Nurəddin ƏDİLOĞLU:    “QƏLBİMİ DƏRDLƏRƏ RƏF ELƏMİŞƏM…”

Nurəddin ƏDİLOĞLU:     “QƏLBİMİ DƏRDLƏRƏ RƏF ELƏMİŞƏM…”

(Ad günüm ərəfəsində düşüncələr)

  Şərq ölkələrində Ərəstun adı ilə tanınan qədim yunan filosofu Aristotelin Kasıb da olsa, bağışlamağı bacaran zəngin insandırkəlamını epiqraf olaraq  verdiyim bu düşüncələrimi 3 il əvvəl ad günümdə qələmə almışdım.

İndi yenə ad günüm ərəfəsində dogma kəndimiz yadıma düşdü. Kəndə gedəndə ürəyim hər dəfə ya həyəcandan, ya da sevincdən quş kimi çırpınır. Düşünürəm, dogma adamlarla, məktəb yoldaşlarımla, yaxın – uzaq qohumlarla görüşüb fərəh duyacam. Adətim üzrə, əvvəlcə kənd qəbiristanlığına gedib valideynlərimin, əmilərimin, Seyid Məhəmməd ağanın və övladlarının məzarlarını ziyarət edir, sonra yeni nəşr olunmuş kitablarımı məktəb kitabxanasına hədiyyə verirəm…

…Rayon mərkəzindən kəndimizə uzanan asfalt yolu kəndarası kələ-kötür, daş və çınqıl döşənmiş küçələr əvəz edir. Kəndin içinə doğru şaxələndikcə uşaq vaxtı getdiyim yol və çığırları yaxşı xatırlayıram. Yol kənarındakı keçmişdəki xəndəklərin, yulğun çəpərlərin yerində indi hündür dəmir və daş hasarlar ucalır. Yol-yolaqda darısqallıq yaradan bu hündür yaraşıqlı daş və dəmir hasarlar ÇİN SƏDDİ kimi uzanıb gedir. Qonşu-qonşunu belə görmür. Qonşu qonşunu görmürsə, yoldan ötən adamı neçə görə bilər?! Elə bil hündür darvazalar, daş və dəmir hasarlar insani münasibətlərin üstünə də kölgə salıb…

Şəhərdən fərqli olaraq, kənddə ən doğma insanların bir-birinə yadlaşmasını elə ilk baxışdan apaydın sezmək olur. Hər kəs öz incikliyinə HAQQ qazandırır. Dilindən Allah, peyğəmbər kəlməsi düşməyən, gündə üç dəfə namaz qılan adamların belə lüğətində sanki güzəştə getmək, bağışlamaq, əfv sözləri yoxdur. Axı bağışlamaq da, əfv etmək də sevgi kimi İLAHİ bir hissdir. Təbii ki, ortada əgər AİLƏ şərəfinə xələl gətirən XƏYANƏT yoxdursa… Hədisi -Şəriflərdə deyilir ki, hər kim bağışlasa, Allah da onu bağışlayar… Bizim Muğan tərəflərdə ötən əsrin 20-ci illərində Qara Axund kimi məşhur olan Şeyx Mikayıl axundun “Ən böyük SAVAB İŞ iki küsəni barışdırmaqdır” sözü bu gün də atalar məsəli kimi dildə-ağızda gəzir. Fəqət, belə hikmətli sözləri bilən insanlar da qəlblərində biri-birlərinə kin bəsləyirlər…

Bəzən böyüklər nifrət etdiyi adamlar barədə gənc övladlarının, məktəbli nəvə-nəticələrinin yanında söhbət salır, öz qəlblərndəki kin-küdürəti “estafet ağacı” kimi onlara ötürürlər. Söz-sözü çəkir, fikir-fikrə calanır. Ləziz təamlar düzülmüş süfrə başında çənələr şaqqıldayır, ağızlar köpüklənir. Köhnə palanların içi tökülür. Yediyin xörəyin, içdiyin çayın da dadı-tamı qaçır. Gərək Əhmədi-Biqəm olasan ki, heç nəyi vecinə almayasan. “Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf olur gedir, ama söz qalır”  deyən böyük ədibimiz Mirzə Cəlilsayağı fikrimdən keçir ki, söyləyəm: -Sizi deyib gəlmişəm, ey mənim müsəlman bacı- qardaşlarım! Və heç kəsin tərəfini saxlamadan BARIŞ yaratmaq missiyamı həm özümün, həm də bir-birinə qan qohumu olan adamların mənəvi rahatlığı üçün vacib sayıram. Amma deyir, sən saydığını say, gör fələk nə sayır. Belə məqamda SUSMAQ qəlbimin RƏFİNƏ yığılan DAŞA dönür. Daşlar çoxaldıqca qəribə bir aləmə – çəkisizlik şəraitinə düşürəm. Elə bu çəkisizliyin içində özüm özümə ya daş, ya quş olmağı arzulayıram. Kövrək duyğuların qanadında uşaqlıq çağlarımı xatırlayıram. O zaman hamı, nənəm demişkən, biri-birinə can deyib, can eşidirdi. Heç kim, heç kimin toyuğuna kiş deməzdi. Küsənləri də ağsaqqallar, ağbirçəklər toyda, bayramda barışdırardılar.

İndi mən nənəsi ölmüş, istəyirəm ki, hamı əvvəlki kimi bir-biri ilə mehriban olsun, qardaş bacıdan, bacı qardaşdan küsülü olmasın… Lap elə küsülü olsalar da, bir-birinin bostanına yenidən DAŞ atmasınlar! Niyyətim daş divara çırpılan kimi dəyib parçalanır. Bu məqəmda “İtirilmiş nəsil” ifadəsini öz qohum-əqrabama, fürsət düşəndə bir-birinin kölgəsini qılınclayan dost-tanışıma, sinif yoldaşlarıma da şamil edirəm. Və kövrəlirəm. Şair dostum  demişkən, belə vaxtda ürəyi quş kimi yüngülləşdirən iki möcüzə var – göz yaşı və şeir…

…50 yaşına az qalmış dünyadan köçən istedadlı şairimiz Böyükxan Pərvizin şeirini pıçıldaya-pıçıldaya yenə qəbiristanlığa sarı üz tuturam:

Mənim gözlərimin yaşi qurumaz!

Nə qədər sıxıram, yenə yaş çıxır.

İnsanı günaha ayağı çəkir,

Kötüyün üstünə niyə BAŞ çıxır?

***

Bir yol yolçusuyam, adım-sanım yox,

Nə bir günçıxanım, günbatanım yox.

Arxamca bir ovuc su atanım yox!

Çoxunun cibindən hələ DAŞ çıxır.

***

Sənə yer qoymadım, səhv eyləmişəm,

Qəlbimi dərdlərə rəf eyləmişəm,

Məni ÖLDÜRƏNİ əfv eyləmişəm,

Çünki ya DOST  çıxır, ya QARDAŞ çıxır.

 

…Kəndin ən sakit güşəsi elə qəbiristanlıqdır; burdakıların bir-birinə kin-kidurəti yoxdur! Səssis-səmirsiz məzarlarında uyuyurlar. Baş daşlarına həkk olunmuş ağ-qara, rəngli şəkillərdən mənə boylananlar görəsən “dil” açsaydılar, mənim indiki halıma nə deyərdilər? 1965–1977 – ci illərdə “Çağırış” qəzetinin redaksiyasında şöbə müdiri, məsul katib, sonra redaktor vəzifələrində çalışan və 49 yaşında dünyasını dəyişmiş görkəmli şairimiz Vaqif HüseynovunMızarlardan gələn səs” şeirindən bu misralar yadıma düşür:

“…Burda nə siyasət var, nə də ki bir partiya,

   Hər kəsin vicdanını gətirirlər ortaya.

…Birdən çaşıb soruşma: “Hanı çoxluq və azlıq,

     Hanı yerlipərəstlik, hanı bəs dəstəbazlıq?!

     Torpağın üstündədi saydığın bu bəlalar,

     Yazıq eyvah dirilər, min dərdə mübtəlalar!”

…Qəbiristanlıgı gəzə-gəzə Bağdagül nənəmin məzarı önündə dayanıram. 100 ildən çox yaşayıb. Bəlkə onun uzun ömür sürməsinin bir səbəbi də ömrü boyu qohum-əqraba arasında BARIŞ yaratmağın öhtəsindən müdrükcəsinə gəlməsi idi… Küsülüləri barışdıranda  sevinib- fərəhlənib. Xatirəsinə “Mənim Bağdagül nənəm” kitabımı həsr etdiyim bu müdrik və bəsirətli qadının bir çox bədii əsərlərimdə obrazını yaratmışam. Yazı-pozu bilməsə də, nənəm canlı öyüd-örnək məktəbi idi. “Qoca” deyə xitab etdiyimiz nənəm üç böyük külfətin AİLƏ MƏCLİSİNİN sədirlik edən NƏSİLDƏ GÜC MƏRKƏZİ OLAN QADIN idi. Nənəmin sağlığında nə dədəmlə əmilərimin, nə də 30-dan çox nəvə- nəticəsinin arasında  inciklik olardı. Olanda da bir kəlmə SÖZÜ barışmağa bəs edərdi…

İndi mənim dörd bacımın bişirdiyi xörəklərə elə bil nənəmin əllərinin ətri hopub. Maşallah olsun, pendiri nənəm kimi hazırlayıb, xəmiri də onun kimi yoğuraraq təndirdə çörək bişirirlər. Təkcə nənəmizin BARIŞDIRICI missiyasını həyata keçirə bilmirlər. Mən hələ qardaşlarımı, əmim oğlanlarını, əmim nəvələrini demirəm. Əlhəmdülillah, onların – istər kənddə, istərsə də qürbətdə yaşayanların həmişə xoş sorağını eşitmək arzusunda olmuşam. İndi də ən böyük, ən ümdə arzum onların bir-birləri ilə MEHRİBAN olmasıdır. Mehribançılıq olan ocağa Allah da ruzi-bərəkət verər. Əlbəttə, indiki ÇƏTİN zamanda bir çox ARZUM kimi, bu istəyimin də baş tutmayacağının FƏRQİNDƏYƏM… Amma bizdən əvvəlkilər bir-birinə mehriban münasibətdə olublar axı. O rəhmətliklər milçəkdən FİL düzəlyməyiblər, “Yağ dağıldı, palaz batdı” deyə hər sözün başına İP salmayıblar.

Nə isə… “Qohumların düşmənliyi, dostların əziyyəti ilanın zəhərindən də acıdır.” (Həzrət Əli) Bax elə buna görə də mən kənd “səhnəsində” az-az görünsəm də, hamıya bir-birini ƏHV etməsini, bağışlamasını diləyirəm. Əfsus ki, bizim cəmiyyətimizdə şirin arzular, xoş diləkər tarixin nə gedişatını, nə də məzmununu dəyişdirir…

Dəyişdirməsə də, dogmalarıma, dəyərli dost- tanışlarıma böyük  ehtiramla sayğılarımı bildirirəm.  Ulu Tanrıdan hər birinə möhkəm cansağlığı, evlərinə xeyir-bərəkət diləyirəm.

 

Share: