Burda divarlar bomboz, pəncərələr qapalı…
Labirint dəhlizlərdə ölümün ağır nəfəsi dolaşır
Çarpayılara məhkum olunmuşların susqun baxışları zillənib daş tavana…
Qurğuşun kimi ağır hekayələr tökülür o baxışlardan – yaxşı baxsan görərsən…
Ümidlə qorxunun arasındadır bu məkan.
Xəstələrin başı üzərində Domokl qılıncı kimi asılmış şüşə qablardan
bir az da möhlət vəd edən zəhər damcıları axır… saatın saniyə əqrəbləri kimi sanki geriyə qalan zamanı sayır…
Zaman isə burda bir başqa dayanıb…
Saçlarını xərçəng yolan gənc qadın
aynadakı əksinə baxaraq ah çəkir,
düzəldir başına bağladığı güllü ləçəyi…
Kirpiksiz gözlərindəki işığın rəqsi düşüb solğun yanaqlarına –
umiddir onun adı…
Qanı qaçmış dodaqları öpüş haqqında düşünmür daha…
Əynindəki pencəyi bədəninə yad gələn yaşlı bir kişi baxır pəncərədən…
Bayırda günəşli bir qış günü, önümüz isə yaza.
Onun üçün isə sadəcə qışdır…
Darıxar keçmiş həyatı üçün, bilir sona bir şey qalmadığını…
amma kim soruşsa,, yaxşıyam “deyər,
dilinə gətirməz ağrılarını
az sonra həkimin otağından çıxacaq oğlu – qızı pərişan olmasın deyə.
Və çoxdan hiss edib onların da yalan danışdıqlarını
Üzə vurmaz-,, necə olsa ödəşdik” deyib acı-acı gülümsəyər hətta.
Kiçik bir qız uşağı
yapışıb güllü ləçəkli qadının əlindən, buraxmaq istəmir.
Yanindakı cavan kişi onu dilə tutur:
,, Gedək, sənə nə istəsən alacam”
,, Anama daraq alaq, ata,
daraqlarını yığıb atanda görmüşəm…”
Bakı, 03.02.2025.





















