Cəlilabad ədəbi mühitinin xanım nümayəndələrindən olan şair Pərvanə İsgəndərqızının yeni nəşr edilmiş “Məndən xəbərsiz” (Şeirlər toplusu) adlı kitabı ilə yaxından tanış olduqdan sonra onun haqqında müəyyən qeydləri qələmə almaq qərarına gəldim. Burada həmin qeydləri təqdim edirəm:
1. “Məndən xəbərsiz” şeirlər kitabı 2025-ci ildə Bakı şəhərində “Elm və təhsil” nəşriyyatı tərəfindən 60х84 1/16 kağız formatı və 100 tirajla işıq üzü görmüşdür. 96 səhifədən ibarət olan kitab müəllifin indiyədək çap olunmuş ilk kitabıdır. Onun üz qabığı gözəl və mənalıdır.
Müəllif kitabı əziz və sevimli atasına ithaf etmişdir. Kitabın redaktoru AYB və AJB-nin üzvü şair-publisist Arzu xanım Əyyarqızı, məsləhətçi redaktor və korrektoru isə fəlsəfə üzrə fəlsəfə doktoru, AYB və AJB-nin üzvü, yazıçı-publisist İlqar İsmayılzadədir.
Kitabda İ.İsmayılzadənin ön sözü və müəllifin müqəddiməsinin ardınca müəllifin müxtəlif mövzularda qələmə aldığı şeirləri yer almışdır.
2. “Səndən xəbərsiz” kitabında ümumilikdə 80 şeir və 185 bənd mövcuddur. Kitabda yer alan “Yar”, “Ürəyim”, “Ömrüm uzansın”, “Sakindir” və s. adlı şeirləri iki bənddən ibarətdir. “Sakindir” şeirində bir bənddən əlavə daha iki misra yazılıb. “Sənindir” şeiri isə altı misaradan ibarətdir.
3. Kitabda təqdim edilən 80 şeirin əksəri iki bənddən, bir qismi yalnız bir bənddən və çox az sayda şeirlər üç və dörd bənddən ibarətdir.
4. Kitabın ilk “Düz deyirlər” şeirindən sonuncu “Aman” şerinə qədər olan şeirlərin doxsan faizi sınmış və ya sındırılmış məhəbbətə, uğursuz sevgiyə, nakamlaşmış və sönükləşmiş eşqə aiddir.
“Doğma sevgimə özgə deməzdim,
Sənin tək aşiqin olsaydım əgər.
Saf olan sevgimə qurban gedərdim,
Sevməzdim kimsəni gəzib dərbədər”.
Şairə bu bənddə sevənin tərəf müqabilə nisbətən etibarlı olmadığını bəyan edir.
5. Kitabda yer alan “Könlümə muğam danışır” şeiri də diqqət çəkəndir. Bu şeiri oxuyanda görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin muğamlar haqqında yazdığı təhlili şeiri yada düşür. Əlbəttə ki, Pərvanə xanım Bəxtiyar Vahabzadə ola bilməz.
Həmin şeirdə “Muğamdır eşidən ruhun səsini” misrası və “Anamın laylası beşiyim üstdən – Bəlkə muğamatı eləyir bəyan” beyti gözəldir.
6. “Əzabdır” şeirinin “Pərvanə alovda yarın axtarır,
Alovu söndürmək bil ona ahdır”. beytində isə klassikliyin təzahürü mövcuddur.
7. Pərvanə İsgəndərqızı “Məhəbbət hissi” şeirində yer almış “Məhəbbət hissini poza bilməz nifrət, kin” misrasında nifrət ifadəsindən istifadə edilir.
Nifrət həyatda yeganə hissdir ki, onun saxtası mövcud deyil. Sevgidə, məhəbbətdə və eşqdə saxtakarlıq və riyakarlıq olur. Lakin nifrətdə belə deyil.
8. Şairin qələmə aldığı və işıq üzü görmüş bu şeirlər toplusunda bayatı üslubunda yazılmış şeirlər də yer almışdır. Buna misal olaraq “Əzizim”, “Yar” və “Sarı saçlım” şeirlərini göstərmək olar.
9. Pərvanə İsgəndərqızının həm də işıq üzü görmüş kitabının adını daşıyan “Məndən xəbərsiz” adlı şeiri təqdirəlayiqdir. Bu şeirdəki “Ümidlər kül oldu, közdən xəbərsiz” misrası və “Beləcə ayrıldıq yol ayrcında, Məni məndən aldın, məndən xəbərsiz” beyti hədəfi tam onluğa düşəndir.
10. “Məndən xəbərsiz” şeirlər kitabında 2 şeir anaya, 2 şeir də ataya həsr olunub. Kitabın sonunda yer almış şeir isə “Amandır” adlı şeirdir. Həmin şeirdə sevənin öz sevgilisini hələ də onu sevdiyinə inandığı bildirilir: “Gəl, insafa, sevgilim, Sevgini gizlətmə, aman”…
Sonda şairə xanım Pərvanə İsgəndərqızını yeni nəşr olunmuş şeirlər kitabı münasibəti ilə ürəkdən təbrik edir, ona yeni və davamlı uğurlar diləyirəm!
Cahangir Muradov
Kitabxanaşünas, ədəbiyyatçı,
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi
Cəlilabad şəhəri,
14.10.2025
















