1736-cı ilin fevral-mart aylarında, Novruz bayramı ərəfəsində Muğan düzündə böyük bir qurultay keçirildi… Həmin qurultayın çağırılması ilə Azərbaycan tarixində yeni eranın başlanğıcı qoyuldu və böyük bir dövlətin – Səfəvilər dövlətinin varlığına və onların Azərbaycandakı 200 illik hakimiyyətinə rəsmən son verildi… Bu qurultayın toplanması ilə milli tariximizdə Əfşarlar səltənətinin bünövrəsi qoyuldu.
Bakıxanov yazır ki, qurultay keçirilməzdən öncə Nadir şah Əfşar ölkənin hər bir yanına xəbərlər göndərmiş, bütün vilayətlərdən Muğana-Azərbaycana 100 min adam gəlmişdi: “Bir aydan ziyadə çəkən müşavirə və danışıqlardan sonra, Nadir həzrətləri 1148-ci (1736) ildə, şübat (fevral) ayının 26-da İranın səltənət taxtına oturdu”.
Nadir şah Əfşarın özünü şah elan etməsi ilə Azərbaycanda Əfşarlar sülaləsi hakimiyyətə gəldi. Şah İsmayıl Xətainin yaratdığı dövlətdən fərqli olaraq, Nadir şahın qurduğu dövlət dünyəvi dövlət idi.
Yəni bu sülalənin hakimiyyətində dini dəyərlər, təriqət amilləri ön planda deyildi. Bu da Səfəvilərlə Əfşarlar sülaləsi arasındakı başlıca fərq idi. Lakin buna baxmayaraq, Nadir şah Əfşar islam dininə, xüsusən də Azərbaycan ərazisində geniş yayılan şiəlik təriqətinə böyük həssaslıqla yanaşırdı. Tarixi qaynaqlarda yazıldığına görə, Nadir şah 1741-ci ildə Dağıstandan hərəkət edərək Bağdad yaxınlığına gəlir. Burada olarkən Bağdad hakimi Əhməd Paşaya məktub göndərir və Həzrət Əli (ə) ilə İmam Hüseynin (ə) qəbirlərini ziyarət etmək istədiyini bildirir.
Əvvəlki səfərlərindən birində Nadir Şah Həzrət Əlinin (ə) məqbərəsinin təmiri və bəzədilməsi üçün göstəriş vermişdi. Bu məqsədlə 50 min xalis əşrəfi ayırmışdı ki, məqbərənin qübbəsi və eyvanı qızılla örtülsün. Tikinti işləri Məhəmməd Hüseyn bəy Qulama və Qəzvinli memar Ağa Nəcəfə tapşırılmışdı. İşçilərin əməkhaqqını ödəmək üçün isə əlavə 6 min tümən ayrılmışdı. Dağıstanda olarkən Nadir Şaha bu işlərin gedişi ilə bağlı xəbər verilmişdi. Bu səbəbdən Nadir Şah həmin müqəddəs məkanı bir daha ziyarət edib görülən işlərlə yerində tanış olmaq istədi.
Ziyarət zamanı şah əvvəlcə İmam Hüseynin (ə) məqbərəsinə baş çəkdi. Kərbəla şəhidlərini ziyarət etdi, dini adətlərə uyğun olaraq onları yad etdi. Ziyarətgahın xidmətçilərinə və mövləvilərinə nəzir və hədiyyələr payladı. İmam Hüseynin (ə) qəbri zərli və qiymətli parçalarla bəzədildi. Hindistanda hazırlanmış 12 böyük çilçıraq (qəndil) İmam Hüseynin məqbərəsinə bağışlandı və bu çilçıraqlar məqbərənin qübbəsinə asıldı. Nadir Şah üç gün ərzində orada ibadət etdi, ehsan verdi, xidmətçilərə xüsusi diqqət göstərdi. Ziyarətdən dönərkən göstəriş verdi ki, məqbərənin qübbəsinin altındakı aynanın kənarına qırmızı mina bərkidilsin. Onun fikrincə, güzgüdə əks olunan bu qırmızı rəng İmam Hüseynin (ə) şəhid olduğu zaman axıtdığı qanı simvolizə etməli, ziyarətə gələnlərin qəlbini riqqətə gətirməli idi…
Mənbə: Aləm Ara-ye Naderi, cild II, s. 886. Mehman Süleymanov, Nadir Şah Əfşar, s. 685
















