Onun öz aləmi var. Hər təfəkkürün dərk edə bilməyəcəyi, hər idrakın anlamayacağı, sirlərlə dolu bir aləm. O, hər adam üçün danışmır, onu yalnız ariflər anlaya bilir. Ətrafında xeyli adam olsa da, milyonların arasında təkdir, yalqızdır Həmid Herisçi…
Deyir ki:- “Mən heç vaxt məşhurluğu sevməmişəm. Məmin poetik və fəlsəfi təfəkkürüm gizlində qalmağı sevən təfəkkürdür. Çox sevinirəm ki, haqqımda mətbuatda çox bəsit məlumat var. Həyatımı heç kim də bilmir. Bir söz deyə bilərəm ki, mən çox ciddi siyasi xadim ailəsində doğulmuşam. Bu çox şeyi həll edib. Mən ciddi inqilabçıların arasında böyümüşəm, onların sevimlisi olmuşam. İran Kommunist Partiyasının rəhbəri rəhmətlik İrəc İskəndəri bizim ailəvi dostumuz olub. O, mənim təfəkkürümü qiymətləndirib. Mən Allah yolunda olmuşam. Sevinirəm ki, məni yaxşı tanımırlar. Çünki məni tanısalar təhrif oluna bilərəm. Ümumiyyətlə, mənə elə gəlir ki, ciddi adamlar çox tanınmaq istəməzlər…”
…Sərraf adamdır. İnsanın qəlbini üzündən oxuya bilir, necə deyərlər, kimin hansı yuvanın quşu olduğunu bəsirət gözlərilə görməyi bacarır. Hadisələrə baxan kimi qüsursuz rəy verməyə qadirdir. Qarşılaşdığı bütün məsələlərdə ortaq nöqtəni tapmaqda çətinlik çəkmir. Bütün bunlara onu fədailiyi yönəldir, fədaidir. Sadəliyə, azadlığa çox üstünlük verir. Bununla da o, öz xüsusi təfəkkürünü qoruyub saxlaya bilir. Bir sözlə, o, təkcə Azərbaycanın yox, dünyanın vətandaşıdır…
“Mən sirləri tapmaq tərəfdarıyam. Bütün yaradıcılığımda da çalışmışam ki, kimisənin bilmədiyi, çox həlledici məsələləri tapıb göstərə bilim. “Damğa”, “Dəli Kür” romanlarımda, çoxlu sayda yazdığm esselərimdə, şeirlərimdə həmişə ona doğru can atmışam. Xülasə, sirlər xəzinəsini axtarıram. Bəzən insanlar Stepan Razinin Pirallahı adasında gizlətdiyi xəzinəni, bəziləri Cavad xanın xəzinəsini axtarır. Mən də Nizaminin dediyi “Sirlər xəzinəsi”ni tapmaq üçün çalışıram. Mənim istər publisistikam, istərsə də şeirlərim həmişə diqqət mərkəzində olub. Hətta “Facebook”-da da ətrafımda diqqətçəkici adamlar çoxdur. Hesab edirəm ki, “Facebook” yeni bir inqilabdır. Mən modernizmi sevirəm. Postmodern daha acı bir məsələ idi. Konsperologiyanı Azərbaycan təfəkkürünə mən gətirmişəm. Bunu çox adam bilir. Azərbaycanda aparıcı ədəbi-fəlsəfi cərəyanları həmişə təqdim eləməyə çalışmışam.”- söyləyir.
1960-cı il, aprelin 30-da Bakı şəhərində anadan olub. Əslən Təbriz yaxınlığındakı Heris bölgəsindəndir. Böyrəkləri xəstə olduğu üçün yeddi yaşından Moskvada- SSRİ Elmlər Akademiyasının Pediatriya İnstitutuna yerləşdirilib və orta təhsilini həmin institutun nəzdində fəaliyyət göstərən məktəbdə alıb. Sonra Bakıya dönərək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. “Nekroloq”, “Əli və Nino”, “Solaxay” adlı postmodern üslubda yazılmış irihəcmli romanların və “SSRİ”, “Konspiroloq”, “Portretlər”, “Sekond hənd-ikinci həyat”, “Hekayələr”, “İki səmanın qartalı” şeir və hekayə kitablarının müəllifidir…
Deyir ki:- “Başqalarının fikrinə həmişə hörmət eləmişəm. Amma mənim üçün bu fikirlər həlledici olmayıb. Qərarı özüm vermişəm. Heç vaxt başqa fikirləri özümün alın yazım hesab etməmişəm. Mənim nəsrim öz nəsrimdir, mənim şeirim öz şeirimdir. Bu mənim öz publisistikamdır. Televiziya layihələrim də özümə məxsusdur. Nə var özümünküdür. Mənim nəsrim, şeirim orijinaldır. Bununla da mən seçilirəm. Mən həmişə yeni söz demişəm. Son layihəm mətbuatda portret yazılarımdır.”
Xeyli kitab mütaliə edib, çox müəllifin əsərlərindən məlumatlıdır. Xoşuna gəldiyi Azərbaycan ədibləri isə Sabir Əhmədli və İsa Hüseynovdur. Onların əsərlərini həmişə sevə-sevə oxuyub. Onun üçün “Beşmərtəbəli binanın altıncı mərtəbəsi”ndən Sabir Əhmədlinin “Yasaq edilmiş oyun” romanı daha maraqlıdır. Qəribə yazıçıdır, yazdıqlarını ənənəvi qəliblərə yerləşdirməyi xoşlamır. Bu da qəhrəmanlarını, qələmə aldığı hadisələri daha yaxşı təsvir etməyə imkan verir. İmanına, inancına isə söz ola bilməz. Allaha məhəbbəti sonsuzdur. Çünki Yaradana sadəcə inanmır, Onun varlığına əmindir və özünü əsl müsəlman hesab edir…
“Mən Şah İsmayıl xəttinin müsəlmanıyam. Özümü Şah İsmayıl misteriyasının nəvəsi sayıram. Mən ona meyilli adam olmuşam. Həm də o, uşaqlıqdan padşah olub. Onun uşaq təfəkkürü mənə çox maraqlı olub. Mən uşaq təfəkkürünü yaşlı təfəkküründən mənalı bilirəm. Mənim üçün bunun ilk modeli İsmayılın 13 yaşında taxt-taca sahib olmasıdır. Azərbaycanda uşaq təfəkkürü XVI əsrdə hakimiyyətə gəlib. Uşağın müdrikliyində şüuraltı olaraq o biri dünyanın təcrübəsi var, ixtiyar adamların müdrikliyində yalnız bu dünyanın təcrübəsi olur. Emprik təfəkkür. Mən intuiktiv təfəkkürü seçirəm.”- söyləyir.
Bəli, onun öz aləmi var. Mistik, sirli, sehirli və çoxuna pünhan olan aləm. Orada baş verənləri anlamaq üçün, gərək quş dilini də biləsən…
…Həmid məlum hadisələrdən bir qədər əvvəl qonşu ölkəyə İrana yollanıb. Son dəfə Təbrizdən sorağı gəlib. Hazırda qonşu ölkədə rabitə kəsildiyindən, artıq bir neçə gündür ki, ondan heç bir xəbər yoxdur. Deyirlər ki, hər ağızda bir dua var. Gəlin dua edək ki, Həmid tezliklə vətənə dönsün, ailəsinə qovuşsun. Axı, onun üçün darıxanlar var…
Elman Eldaroğlu




















