Nə gözəl səs imiş səslər içində, Nə gözəl səs imiş ürəyin səsi.

Nə gözəl səs imiş səslər içində, Nə gözəl səs imiş ürəyin səsi.

Fəxrəddin Teyyubun yeni şeirləri

Ürəyin səsi

Qızarır içimdə al lalə kimi,
Gah dolur, boşalır piyalə kimi.
Bəzən də çağlayır şəlalə kimi,
Nə gözəl səs imiş ürəyin səsi.
Hicran küləkləri əsər içində,
Bir dünya sevgini bəslər içində.
Nə gözəl səs imiş səslər içində,
Nə gözəl səs imiş ürəyin səsi.
.
İlahi bir səslə necə tən gəlir,
Yol alıb nə Aydan, nə gündən gəlir.
Mayası anamın südündən gəlir,
Nə gözəl səs imiş ürəyin səsi.
.
Sevginin tini var, burulmayasan,
Daha eşq odunda qovrulmayasan.
Ürək, döyünməkdən yorulmayasan,
Nə gözəl səs imiş ürəyin səsi.
09. 09. 2025.

Gedən bulud deyil

Görəsən ulduzlar kimin varıdı?
Min ildi göylərin sirri bilinmir.
Gedən bulud deyil, qəm qatarıdı,
Ünvanı bilinmir, yeri bilinmir.
.
Saçanda işığın yerə, yorulmur,
Göy adlı sarayın xan, bəyidi Ay.
Dondan dona girir, baş açmaq olmur,
Gah üzük, gah da ki, məcməyidi Ay.
.
Yağış nərdivanla göyə çıxasan,
Qəlbimdən bir duyğu ötüşdü, niyə?
Bağrının başına Ayı sıxasan,
Rəssam fırça tuta bu gözəlliyə.
31. 08. 2025.

Ağlasın

Ətrin özgədən yox, gülümdən alan,
Sönmüşəm, odunu külümdən alan.
Mənim möhürümü əlimdən alan,
Möhürsüz qalasan, imzan ağlasın.
.
Qopacaq yaramın közü, düşəcək,
Tamah tələsinə yüzü düşəcək.
Qazdığı quyuya özü düşəcək,
Quyunu özgəyə qazan ağlasın.
.
Ümid də gəlmir ki, qapını açaq,
Gərək bəxtin ola, olsan da qoçaq.
Kasıbın ruzusu düşəndə qaçaq,
Nimçələr sızlasın, qazan ağlasın.
.
Kim istər yolunda duman, çən olsun?
Küsmək döngəyəcən, tinəcən olsun.
Eh, necə gördüyüm yuxu çin olsun?
Yuxumu tərsinə yozan ağlasın.
.
Naşükür olmadı süfrəm azımdan,
Ruhum pərvaz eylər könül sazımdan.
Qoymadı yarıyım alın yazımdan,
Qoy elə baxtımı pozan ağlasın.
28. 08. 2025.

Təzə dərd

Gözümə təzə dərd dəyir hər səhər,
Məni doğması tək sıxır köksünə.
Ehtiyac qapımı döyür hər səhər,
Bilmirəm yaxamdan nə istəyir, nə?
.
Ürək qəmli- qəmli necə ötməsin?
Dərdini çəkirəm harda bir ac var.
Keyfi kök, özünə şəkin getməsin,
Çörəyə tamarzı, suya möhtac var.
.
Bir amal dalınca getdi gedənlər,
Qaçqının, köçkünün qoy yurdu olsun.
Tanrım, sənin üçün dua edənlər,
Yığışıb çoxalsın, bir ordu olsun.
.
Göylərə çataydı könül harayım,
Hamı tox olaydı, bir diləyim var.
Qayğılı keçsə də günüm, hər ayım,
Mənim ümid adlı bir mələyim var.
23. 08. 2025.
Share: