ÖMRÜN 70-ci ZİRVƏSİ – Şərafəddin İlkin yazır

ÖMRÜN 70-ci ZİRVƏSİ – Şərafəddin İlkin yazır

 

Əslində insan ömrü illərlə deyil, izlərlə ölçülür. Ad sadəcə şəxsiyyət deyil, bütöv bir mövqe, düşüncə və zamanın içindən keçərək bərkiyən xarakter anlamına gəlir. Ömür yolları var ki, sakit və görünməz axır. Elə ömür yolları da var ki, cəmiyyətin taleyi ilə çarpazlaşır, sözün və məsuliyyətin yükünü çiyinlərində daşıyır. Yetmiş il insan üçün təqvim göstəricisi ola bilər, amma vətənə xidmətlə, qələmin dürüstlüyü ilə, prinsipial mövqe ilə yaşanmış 70 il artıq tarixə çevrilir.
Fevralın 11-də Atatürk Mərkəzində toplaşan ziyalılar, elm və mədəniyyət xadimləri Elşad Həsənov ömrünün 70-ci zirvəsinə şahidlik etmək üçün bir araya gəlmişdilər. Bu, sadəcə yubiley mərasimi deyil, sözə sədaqətin, dostluğa və vətənə bağlılığın, ictimai məsuliyyətin təntənəsi idi.
“Borçalı Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirə elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, media təmsilçiləri və söz adamları toplaşmışdılar. Tədbirin aparıcısı, “Borçalı Cəmiyyəti” İctimai Birliyinin sədri Ramiz Həsənov mərasimi açaraq yubilyarın çoxşaxəli fəaliyyətindən, ictimai-siyasi proseslərdə fəal mövqeyindən və milli düşüncəyə bağlılığından söz açdı. Onun çıxışı tədbirə xüsusi bir ahəng və səliqə gətirdi, mərasimin ümumi ruhunu müəyyənləşdirdi.
Zalın ab-havasında hörmət, səmimiyyət və minnətdarlıq duyğusu hakim idi. Çünki burada sadəcə 70 yaşını tamamlayan bir insan yox, yarım əsrdən artıq müddətdə ictimai-siyasi proseslərin içində olan, qələmi və mövqeyi ilə seçilən bir ziyalının həyatına nəzər salınırdı.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov çıxışında Elşad Həsənovla məktəb yoldaşı olduğunu vurğulayaraq, onun xarakterindəki bütövlüyün, ağsaqqallara hörmətin və gənclərə qayğının hələ o illərdən formalaşdığını qeyd etdi.
Akademik Muxtar İmanov siyasi jurnalistikanın çətin və məsuliyyətli sahə olduğunu xüsusi vurğuladı və Elşad Həsənovun bu istiqamətdə prinsipial mövqeyi ilə seçildiyini bildirdi.
Müstəqil Azərbaycanın ilk Baş naziri, tarix elmləri doktoru Həsən Həsənov yubilyarın dostluqda sədaqətli, xidmətdə isə ləyaqətli bir insan olduğunu qeyd etdi, hərbi xidmət illərində göstərdiyi mətanəti xüsusi vurğuladı. Polkovnik rütbəsinə yüksələn bir zabitin həm də qələm adamı olması onun şəxsiyyətindəki bütövlüyün ifadəsi kimi dəyərləndirildi.
Tədbirdə Atatürk Mərkəzinin direktoru, professor Nizami Cəfərov, professor Xaqani Qayıblı, publisist Əsəd Cahangir, hüquqşünas Aslan İsmayılov, şairə Səadət Buta, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev və digər ziyalılar çıxış etdilər. Çıxışlarda Elşad Həsənovun ictimai-siyasi fəaliyyəti, publisistik yaradıcılığı, vətənpərvər mövqeyi və insani keyfiyyətləri xüsusi vurğulandı.
Şair Vəli Qaraçaylı və Yusif Nəğməkar yubilyara həsr etdikləri şeirləri oxudular. Filologiya elmləri doktoru Abid Tahirli, yazıçı-publisist Azər Hacıbəyli və başqaları Elşad Həsənov haqda fikirlərini səsləndirdilər. Əsəd Cahangir və digər natiqlər onun mərhum Xalq şairi Zəlimxan Yaquba olan sevgisi və ehtiramından danışdılar. Şairlərin səsləndirdiyi şeirlər və aşıq Ramin Qarayevin saz ifası tədbirə xüsusi ovqat qatdı.
Yubiley təkcə ictimaiyyətin deyil, ailənin də qürur günü idi. Elşad Həsənovun həyat yoldaşı Sevil Həsənova çıxış edərək onun ömür yolunun ailə daxilindəki səbr və fədakarlıq dolu məqamlarını dilə gətirdi. Qardaşı Musa Həsənov və iş adamı Salman Murğuzlu da öz fikirlərini bölüşdülər.
Tədbirin sonunda “Borçalı Cəmiyyəti” İctimai Birliyi tərəfindən yubilyara xüsusi mükafat və hədiyyələr təqdim olundu. Cəmiyyət tərəfindən Elşad Həsənova simvolik olaraq qarapapaq və xalça üzərində toxunmuş portreti hədiyyə edildi. Qarapapaq türk kimliyinin, milli kökə bağlılığın rəmzi kimi, xalça isə Azərbaycan mədəniyyətinin, yaddaşının və sənət ruhunun simvolu kimi təqdim olundu. Bu hədiyyələr yubilyarın ömür yoluna verilən mənəvi dəyərin ifadəsi idi.
Sonda söz alan Elşad Həsənov yubiley tədbirinin təşkilatçılarına, xüsusilə “Borçalı Cəmiyyəti”nə və tədbir iştirakçılarına təşəkkürünü bildirdi. O, 70 illik ömür yoluna nəzər salaraq qazandığı uğurları xalqına və dövlətinə xidmətin bir hissəsi kimi dəyərləndirdi.
Xatirə fotosu ilə başa çatan tədbir əslində bir ömrün hesabatı deyil, yeni mərhələsinin başlanğıcı təsiri bağışlayırdı. Yetmiş il — böyük bir zaman kəsiyidir. Amma bu illər sözə, vətənə, milli düşüncəyə xidmətlə keçibsə, həmin ömür təqvim rəqəmləri ilə deyil, mənəvi çəkisi ilə ölçülür.
Elşad Həsənovun yubileyi də məhz belə bir ömrün, prinsipial mövqeyin, qələm məsuliyyətinin və vətəndaş ləyaqətinin təntənəsi oldu. Bu yubiley bir daha göstərdi ki, sözə sədaqət və vətənə xidmət insanı zamanın sınağından üzüağ çıxarır.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: