(“Həməşəra” Mətbu Orqanının on illiyinə xüsusi olaraq Mustaqil.az portalı üçün)
On il əvvəl fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbəycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist İlqar İsmayılzadənin təşəbbüsü ilə yaradılan “Həməşəra” Mətbu Orqanı və onun nəzdində fəaliyyət göstərən “Həməşəra” səhifəsi bu gün doğma Cəlilabadımızın mənəvi salnaməsinə çevrilmişdir. Bu səhifə yalnız bir informasiya məkanı deyil, həm də qədim tariximizi və mədəniyyətimizi, xüsusilə də dəyərli insanlarımızın həyat yolunu, zəhmətini və yaradıcılığını tanıdan bir güzgüdür.
İlqar müəllim bu işi tamamilə təmənnasız görərək, bölgəmizin ziyalılarını, sənətkarlarını, əməksevər insanlarını geniş şəkildə tanıtmışdır. Onun fədakarlığı sayəsində Cəlilabadın tarixi və bu gününün canlı şahidləri unudulmamış, gələcək nəsillərə ötürülmüş,və ötürüləcəkdir
“Həməşəra” Fəxri Diplomu ilə İlqar müəllim müxtəlif sahələrdə xidməti olan qiymətli insanları təltif edir, onların əməyini və nüfuzunu rəsmi şəkildə dəyərləndirir. Bundan başqa, onun təsis etdiyi “Nizami Gəncəvi” Fəxri Diplomu da xüsusi əhəmiyyət daşıyır – bu diplomla o, sözün və mədəniyyətin qüdrətini təcəssüm etdirən ədibləri, şairləri, yazıçıları və ümumiyyətlə, ədəbiyyat sahəsinə aid olan şəxsləri hörmətlə yad edir.
“Həməşəra” səhifəsində qadın yazarlarına xüsusi yer ayrılması isə İlqar müəllimin ədəbiyyata və yaradıcılığa yanaşmasının incəliyini göstərir. O, Cəlilabadın istedadlılarını, ziyalılarını yalnız tanıtmaqla kifayətlənmir, həm də onların dəyərini qiymətləndirir, ictimaiyyətə təqdim edir.
“Həməşəra” Mətbu Orqanı və onun eyniadlı FB səhifəsini diqqətlə izləyəndə, burada doğma Cəlilabad rayonunun tarixi, mədəniyyəti, folkloru, etnoqrafiyası, elm və təhsili, idmanı, dövlət məmurları və qulluqçularını, mətbuatı, təbiəti, məhsulları, tarixi, mədəni və dövlət obyektləri, həmçinin, 7-dən 77-ə qədər müxtəlif sahələr və təbəqələrə aid olan dəyərli simaları barədə bir-birindən maraqlı, əhatəli və səmimi məlumatların təqdimatını, bütövlükdə isə sanki “Cəlilabad ensiklopediyası”nın formalaşdığını görmək mümkündür. Bütün bunlar İlqar müəllimin ardıcıl, təmənnasız və səmimiyyətlə həyata keçirdiyi on illik zəhmətinin salnaməsidir.
Bu yubiley münasibətilə biz də İlqar müəllimi ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq. İnanırıq ki, “Həməşəra” Mətbu Orqanı və onun FB səhifəsi bundan sonra da Cəlilabadımızın qədim tarixini, mədəniyyətini və dəyərli insanlarını tanıtmaqda, onların həyat yolunu işıqlandırmaqda davam edəcəkdir.
Uğurlar olsun, “Həməşəra” adı ilə möhtəşəm işlərin icraçısı İlqar İsmayılzadə!
Arzu Əyyarqızı
“Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri,
Azərbaycan Yazıçılar Birliyi və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist
25.11.2025
















