“Məsuliyyətli bir adamın dostuna cavabdehliyi” Və yaxud “Qarabağ”la Hikmət Rəhimovun filmlərinin eyniliyi haqda bir neçə söz

“Məsuliyyətli bir adamın dostuna cavabdehliyi” Və yaxud “Qarabağ”la Hikmət Rəhimovun filmlərinin eyniliyi haqda bir neçə söz

Aydın CAN 

Peşəkar yazıçılar və jurnalistlər o əsəri-yazını uğurlu hesab edirlər ki, İLK CÜMLƏ həddən artıq uğurlu olur: futbolda lap erkən, ilk saniyələrdəki, elə topa ilk toxunuşdan sonrakı qol kimi!

Belə incə ştrixlər peşəkarlığın qənirsiz sübutu sayılır.

Kinoda bilmirəm, o Oskar-zad verənlər konkret nəyə, hansı prizmadan hansı keyfiyyətə üstünlük verirlər, baxmayaraq ki, münsiflər bəlli şərtlər nominasiyasında fikirlərini əsaslandırırlar, fəqət… mən sizə ÖZ kinomuzdan danışmaq istəyirəm: adı “Səkkiz” olan 12 seriyalı dedektiv-kriminal filmdən.
Hamını kölgədə qoyan, həm də hamıya kölgə salan Hikmət Rəhimov
İlk seriyadaca, belə yekəxana çıxmasın, Sözünü deyib, möhürünü vurub!
I KADR – dublsuz
“Səkkiz” serialının ilk seriyasına baxmağa hazırlaşarkən, məhz jurnalist kimi və futbol azarkeşi olaraq, özümü “ilk cümlə”-“erkən qol”a köklədim!
“Visa” zalında kifayət qədər intellektual tamaşaçı toplumuna hörmətimdən yana, özümü zorla saxladım: “ilk cümlə”-“erkən qol”a “Əhsən! Alqış! Yaşa!” hayqırıb alqışlamaqdan!
Çox gözəl giriş, nüfuzetmə və sirayət səhnəsi idi: musiqi – əla! Musiqinin müşayiət etdiyi trayektoriya və təsvir – əla! Kinonun, yəni prosesin baş verdiyi məkan – əla! Kompozisiyadakı hər şey – obrazın yerişi, mühit, zaman, ərazi solğun işıq təqdimatında yarıqaranlıq atmosferdə zülmətə doğru sərt addımlar… gözəl alınıb!
Filmə baxmağa davam etmək olar!
Görək bizə nə təqdim edirlər?
Azərbaycanda hər gün yaşanan, hər gün xəbərlərdə səslənən növbəti faciələrdən biri: qatil meyitlə “oyun çıxarır”!
Hə-ə! Gözəlim Azərbaycan tam da olmasa, qismən BU GÜNDƏdir!
Real həyatda bu yaşantılarla mübarizə qənaətbəxş səviyyədə deyil – bilirik, amma və lakin.. ümid edirik ki, bir çarəsi bulunur, əlbət!
Rejissor… Hikmət Rəhimov problemin çözümünə cəsarət etdiyini bəyan edib: bir dəstə ssenaristlə! Müəyyən bir aktyor heyətiylə!
Azərbaycan teatr və kino gəncliyini az da olsa tanıdığımdan, içimdə bir qırıqlıq yaranır! Necə ki, eyni hissi Qurban Qurbanov üçün yaşamışam!
Hikmət Rəhimov teatr və kino aktyoru, eləcə də rejissor statusunda izlədiyim çox işıqlı personadır, bir çox hallarda, cəsarət edib deyə bilərəm ki, AZSAYLI AKTYOR FAKTURASI olan bir-iki nümayəndəmizdən biridir!
SÖZARASI: Hollivud və klassik rus filmləri istisna olmaqla, bu dəqiqə həm Azərbaycanda, həm də Türkiyədə, eləcə də Rusiyada AKTYOR FAKTURASI defisit olanlar ekranları işğal etməkdə: Türkiyədə nümayiş olunan “Çarpıntı”, “Aynadakı yabançı”, “Eşref Ruya”, “Kıskanma”, “Halef”, “Uzak şehir” seriallarında mimik, dramatik, tragik hiss-emosiya ifadə edən aktyor heyəti qəti yoxdur – hamısı elə bil sintetik kuklalardır, “kauçuk”lar bezdirici bir ovqat yaradır, tarixi janrda çəkilmiş filmlər isə xronoloji saxtalıq və şovinist şöhrətpərəstlik mərəzi ilə çəkilir, ideyadan danışmağa isə dəyməz. Hətta melodramlıq nəyəsə ümid bəsləmək olmur.
“Səkkiz”in nümayiş olunan birinci seriyasında aktyorlar canlıdır, diridir – bəri başdan deyim!
Və… Hikmət Rəhimovun rejissor kimi çözümünə başladığı problemin ilk səhnələrində… ürəkağrıdan, itələyici bir məqam var: o da digərləri kimi, “eybəcər hüqüq-mühafizə təmsilçisi” obrazı təqdim etməkdən qaça bilməyib, hətta bir epizodluq olsa da! Düzdür, söyüşcül, kobud prokuror Elçin az sonra “mum”a dönür: özündən bir rütbə böyük – polkovniklə görüşdən sonra!
ƏSLİNDƏ: şəxsi təcrübəmə və kino tarixinə istinadən deyim ki, PROKURORlar, sözün həqiqi mənasında, heç vaxt tərbiyəsiz olmur, onlar, adətən, leksikonu kübar, savadlı, həqiqəti üzə çıxarmağa çalışan, ədalətin təntənəsinə nail olan femida təmsilçiləri kimi həm həyatda, həm də kinoda özlərini təqdim edə bilirlər! Onların – prokurorların həm həyatda, həm də kinoda İKİ ÜZÜ var. Onların tərbiyəsizliyi, latayır danışığı… PROSESSUAL MƏCƏLLƏlər üstündə qanunlarla manipulyasiyasıdır! “Sprut”da ən dəqiq ifadə edib komissar Kattani: “Ya ne znal, çto amerikanskaya prokuratura kruçe sitsiliyskoy mafii”.
Bir mətn şəkili ola bilər
Bəli, əgər bu serial HMO-larda korrupsiyadan, rüşvətxorluqdan, cinayətkarlığa himayədən bəhs edirsə, onda Hikmət Rəhimova haqq qazandırmaq olar! Ki… bizdə Femida minilir, cinsi təcavüzə məruz qalır, yox, əgər manyaka, psixə çevrilmiş birinin kriminal həyatı lentə alınırsa, həmin kadr montaj oluna bilər, zatən də prokuror Elçinin ilk davranışından imtina olunur elə birinci seriyada və bu, böyük uğurdur! Yeri gəlmişkən, deyim ki, Hikmət Rəhimovun həm də ən böyük uğurudur ELÇİN adında prokuror təqdimatı – ölkədə ən müxtəlif səviyyələrdə Elçinlərdir prokuror: özündən bir rütbə yuxarının hüzurunda quzu balası, özünə tabe və münasibət asılılığı olanlarla canavar rəftarı!
Keçmiş olsun – kadrı keçək!
Azərbaycan filmlərinə – seriallarına baxanda 45-50 dəqiqənin tam 20-25 dəqiqəsi ixtisarlıq dialoqlar, anlamı olmayan səhnələr, heç bir tərbiyəvi, duyğusal, epizodik (fəlsəfi demirəm – bizdə fəlsəfəsi olması ilə öyünə bilən bircə serial da yoxdur!) təəssüratı olmayan korlanmış lent materialına rast gəlirsən! Amma neyləyə bilərik ki – biz tamaşaçıyıq, bizə təqdim etdikləri də yesən də “bu”dur, yeməsən də!
“Səkkiz”in ilk seriyasında BİRCƏ SANİYƏ belə artıq nəsə görmədim: hər kadr kifayət qədər İNFORMASİYA bolluğu ilə yüklənib – lent irəlilədikcə ekrana gələn hər şey anlam daşıyır!
Səhnədən səhnəyə keçidlər o qədər zərif, geridönüşlər – keçmişə və bu günə – o qədər ağrısız və rahat, orbitə qayıdış – nostaljidən reallığa – o qədər yerində ki, hiss edirsən ki, doğrudan da həyat film kibi!
YƏNİ: “Səkkiz”in birinci seriyası film həzzi vermək gücündə!
II KADR – dublsuz
“Titanik” filmi kim üçün nədir, kim niyə onu o qədər mükafata layiq görüb, nə üçün filmdəki aktyorlara o qədər dəyər verilir, hərə özü bilər, mənim üçün film bir məqama görə dəyərlidir: kütləvi ölüm halında DAHA BİR adam xilas tapsın… ölümdən! Orkestrin ifa səhnəsi – musiqiçilərin ölümdən xilasa vəsilə olması, Cekin əldə olan bircə taxtanı sevgilisinə verməsi, sevgilisinin taqətsiz halda “Cek! Cek!!! Cek…” gücsüzlüyü, varlı sərnişinin xanımına müraciətlə “biz bu dünyada hər şeyi görmüşük, qoy o xilas olsun” humanizmi və s. Üstəlik də gəmi mühəndisinə verilən “bəs deyirdiniz bu gəmi heç vaxt batmaz” sualına cavabı: “Elm təbiətin gücü qarşısında acizdir – bunu nəzərə almamışdım!”.
“Pianoçu” filmi də mənim üçün bu anlamı ilə qiymətlidir – ilkin təşviq… kütləvi ölümlə üzləşəndə, DAHA BİR nəfərin xilası üçün çalışmaq!
YAXUD DA: Stiven Spilberqin filmlərində üstünlük təşkil edir: Qərbin fiziki-texnoloji-hərbi gücü Şərqin fəlsəfəsini – ağlını və müdrikliyini həmişə məğlub edəcək!
Əlbəttə ki, bu, təbliğat üçündür – dövlətin maliyyələşdirdiyi!
Bizdə Hikmət Rəhimova kim yardımçı olubsa, sağ olsun! Niyə bu filmin araya-ərsəyə gəlməsinə yardımçı olana-olanlara təşəkkür edirəm, deyim:
Xarici filmlərdən fikir və mahiyyəti, az da olsa, çatdıran məqamları dedim, bəs “Səkkiz” nə üçün haqq edir?!
Hikmət Rəhimovun canlandırdığı qatil… prokuror Elçinin istintaq zamanı sərgilədiyi səmimiyyətin qarşılığında bir ifadə səsləndirir: “Məsuliyyətli bir adamın dosta cavabdehliyi!”
“Səkkiz” serialı təkcə bu bircə fikrə görə, bütün mükafatları, alqışları və sevgini haqq edir!
Belə möhtəşəm girişə və fikrə – “ilk cümlə”-“erkən qol”a pribaltların “Dolqaya doroqa v dyunax” filmində rast gəlmişəm!
ƏGƏR qalan 11 seriya da bu möhtəşəm fikrin üstündə davam edəcəksə – bütün qətllər bu prinsipin üzərində həyata keçiriləcəksə, – Hikmət Rəhimovun dediyi kimi, elə adamlar var ki, onların olmağından olmamağı yaxşıdır, – əsas olacaqsa, indidən rahat ekran qarşısında oturub, hər həftə baxa bilərik! Həftəarası intizarı haqq edir Hikmət Rəhimov filmi ilə!
III KADR – dublsuz
Hal-hazırda rejissor Hikmət Rəhimov həm oynadığı rollar, həm də çəkdiyi filmlərlə məni çox düşündürür – bir vaxtlar tələbə yoldaşlarımdan biri mənim haqqımda deyirdi ki, Aydın çoxdandır çempionlar liqasında oynayır!
Bax, indi Hikmət Rəhimov da çoxdandır “çempionlar liqası” səviyyəsində oynayır: istənilən filmi ilə arenaya çıxa bilərik: eynən “Qarabağ” kimi. Necə ki, “Qarabağ” “Benfika”nı, “Bryügge”ni və başqalarını həm öz, həm də onların meydanında uddu, eləcə də Hikmət Rəhimov. Qurban Qurbanov nə dərddədirsə, Hikmət Rəhimov da həmin “dərd”dədir: ola bilsin, Hikmət Rəhimovun da bel bağladığı “Nəriman”ı, “Toral”ı, “Elvin”i-filanı ola bilər, elə “oynayarlar”, qapılara vurulmamış qollar – layiqincə oynanılmamış rollar “Səkkiz”i – adına uyğun olaraq, böyrü üstə çevirər, sonsuzluq – qısırlıq yaşadar!
Amma istənilən halda gözünüzün qabağına bircə anı belə artıq olmayan, ixtisarlıq kadrı ələ gəlməyən, mövzusu tükürpədici, hadisələri qan donduran, insanlıq lövhələri həddən artıq duyğusal bir SERİYA gətirin – elə ilk seriyadanca ardını izləməyə hövsələsizlənirsən!
IV KADR – dublsuz
Hər bir film məxsus olduğu xalqın danışıq dilidir, təbiətidir, ölkəsidir, qanunlarıdır, kurallarıdır və demoqrafik təzahürüdür. Baxır kim necə təqdim edə bilir.
Hazırda Türkiyədə və Rusiyada serialların ana xəttini ailə-uşaq institutu təşkil edir: nə olur, olsun, ailə qorunsun, dünyaya uşaq gəlsin – imperiya xislətidir!
Azərbaycan imperiya və imperiya varisi deyil! Müstəmləkə boyunduruğundan çıxıb, işğala məruz qalıb, 30 ilə ərazi büqtövlüyünü təmin edən… inkişaf etməkdə olan ölkələr sırasındadır! Di gəl ki, elmlə, texnoloji sıçrayışlarla irəli atılmaqdansa, Amerikanın 20-ci əsrin əvvəllərində, Rusiyanın 20-ci əsrin sonlarında yuvarlandığı kriminal ortama – cinayətkar topluma əsarətə yuvarlanmaqda.
Bu baxımdan, Hikmət Rəhimovu həm rejissor, həm ssenari həmmüəllifi, həm də aktyor kimi niyyətinə və işinə görə alqışlayıram!
Ümid edirəm ki, Azərbaycan dövlətinin qanunlarına, Azərbaycan xalqının kurallarına, bu ölkənin və xalqın rəsmi və danışıq dilinə sayğı ilə yanaşılıb filmdə! Ona da inanıram ki, oyuna qətllə başlayan, “dispanser uçotunda olan” “Hikmət Rəhimov” sonda “məsuliyyətli bir adam kimi, dostuna cavabdehliyi”nə görə etdikləri üçün xalqın sevimli bir xilaskar obrazı olacaq: DAHA BİR ADAM XİLAS OLSUN – getdikcə kriminallaşan cəmiyyətdə!
Serial mükafatlar alanda təbrik edəcəyimə əminəm, bir şərtlə ki, Hikmət Rəhimovun “Nəriman”ı, “Toral”ı, “Elvin”i “podvodit” eləməsə!
Söz verirəm: 12-ci seriyadan sonra bu yazını redaktə edərəm: kino dili ilə desək, yanlış nəsə olsa, montaj edərəm!
Seyrə davam!
Share: