Musiqi – içimdəki xarabalığın bayquş səsi ilə qarışmış akkordudur – Tural BALABƏYLİ

Musiqi – içimdəki xarabalığın bayquş səsi ilə qarışmış akkordudur – Tural BALABƏYLİ
Sınıq pəncərənin küncündə qalan şüşə parçası kimi,
mən də yarımçıq qalmış bir varlığam.
Siqaret tüstüsü sinəmə deyil, xatirələrimə çökür,
içki stəkanında isə gecənin paslı aynası parlayır.
Sevgi – bəzən yalnız öpüşün qısa bir illüziyasıdır,
xəyanət isə ay işığında qaranlıqla sevişən qadın kimi
ruhuma paltarını geyindirmədən girib çıxır.
Həsrətim – darıxmaqdan doğulmuş yetim bir uşaqdır,
həyatımın qucağında ağlayır,
amma heç kim o səsi eşitmir.
Ahmet Kaya oxuyur uzaqlardan,
sanki qəlbimin daş divarlarını sökmək istəyir.
Musiqi – içimdəki xarabalığın
bayquş səsi ilə qarışmış akkordudur.
Tənhalıq isə elə bir teatrdır ki,
orada tamaşaçı da, aktyor da, pərdəarxası da mənəm.
Bir it hürür küçə lampasının işığında,
qarğalar isə qanadlarını sümüklərimin üstündə çırpır.
İlan yaddaşımda sürünür,
amma dişlədiyi yer ürəyimdir.
Qaranlıq mənim yataq otağımdır,
intim duyğularım isə gecənin paltarında
özünü gizlədən təmiz bir günəş kimi yanır.
Can deyirəm – içimdən qopan fəlsəfi çığırtı,
canım deyirəm – ölümümdən əvvəl söylənmiş son dua kimi.
Həyat bir faciədir,
həyatım isə onun kulminasiyasında yıxılan qəhrəman.
Gecə – məni ayın qaranlıq üzü ilə öpür,
sabah isə xəyanətin soyuq nəfəsi ilə doğulur.
Mən varlığın içində əsir,
yoxluğun içində azadlıq xəyalları ilə yanan bir kölgəyəm.
Pendiri dişləyən ac qarğa kimi,
sümüklərimdə sevginin qalıqları qırılır.
Və mən anlayıram ki,
bütün bu həsrət, bütün bu ayrılıq,
bütün bu qaranlıq –
mənim poeziyamın deyil,
mənim varlığımın ta özüdür.
Share: