, yolçu mənəm,
Yol da uzanıb gedir, yolun əlacı mənəm.
Zaman kor bir dəyirman, üyüdür hər anımı,
Mən bir toz zərrəsiyəm, bürüyür dörd yanımı.
.
Ulduzların dili lal, göy üzü bir dar qəfəs,
Varlıq — iki yoxluqdan borc alınan bir nəfəs.
Gözümdən sual yağır, mən hara, bu yer hara?
Sirr mənəm, sirdaş mənəm, kim məni çəkir dara?
.
Məkan əbədiyyətin içində bir sancıdır ,
Varlığım yoxluğumun gecikmiş sevincidir.
Yer üzü bir aynadır, məni də bağlayarmı?
Mən sındım, ayna qaldı… Aynalar ağlayarmı?
09.02.2026
XƏBƏRİN VAR
Bir nərdivan dayadın
İçİndəki divara,
Ruhun azad gəzirdi,
Könül quşun avara.
.
Pillələr fikir- fikir,
Yuxarıya çıxırdı,
Tutunmağa yerin yox,
Sevgin səni yıxırdı.
.
Çıxdın o dar qəfəsdən,
Sındı içində sükut.
Geriyə yol qalmadı,
Açdığın qapını tut.
.
Ömrün də cümlə imiş,
Xəbərin var, haqdandır…
Hər cümlənin sonuna
Torpaq dərin nöqtədir.
30.01.2026
GÖYƏ
Bir misra yaz kağıza,
Bir şeir göndər göyə.
İşdir, yenə doğulsan,
Yer üzünü sor Göyə.
.
Gözlərini tik yola,
Doğru olan haqq yola.
Ya da özün çıx yola,
Açıldı yollar Göyə.
.
Tüm yollar qəmə çıxır,
Dərd qalxıb dama çıxır…
Dilindən (əlindən) dua çıxır,
Yaz məktuba, ver Göyə.
.
Dünya bir dar qəfəsdir,
İçi söz, çölü səsdir…
Verdiyin son nəfəsi –
Yollayacaq Yer Göyə.
.
Hər gələn gəldi-keçdi
Kəmşirin sudan içdi.
Sonu bəlkə behiştdi,
Yenə ümid var Göyə…
.
Nə mənzil var, nə otaq,
Kim var yanında yata?
Ruhun özündən qabaq,
Gedir yolu dar Göyə…
24.01.2026
QUM SAATI
Daşın da canı var, qumun da dişi,
Gəmirir ömrümü bu qum saatı.
Əqrəbə dönürdü boğazdan keçib,
Fikir tunelində uddum saatı.
.
Nə daşlar oynadı, nə qum töküldü,
Sevgiylə hörülən divar kimiydim.
Sən məni göylərə qaldıracaqdın,
Əsirdim üstündə, hava kimiydim.
.
Gün gəldi, divara qondu ürəyin,
Ritmini könlümdə hiss eləyirdim.
Sənin gəlişinə qurub qəlbimi,
Zamanı saata hissələyirdim.
.
Vaxt keçir qoluma qandal olurdu,
Bəxtin boğazından axıb düşdükcə,
Süzülüb içimə töküldü hər şey,
Quyuya dönürdüm dərinləşdikcə…
.
Birikdi dibimdə günlərin dağı,
Düşdü ürəyimə bir qəm dənəsi,
Zamandan zamana yol gələ-gələ,
Saata çevrildi bir qum dənəsi.
Daşın da canı var, qumun da dişi,
Gəmirir ömrümü bu qum saatı.
Oyanıb gələcəm, duyub gələcəm,
Özümdən sonraya qurdum saatı.
09.01.2026




















