Ocaq daşını sinəsində daşıyan şair- Şərafəddin İlkin yazır…

Ocaq daşını sinəsində daşıyan şair- Şərafəddin İlkin yazır…

O, sözün yükünü dağ kimi çiynində daşıyan, poeziyanı ocaq istiliyi ilə yoğuran bir qadındır. Mahirə Nağıqızı şeirində həyatın sərt daşlarını yumşaldan, ananın zəhmətini, dağın ucalığını, kəndin yaddaşını misralarında əbədiləşdirən bir imzadır.
Onun şeirində bir daşın ağırlığında ömür hekayəsi, bir lavaşın istisində barışın sevinci, bir dağın yamacında ana nəfəsi var.
Şair “Onun daş nağılı” şeirində anasını belə təsvir edir:
Atamnan yanaşı daş qaldırardı,
Deyərdi bu daşlar ocaq daşıdı.
Bezmədi, qəlbində nə gücü vardı,
Anam sinəsində ocaq daşıdı.
Bu misralar sadəcə şeir deyil – həyatın özüdür. Burada ana obrazı həm evin istiliyini qoruyan qadın, həm də çətinliklərə sinə gərən qəhrəmandır. Əlləri daş kimi möhkəm, ürəyi ocaq kimi isti. Yorulmağı, bezməyi bilməyən bir ömür…
Mahirə Nağıqızı üçün poeziya təkcə hisslərin deyil, həm də yaddaşın aynasıdır. Onun xatirələrində Mirzəli baba – Quran bilicisi, kəndin dayağı; Ballı qarı – ürəyi açıq, mərhəmətli türkəçarə ustası kimi yaşayır.
Ballı qarı, yaman günün ömrü azdı,
Elinən gələn qara gün də güllü yazdı.
Tanrı uca, altı gendi, qismətə bax
Yaradanım bəxtimizə “Quran” yazdı…
Mahirə xanımın poeziyası kimi publisistikası da rəvan, axıcıdır. O, Ballı nənənin lavaş bişirən günündəki o səmimiyyətini elə canlı təsvir edir ki, oxucu istər-istəməz o təndir başına toplaşan qız-gəlinlərin səsinə qarışır:
“Günlərin bir gün anamı atam qaçırır. Bu iki ailə qanlı – bıçaq olur. Babam yerə-göyə sığmır. Beləcə bir müddət ötüşür, ara sakitləşir. Bir gün anamın gəlin olduğu ev təndir salır ki, lavaş bişirsin. Ballı nənə də görür ki, nəvəsini görməyə fürsətdir, yaxşıdır ki, oğlum İbrahim də evdə yoxdur- deyə-deyə anamgilə gəlir.
Paho qızlar, gəlinlər deyə-gülə kündə salır, urva gətirir, vərdənələri yayır və qulac-qulac qızarmış lavaşlar təndirdən çıxdıqca qalaqlanır. Hamı bir səslə: Ballı qarı, gəl, gəl burdan otur – deyə palazın üstünə döşəkçə atırlar. Ballı qarı utanırmış kimi elə külfə tərəfdən bardaş qurub oturur…”
Bu xatirələrdə sadəcə ailə tarixçəsi yox, həm də bir kəndin mədəniyyəti, mərhəməti və birliyi yaşayır.
Təbiət də onun şeirində insan kimi danışır. “Sənin” şeirində dağ, ana obrazına bürünür – ucalığı ilə, dözümü ilə, səbrilə:
Dağlar, xalıdan yamacın,
Qayaların xına sənin.
Ərk eliyəm, niyət deyəm,
Səbrin varmı buna sənin.
Bu sətirlərdə dağ bir coğrafi məkan deyil, sirdaş, dost, dayaqdır. Şair ona dərdini deyir, ondan güc alır.
Mahirə Nağıqızı auditoriyada tələbələrinə bilik ötürür, amma onun dərsləri orada bitmir. Onun sözü də, baxışı da, məsləhəti də tələbələrinin yoluna işıq tutur.
Mahirə xanımı tanıyanlar yaxşı bilirlər ki, o, həm işində, həm sözündə, həm də münasibətlərində səmimiyyətə xüsusi önəm verir. Auditoriyada müəllim, poeziyada sənətkar, həyatda isə DOST, SİRDAŞ, QAYĞIKEŞ bir İNSANdır.
Onun səmimiyyəti elədir ki, istər tələbələri, istər iş yoldaşları, istərsə də dostları ona hər hansı bir problemlə çəkinmədən müraciət edirlər. Çünki bilirlər ki, Mahirə xanım heç kimi darda qoymaz. O, kiməsə əl tutmaqdan, kiminsə üzünə təbəssüm gətirməkdən zövq alır. Elə hallar olur ki, qarşısındakı insanın probleminin həll olunmasına sevinci, həmin adamdan çox, Mahirə xanımın üzündə görünür.
Onun üçün yaxşılıq bir borc deyil, bir yaşam tərzidir. Sanki o, dağdan aldığı səbrlə, ocaqdan aldığı istiliklə insanlara yanaşır. Elə buna görə də o, təkcə şeir yazmır – həm də həyatın özünü poeziyaya çevirir.
Bəzən insanın qiyməti onun yazdığı kitablarda, söylədiyi nitqlərdə deyil, toxunduğu qəlblərdə ölçülür. Mahirə Nağıqızı elə insanlardandır ki, sözü də, əməli də insanın içini isidir. Onun şeirlərində kəndin ocağı yanır, ananın əlləri qabar bağlayır, dağlar səbr dərsi keçir. Həyatında isə dostluq, qayğıkeşlik, insanlıq heç vaxt kölgəyə çəkilmir.
O, poeziyanın daşını çiynində, insanlığın ocağını isə sinəsində daşıyır. Və bilir ki, insanı yaşadan təkcə nəfəs deyil – etdiyi yaxşılıqlar, qoyduğu izlər, yaddaşlarda qalan əməllərdir. Mahirə Nağıqızı da sadaladıqlarımı özündə cəmləşdirən qənimət şəxsiyyətlərdəndir.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar birliyinin üzvü, Prezident təqaüdçüsü, Rəsul Rza mükafatı laureatı.

Share: